SEÇMƏ

“İran radikal dindarları təxribat-terror törətməyə qədər yönləndirə bilər”

Sual: İlham bəy, İran Ermənistan münasibətləri son vaxtlar pik həddədir. Sizcə, niyə  İran Ermənistana görə Azərbaycanla münasibətlərini korlamağa çalışır?

Cavab:  İranla Ermənistanın münasibətlərinin pik həddi hələ qarşıdadır. Necə ki, Qarabağ münaqişəsində tamamlanmayan, bitməyən işlər qalıb, İran bu vəziyyətdən Ermənistanın xeyrinə maksimum çalışacaq. Məsələ yalnız Qarabağ ermənilərinə və Ermənistana yanacaq, məişət materialları, ilkin tələbat malları daşımaqla, Ermənistandan mis konsentrantları alıb gətirməklə bitməyəcək. Düşmənin bizim torpaqlarda təxribat törətmələrinə istiqamət verəcək qədər işlər çevirəcəyi İranın indiyədək apardığı siyasətin məntiqi davamı kimi də gözlənilən idi. Bu siyasətin tarixi kökləri var. Hətta SSRİ dövründə belə, İran rejimlərinin ( şahlıq dövründə də, mollaların hakimiyyətində də) Azərbaycana münasibətinin qeyri-səmimi olması gizli deyildi.  Müstəqillik qazandıqdan sonra isə İranın Azərbaycan Respublikasına münasibəti səmimilik müstəvisində deyil, müstəqilliyimizə son verə biləcək fəlakətlərə dolayısı, bəzən də birbaşa dəstək şəklində oldu. Səbəb də milyonlarla soydaşımızın yaşadığı Güney Azərbaycandır. Güney Azərbaycan müstəqil Azərbaycan Respublikasını doğma bir dövləti kimi görür, milli hisslərini həmişə ayaqda tutur. 44 günlük müharibədən qələbə ilə çıxdığımız gündən İran narahatdır. Müstəqil Azərbaycanın güclü, problemsiz, bölgənin lider respublikasına çevrilməsini İran qəbul edə bilmir. Ona görə də bizi hələ də narahat edən və gərginlikdə saxlayan düşmənin yanındadır. Üzdə açıq şəkildə münasibətləri korlamaq istəmədiyini diplomatik gedişlərlə örtmək istəsə də, hərbi gücünü nümayiş etdirməkdən belə çəkinmir.

Sual: Sosial mediada İrandan olan yükdaşıyan avtomobillərin sənədlərində  “Stepanakert Armenia” yazıldığına dair faktlar paylaşılmışdı. Sizcə, İran bununla nə demək istəyir? Bu İranın  “biz Xankəndini Ermənistanın şəhəri kimi tanıyırıq” mesajı ola bilərmi? 

Cavab: Bu fakt hətta hansısa şirkətin məqsədyönlü təxribatı olsa da, sərhədi keçəndə xüsusi diqqətliliyi ilə tanınan İran xüsusi xidmət orqanları nədən bu təxribatın qarşısını almayıb? Deməli, ölkənin siyasəti budur. Müharibədən əvvəl işğal olmuş torpaqlardan-Cəbrayıldan, Zəngilandan keçib Xankəndiyə mal daşımaqlarını, bizim yurd yerlərindən də evləri söküb gətirdiklərini anladıq. Bəs, indi Ermənistan sərhəddini keçib, təzədən hələ nəzarət edə bilmədiyimiz torpaqlarımıza daxil olmaq, hələ yol sənədinə də “Stepanakert Armenia” yazdırmaq nədir? Cəmi üç gün əvvəl İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə qonşu dövlətlərin ərazi bütövlüyünü qəbul edirik dedi. İran səhv etdiyini, beynəlxalq hüququ pozduğunu, sürücülərinin sərhəddimizi qanunsuz keçdiyini də bilir. Ona görə Bakıdakı səfiri qısa müddətdə üç rəsmi görüş keçirir,  XİN sözçüsü ərazi bütövlüyündən danışır. Səmimidirlərmi? Şəxsən mən İranın Qarabağ məsələsində bizim maraqlarımızı sonadək gözləyəcəyini az ehtimal edirəm. 

Sual: Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsinə  Azərbaycanın nəzarəti sərtləşdikdən sonra  Paşinyan deyib ki, Ermənistan MDB müqavilə-hüquq bazasında qeyd edildiyi kimi, xarici yüklərin ölkə sərhədini keçərkən gömrük, pasport məntəqələrindən və digər məntəqələrdən keçməli olması faktını qəbul edir. Normal yanaşmadır. Buna baxmayaraq İran yenə əməllərindən əl çəkmir. Nədir məqsəd?

Cavab: Qafan-Gorus yolunun 21 kilometrlik hissəsi Azərbaycanın ərazisindən keçir. Paşinyan hələ müharibə bitən gündən bu ərazinin Azərbaycana aid olduğunu təsdiqləyib. Yolun bu hissəsində Azərbaycanın yoxlamalar keçirməsini və xarici maşınların gömrük rüsumuna cəlb edilməsini İran gözləmirdi. Ona görə ki, biz həmişə İranla ehtiyatla, yumşaq davranmışıq. Naxçıvana gedən quru yola görə biz əlavə problemlər yaşamamaq üçün İranın bəzi kaprizlərinə səbr etmişik, amma səbrin də bir sərhədi var. İran onu tapdalayır, bizim də cavab vermək haqqımız var. İranın məqsədi Ermənistanı bacardığı qədər iqtisadi, siyasi baxımdan dəstəkləməkdir, baxmayaraq ki, özü sanksiyalar altındadır, yenə də bu siyasəti aparır, çünki bilir ki, Ermənistanla əlaqəyə görə nə ABŞ, nə Avropa İttifaqı, nə də başqa bir kəs İranı qınaya bilər. Heç Ermənistana da İranla əlaqəsinə görə həmin ölkələr irad bildirmir. Deməli, biz sərhədlərimizə, xüsusilə hələ də nəzarətimizdə olmayan Laçın dəhlizinin başındakı dövlət sərhədinə sülhməramlılarla birgə nəzarət etməyi gündəmə gətirməliyik. Əks halda, buradan çox üçüncü dövlət(lər)in yükü və vətəndaşı keçəcək və nəticələri bizim üçün təhlükəli ola bilər.

Sual: Bu yaxınlarda Azərbaycan rəsmi formada İrana nota verdi. Avtomobillərinə nəzarət gücləndi. Rüsum tətbiq olundu. Daha nə etmək olar ki, İran bu kimi əməllərindən əl çəksin?

Cavab: Bu istiqamətdə güzəştsiz, sərt siyasəti davam etdirmək lazımdır. Amma, bizim zəif tərəfimizdən İran yenə istifadə edə bilər. Yol vərəqəsində Ermənistanın istənilən məntəqəsini göstərib yoxlamadan keçər, rüsumu ödəyib yola davam edə bilər. Sonra yenidən Laçın istiqamətində Azərbaycan sərhədini keçib Xankəndiyə gedə bilər. Nömrələri dəyişə bilər. Hətta ermənilər alternativ yolun noyabrın sonunadək istifadəyə veriləcəyini deyirlər. Tutaq ki, lap ilin sonunda yol hazır oldu və bizim 21 km-lik əraziyə daxil olmadılar. Bəs, Xankəndiyə gedən yolu nə edək? Bir daha təsdiq olunur ki, indiki situasiya effektli təzyiq vasitəsi olsa da məsələnin həlli deyil.  Təkrar edirəm, biz Laçın yolundakı dövlət sərhədinə sülhməramlılarla birgə nəzarət məsələsini Rusiya qarşısında gündəmə gətirməliyik. Təəssüf ki, bu istiqamətdə rəsmi mövqelərimiz indiyədək olmayıb. Sülh danışıqlarının, sərhədlərin müəyyənləşdirilməsinin başlanması və tezliklə nəticə verməsi az ehtimal olunan perspektivdir. Biz qeyd olunan sərhəddə nəzarətimizi yaratmalıyıq. 

Sual: Sizcə, Iran bilərəkdən və istəyərəkdən bunu edirmi? Hazırda Azərbaycanla sərhəd hissələrdə təlimlərə başladığı ilə bağlı mediada xəbərlər yayılıb. İran güc nümayiş etdirməyə çalışır? Onu qıcıqlandıran nədir? 

Cavab: İranın bizim sərhəd boyunca hərbi təlimlərə başlaması AzərbaycanTürkiyə birgə hərbi təlimlərinə, son günlər isə Pakistanın da bu təlimlərə qoşulmasına cavabdır. İran güc nümayiş etdirir və bununla guya bizi çəkindirməyə çalışır. Əlavə olaraq, artıq İran öz Jirinovskilərini meydana salır, Ərdəbil məscidinin ayətullahı Seyid Həsən Amuli bizi SEPAH-la hədələyir. Türkiyənin siyasi, iqtisadi, hərbi baxımdan Azərbaycana dəstəyi və tədricən də Cənubi Qafqaza təsiri İranı da, Rusiyanı da narahat edir. Ona görə maksimum çalışırlar ki, Azərbaycana müxtəlif vasitələrlə təzyiq etsinlər. İranın sərhədboyu təlimləri də bu məqsədə xidmət edir. 

Sual: Ümumiyyətlə, İranla münasibətlər necə qurulmalıdır?

Cavab: İran qonşu dövlətdir, bizim milyonlarla soydaşımız orada yaşayır və bizi müəyyən tarixi, mədəni köklər birləşdirir. Çox istərdik ki, İranla ən azı səmimi münasibətlər olsun. İranla ehtiyatlı siyasət aparmaq da vacibdir. Nəzərə almaq lazımdır ki, dini zəmində Azərbaycanda kifayət qədər İranı dəstəkləyən qüvvələr var. İran yeri gələndə onların düyməsini basa bilir. General Qasım Süleymaninin ölümü ilə bağlı sosial şəbəkələrdəki əhval-ruhiyyə yaddan çıxmayıb. İran radikal dindarları təxribat-terror törətməyə qədər yönləndirə bilər. Ona görə İranla müəyyən ehtiyatlı davranış zəruridir. Amma, İranın indiki siyasəti bunun əksini göstərir. Ona görə də bizim maraqlarımızın qırmızı xətləri var və İran bilməlidir ki, nə qədər Azərbaycandan böyük olsa da, biz o xətlərin keçilməsinə imkan verməyəcəyik. Türkiyənin Azərbaycandakı yeri və mövqeyi ilə barışmalı və arxamızda Türkiyə başda olmaqla başqa güclərin də olduğunu bilməlidir.

Kamran Mahmudov

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button