SEÇMƏ

Keçmiş mühacir Malik Rzayevə hökm oxunub

Yayımlandı: 28 Sentyabr 2022 15:35

Polis şöbəsində döyüldüm, şpaqat açmağa məcbur edildim, zorlanmaqla hədələndim…”

Almaniyadan Azərbaycana deportasiya olunandan az sonra həbs olunan 6 nəfərdən daha birinə – ictimai fəal Malik Rzayevə hökm oxunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmüylə o, narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib.

Cinayət işinin materiallarında iddia olunur ki, Malik Rzayev saxlanılarkən cibindən narkotik tapılıb. Malik Rzayev isə bu ittihamın saxta olduğunu, Almaniyada olarkən sosial mediada Azərbaycan hökumətini tənqid edən paylaşımlarına, insan haqlarının pozulması, siyasi məhbuslarla bağlı etiraz aksiyalarında iştirakına görə cəzalandırılıb.

Narkotikin cibinə polislər tərəfindən atıldığını deyən Malik Rzayevin sözlərinə görə, ona aidiyyəti olmayan cinayətlə bağlı etiraf ifadəsinə imza atmaq üçün ağır işgəncələr verilib. Onun sözlərinə görə, Sumqayıt Şəhər Polis İdarəsində döyülüb, şpaqat açmağa məcbur edilib, zorlanmaqla hədələnib.

Malik Rzayevin vəkili Nemət Kərimli də ittihamın əsassız olduğunu, müvəkkilinin hüquqlarının pozulduğunu bildirib. Onun sözlərinə görə, Malik Rzayevin yaxınlarıyla müqavilə bağlayıb, vəkili olduğu halda, uzun müddət onunla görüşə bilməyib. Bu müddətdə Malik Rzayev bir neçə dəfə istintaq təcridxanasından çıxarılıb aparılıb. Müdafiəçi vurğulayıb ki, bütün bunlar müdafiə hüququnun kobud şəkildə pozulmasıdır.

Nemət Kərimli də çıxışında, Malik Rzayev özü də son sözündə bəraət hökmü çıxarılmasını istəyib. Lakin hakimlər onun haqqında 7 illik həbs hökmü çıxarıb.

Malik Rzayevin yaxınları bildirib ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən apelyasiya şikayəti veriləcək.

Almaniyadan deportasiya olunandan sonra ictimai-siyasi fəallardan 6 nəfər həbs edilib. Onların əksəriyyətinə narkotik, birinə isə xəsarət yetirmə ittihamı verilib. Malik Rzayevdən əvvəl Pünhan Kərimliyə də narkotik ittihamıyla hökm oxunub. Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü olan Pünhan Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 6 il azadlıqdan məhrum edilib. Onun haqqındakı hökmdən verilmiş şikayətə hazırda Bakı Apelyasiya Məhkəməsində baxılır.

Həbs olunan fəallar şərləndiklərini deyirlər. Daxili İşlər Nazirliyi isə bu barədə səslənən fikirlərin əsassız olduğunu bəyan edib.

Meydan TV

Gözdən qaçırmayın:  Keçmiş məktəb direktoru: “Təhsil şöbəsinin müdiri məni intihar həddinə çatdırıb”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button