SEÇMƏ

Keçmiş nazir: “Rusiya ilə məsləhətləşmələr planı adi iş üslubudur”

Yayımlandı: 6 Dekabr 2022 15:00

AXCP sədri isə “XİN-lərarası Məsləhətləşmələr Planı”nı ikiüzlü siyasət sayır

AzərbaycanRusiya arasında məsləhətləşmələr planı yeni bir şey deyil, adi iş üslubudur. Bu cür planlar başqa ölkələrlə də hər il imzalanır, özündə işləri planlaşdırmağı ehtiva edir”.

Bunu sabiq xarici işlər naziri Tofiq Zülfqarov Moskvada Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiyanın XİN başçısı Sergey Lavrovun dekabrın 5-də imzaladığı “2023-2024-cü illər üzrə XİN-lərarası Məsləhətləşmələr Planı”nı Meydan TV-yə şərh edərkən deyib.

Tofiq Zülfüqarovun sözlərinə görə, sənəd işçi əlaqələrin qurulmasının bir formasıdır:

“Bəzi razılaşmalar var ki, ildə bir dəfə xarici işlər nazirliklərinin səviyyəsində rəsmi səfərlər həyata keçirilir. Məsləhətləşmələrdə geniş tərkibdə olan nümayəndə heyətləri, müxtəlif departamentləri təmsil edən və istiqamətləri müəyyən edən rəislər də iştirak edir”.

Tofiq Zülfüqarov, Foto: Axar.az

“Hər bir departamentin rəisinin öz sahəsinə uyğun olaraq məsələlərin müzakirəsi təmin olunur. Bura çoxtərəfli və ikitərəfli diplomatiya daxildir. Yəni qəbul olunmuş forma olduğundan və başqa ölkələrlə də belə planlar mövcuddur. Beynəlxalq təcrübədə də bu üslubdan istifadə olunur”, – deyə o bildirib.

AXCP sədri Əli Kərimli imzalanmış sənədə “diplomatiya, yoxsa ikiüzlü siyasət” sualı rakursundan yanaşıb.

Bu barədə AXCP sədri “Facebook” səhifəsində yazıb:

“Dövlət televiziyasında Rusiyanı işğalçı adlandırır, Qarabağdakı Rusiya “sülhməramlılarını” erməni silahlılarını qoruduğuna, Azərbaycan əsgərinə qumbara atan erməni terrorçunu məsuliyyətdən yayındırdığına, Azərbaycan qanunlarına əməl etmədiyinə, Laçın dəhlizi vasitəsilə erməni silahlılara hərbi texnika gətirdiyinə və “hər cür hoqqadan çıxdığına” görə ittiham edir, sonra da xarici işlər naziri Ceyhun Bayramov Moskvada Lavrovun hüzurunda “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasındakı roluna görə” Rusiyaya minnətdarlıq edir. Bununla da kifayətlənməyib Lavrovla “Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı” imzalayır”.

Əli Kərimli sual edir ki, Azərbaycan nəyə görə bir başqa ölkə ilə yox, məhz Rusiya ilə xarici siyasətini “məsləhətləşəcək”, koordinasiya edəcək:

Əli Kərimli
Foto: Meydan TV

“Bu nədir, Rusiya Azərbaycanı idarə edənləri girov götürüb ki, biz xarici siyasətimizi dünyadan təcrid olunmuş bu işğalçı ölkə ilə uzlaşdıraq? Aydın məsələdir ki, Ceyhun Bayramov İlham Əliyevin tapşırığını yerinə yetirir. İlham Əliyev özü hər fürsətdə Qarabağdakı Rusiya “sülhməramlılarını” tərifləmirmi? Bütün dünyadan təcrid edilmiş Rusiyanı bizə zorla “müttəfiq” elan edən İlham Əliyev deyilmi? Azərbaycan televiziyaları Rusiyanı tənqid edəndə demişdim ki, bu tənqidlərdən uzağa gedən nəticə çıxarmayın”.

“Bu tənqidlər Azərbaycan ictimai fikrini sakitləşdirmək üçündür. Rusiya və Azərbaycan rejimlərinin müttəfiqliyi isə təəssüf ki, davam edir. Çünki onlar üçün kürsü marağı, beynəlxalq avtoritarizmin, tək adam hakimiyyətlərinin ayaqda qalması hər cür milli maraqdan öndə gəlir”, – deyə o bildirib.

Gözdən qaçırmayın:  “Tərtər işi” üzrə dövlətə xəyanət ittihamıyla həbs olunan 19 nəfər azadlığa buraxıldı

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button