2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Kriminallaşmış avtoritar və totalitar rejimlər üçün standart iddia

Cəmil Həsənli, Milli Şura sədri

Hakimiyyət törətdiyi natəmiz əməllərin media aynasında görünməsinə hazır deyil

Saytların yığılması Saytlarin yigilmasi

Media qurumlarını bloklamaqla bu əməllərini xalqdan gizli saxlamaq istəyir

Martın 27-dən başlayaraq “Azadıq” qəzeti, “Azadlıq” radiosu, Meydan TV, “Turan” telekanalı və “Azərbaycan saatı” verilişinin yerləşdirildiyi internet resursları ölkə daxilində bloklandı. Əvvəlcə hökumət bu bloklamanın ona aid olmadığın müxtəlif vasitələrlə inkar etdi. Amma hər kəsə bəlli idi ki, cəmiyyətə doğru-dürüst məlumat verən, yalan üzərində gurulmuş rəsmi təbliğatdan köklü şəkildə fərqlənən, ölkədə və beynəlxalq aləmdə gedən proseslərə münasibətdə obyektivliyi qoruyub saxlayan bu media qurumlarının məhz Azərbaycan hüdudlarında bloklanması hakimiyyətin tapşırığı ilə olmuşdu.
Sadəcə olaraq hakimiyyət zaman-zaman törətdiyi natəmiz əməllərin media aynasında görünməsinə hazır deyildi. İndi həm ölkə daxilində, həm onun hüdudlarından kənarda böyük korrupsiya, oğurluq, büdcə talançılığı, ölkə sərvətlərinin ofşor hesablara daşınması, Avropada ayrı-ayrı vəzifəli şəxslərin satın alınması, hörmətli qonaqların çantalarına böyük dəyərdə ləl-cavahirat qoyulması kimi rüsvayçı faktların aşkarlanmasının ardı-arası kəsilmir.
Təxminən 10 gün öncə Azərbaycan hakimiyyətinin Qərbli siyasətçiləri, deputatları, hazırkı və keçmiş vəzifəli şəxsləri necə satın almasının geniş şəbəkəsini özündə əks etdirən ingilis dilində 120 səhifədən ibarət mükəmməl hesabat yayılıb. Bu hesabat Azərbaycandakı korrupsiya şəbəkəsinin transmilli mahiyyətini, onun beynəlxalq cinayətkarlıq şəbəkəsinə çevrildiyini, artıq tək Azərbaycan üçün deyil, Qərbin fundamental dəyərləri üçün də təhlükəli məzmun kəsb etdiyini ortaya qoyur. Hakimiyyətin blokladığı media məhz bu hesabatı və ölkə rəsmilərinin buna bənzər digər əməlləri haqqında demək olar ki, hər gün açıqlanan natəmiz əməllərin millətə çatdırılması istiqamətində müstəsna operativlik nümayiş etdirirdi.
Bloklanmanı doğuran başlıca səbəb hakimiyyətin öz korrupsioner və kriminal mahiyyətini xalqdan gizlətmək cəhdidir. Çünki birdən 30-40 il öz əməyini, sağlamlığını cəmiyyətə verib əvəzinə ayda 70 dollar pensiya alan vətəndaş düşünə bilər ki, əcab, məni sərgərdan duruma salan hakimiyyət 3 milyon dolları Luka Volontiyə niyə verib? Bu pulu Luka müəllimə ödəyən hakim ailəyə məxsus həmin şirkət yalnız bir təqvim ilində 1 milyard Avronu ölkədən necə çıxarıb və hələ üstəlik, “müflislik” ucbatından 31 milyon manat vergi borcundan da azad edilir? Yoxsulluq ucbatından ailələrin dağıldığı, insan talelərinin məhv edildiyi bir məmləkətdə, özü dediyi kimi, Avropada möhkəm ailə proqramı həyat keçirmək üçün Luka Volonti Azərbaycanın hakim ailəsindən “qrant” alır. Aldığı rüşvətin həcmindən tək cəmdəyi deyil, başı da şişən Pedro Aqramuntun Azərbaycan hakimiyyəti ilə natəmiz iş birliyinin gizlinləri ifşa mərhələsinə daxil olub. Bu ölkənin qız-gəlini uşağına verməyə bir tikə çörək tapa bilmədiyi halda tək yüksək əyarı deyil, həm də yüksək dəyəri olan ləl-cavahirat Bakıya səfər zamanı İsveçrəni AŞPA-da təmsil edən Doris Fiala xanımın çantasına hansı zərurətdən yerləşdirilib? Bəlkə xanımı sərhəd-gömrük məntəqəsində şərləyib tutmaq istəyiblər? Bütün bu natəmiz əməllərə göz yumub media qurumlarını qapatmağa qərar vermək üçün çox utanmaz olmaq lazımdır.
Məsələn, bu media qurumlarından aldığı məlumat əsasında 105 Avro orta aylıq pensiya və bir o qədər də əmək haqqı alan vətəndaş düşünə bilər ki, hansı insaf meyarına görə hakim zümrəyə məxsus bir şirkət 19 milyon dollar dəyəri olan bir müamilədən 85 milyon dollar daldalaya bilir və daldaladığı milyonları ofşor hesablara ötürə bilir? Axı, ölkəmizdə korrupsiyaya qarşı mübarizə “aparan” çeşidli komissiyalar olduğu halda belə şeylər necə baş verir? Rotasiya üzrə bu il Avropa Birliyi Nazirlər Komitəsinə rəhbərlik edəcək Malta Baş naziri Muskat Azərbaycan hakimiyyəti ilə natəmiz əlaqələrinə görə iflas astanasındadır. Bax, Azərbaycan hakimiyyəti bütün bu rüsvayçılıqdan çıxış yolunu nədə tapır? Bu natəmiz əməllər barədə xalqa doğru-dürüst məlumat verən media qurumlarını bloklamaq, əlində olan məhkəmə vasitəsi ilə öz anti-konstitusion əməlinə hüquqi məzmun vermək, informasiya azadlığını boğmaq, daha doğrusu öz natəmiz əməllərini xalqdan gizli saxlamaq.
Hansı qurum çıxış edir media orqanlarının bloklanması ilə? Ölkənin Baş prokurorluğu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təqdimat verir və nazirlik də iddia qaldırmaq təşəbbüsünü nəzdində olan Elektron Təhlükəsizlik Mərkəzinə həvalə edir. Baş prokurorluğun təqdimatına uyğun ETM məhkəməyə müraciətində iddia edir ki, adıçəkilən media qurumları “Azərbaycan Respiblikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ictimai sabitliyin pozulmasına yönələn destruktiv hərəkətlərə yol verilməsinin, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar edilməsinin, radikal dini qurumların qanunsuz fəaliyyətlərinin təbliğ edilməsinin və yayılması qadağan edilən digər informasiyaların yerləşdirilməsinin dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid” yaradıb.” Bunun bircə anlamı var: ölkənin müstəqil və müxalif media qurumların dövlət çevrilişində ittiham etmək. Kriminallaşmış avtoritar və totalitar rejimlər üçün standart iddiadır. 30-cu illərdə Stalin prokurorları belə iddialardan çox qaldırıblar. Nə edəsən ki, Azərbaycan hakimiyyəti XXI əsrdə, informasiya əsrində özünü belə gülünc vəziyyətə salır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button