2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Lerikin icra başçısı anası rus olan sakinə: ”Get, Putindən kömək istə…”

Son günlər mətbuatda Lerik rayonu barədə dərc olunan yazılar rayon sakinlərinin ürəyincə olub. Belə ki, leriklilər rayon rəhbərliyi barədə yazılanlardan sonra nəhayət ki, onların da dərdinə əlac ediləcəyini düşünürlər. Söz verdiyimiz kimi rayonla bağlı araşdırmalarımız davam edir.f

Əldə etdiyimiz məlumata görə, rayonun icra başçısı Rövşən Bağırov əksər hallarda ”yeməli işlər”i ən yaxın adamlarından olan birinci müavini Cəlil Baxşiyevin əli ilə görür. Hətta bəzən Baxşiyev başçıya itatəsizlik də nümayiş etdirir. Çünki Baxşiyev Bağırovun ”qara işləri”ndən xəbərdardır.

Digər məsələlərə keçməzdən öncə Cəlil Baxşiyevin tərcümeyi-halına qısaca nəzər salaq. Cəlil Baxşiyev 1960-cı ildə Lerik rayonunun Kələxan kəndində anadan olub, 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. Əmək fəaliyyətinə 1977-ci ildə Lerik rayon yol idarəsində fəhlə kimi başlamışdır. 2007-ci ilin iyun ayından Lerik Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışır. Buna kimi Lerik Rayon Dövlət Vergi Müfəttişliyinin rəisi, icra hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, ”Kapital Bank”ın Lerik rayon filialının müdiri vəzifələrində çalışıb.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırlayırsınızsa, bu ilin aprelində Cəlil Baxşiyevin qardaşı Zəfər Baxşiyevin içkili vəziyyətdə avtoqəza törətməsi barədə məlumat yayılmışdı. Qeyd olunurdu ki, qəza zamanı avtomobildə Z.Baxşiyevdən savayı daha bir nəfər də olub. Bu arada məlumat üçün xatırladaq ki, Zəfər Baxşiyev həm də Kələxan bələdiyyəsinin sədridir. Ancaq maraqlısı odur ki, sözügedən hadisədən sonra Zəfər Baxşiyevlə bağlı heç bir tədbir görülməyib.

Cəlil Baxşiyevin bir müddət öncə şikayətçiyə verdiyi cavab isə rayonda həm də milli ayrı-seçkiliyin olmasından xəbər verir. Belə ki, rus əsilli Lerik sakini Baxşiyevin qəbulunda olarkən problemləri barədə danışıb. Birinci müavin isə onu kabinetdən qovaraq ”anan rusdur, get köməyi Putindən istə” deyib. Görünür, Baxşiyev Rusiyada yüz minlərlə azərbaycanlı miqrantın işlədiyindən xəbərsizdir. Elə işsizliyin tüğyan etdiyi Lerikdə minlərlə ailənin çörəyi məhz Rusiyadan gəlir və bu məsələ Rusiya mətbuatına çıxacağı halda oradakı soydaşlarımıza qarşı baş verəcəkləri təsəvvür etmək çətin deyil. Məgər rayonun ikinci şəxsi bunu anlamır, yoxsa ortada başqa məqsədlər var?

Bildirilir ki, bir müddət öncə Zuvand kənd sakinləri birinci müavindən Prezident Administrasiyasına şikayət ərizəsi yazıblar. Ərizəyə səbəb isə onun bu kənddəki torpaq sahələrini ələ keçirmək cəhdləriymiş. Məhz bu ərizədən sonra Baxşiyev bir müddət ”islah olunub”, amma ərizənin ”dozası” keçən kimi yenidən ”ənənəsinə” sadiq qalıb.

Lerik sakinləri deyir ki, Baxşiyev rayonun ən varlı şəxslərindən hesab olunur. Birinci müavinin Lerik-Lənkəran yolunun üstündə ”Doqquz qardaş” adlı istirahət mərkəzi fəaliyyət göstərir. Məkan yerli camaat üçün deyil, daha varlı təbəqə üçün nəzərdə tutulub. Bu arada xatırladaq ki, Cəlil Baxşiyevin səkkiz qardaşı var və istirahət mərkəzinə ”Doqquz qardaş” adı da məhz həmin səbəbdən qoyulub.

Qeyd olunur ki, icra başçısı Rövşən Bağırov bir neçə dəfə Baxşiyevin biznes fəaliyyətinə mane olmaq istəsə də, buna nail ola bilməyib. Çünki əvvəldə qeyd olunduğu kimi birinci müavin Rövşən Bağırovun rayondakı bütün ”qara işləri”ndən xəbərdardır. Elə Cəlil Baxşiyevin bələdiyyə sədri olan qardaşı Zəfər Baxşiyevin içkili vəziyyətdə qəza törətməsindən sonra da başçı və birinci müavin arasında gərginlik yaranıb. Belə ki, Bağırov Zəfər Baxşiyevin cəzalandırılmasını istəsə də, C.Baxşiyev qardaşını cəzalandıracağı təqdirdə başçını bütün ”sirlərini” açacağı ilə hədələyib.

Ötən yazıda qeyd etdiyimiz kimi rayon təhsil şöbəsinin müdiri Balaşirin Nəsirov Rövşən Bağırovun yaxın adamlarındandır. Amma Lerik səhiyyə idarəsinin müdiri Mübariz Ağayev, 43 saylı Lerik Yol İstismar Sahəsinin müdiri də Bağırovun əsas kadrlarından sayılır. Qeyd olunur ki, bu üç şəxs başçının bütün maxinasiyalarında iştirak edirlər. Məsələn, mətbuat yazır ki, bu il Lerikin təhsil şöbəsinə 600 min manat pul ayrılıb və bu vəsaitin böyük qismi müxtəlif adlarla ”xərclənib”.

Rayon səhiyyəsinə ayrılan vəsait isə 700 min manatdır. Təkcə rayon mərkəzi xəstəxanasına dəftərxana ləvazimatları üçün ayrılan 50 min manat vəsait ayrılıb ki, bunun da çoxu Mübariz Ağayevin güdazına gedib. Eyni zamanda 300 min manatlıq dərman preparatının adı sənədlərdə olsa da, Mübariz Ağayevə və qohumlarına məxsus apteklərdə satılıb. Hər halda bu, bizim iddiamız yox, mətbuatda qeyd olunanlardır.

Rövşən Bağırovun ”çörəkli” obyektlərindən biri də yol idarəsidir. Belə ki, rayonun bir neçə küçəsinin asfaltlanması üçün ayrılmış 650 min manat vəsaitin yarısı başçıya çatıb. Görünür, Bağırovun rayon mərkəzinə yaxın bir neçə yerdə istirahət mərkəzləri tikdirməsi üçün əsas mənbə də məhz belə ”çörəklİ” yerlərdir.

Başqa bir məlumata görə, Rövşən Bağırov taxta biznesi ilə məşğuldur. Belə ki, başçının göstərişinə əsasən Lerik meşələri qırılır, emal olunur və hazır şəkildə Bakıdakı tikinti malları obyektlərinə satılır.

Rayondakı digər məsələlərlə bağlı araşdırmalarımızı davam etdirəcəyik.

Ölkə.Az-ın analitik şöbəsi

Savash.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button