Loading...
Loading...
SEÇMƏ

“Məni köynəyə görə tutmusunuz, bunu açıq deyin, cəzamı çəkim”

Fəqan Məmmədov səsini kəsməsə, qardaşının da həbs olunacağı ilə hədələndiyini deyir

Narkotik ittihamıyla mühakimə olunan inanclı fəal Fəqan Məmmədovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə prosesində prokuror çıxış edərək, ona 7 il həbs cəzası verilməsini istəyib.

Prokuror deyib ki, Fəqan Məmmədova qarşı Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama, daşıma) maddəsilə ittiham məhkəmədə sübuta yetirilib. İttihama əsasən, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları inanclı fəalı saxlayıb, baxış zamanı onun üzərindən 4 bükümdə 8 qram metamfetamin (“şüşə”, “patı”) tapılıb.

Prokurordan sonra çıxış edən vəkil Fariz Namazlı isə ittihamın əsassız olduğunu vurğulayıb və müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib. Vəkil bildirib ki, bu iş üzrə istintaqda çoxsaylı qanun pozuntularına yol verilib. Onun sözlərinə görə, Fəqan Məmmədov saxlandığı yerdə yox, Baş Mütəşəkkil cinayətkarlıqla Mübarizə İdarəsində üzərinə baxış keçirilib. Səbəb də məlum deyil. Müvəkkilinin idarədə işgəncəyə məruz qalması və bu üzdən etiraf ifadəsinə imza atması haqda dediklərini yada salan vəkil bildirib ki, təzyiq yoluyla əldə olunan ifadənin sübut yükü yoxdur.

Prokurorun çıxışına münasibət bildirən Fəqan Məmmədov deyib ki, o, heç bir cinayət törətməyib, əslində, ona qarşı cinayət törədilib. Onun sözlərinə görə, hələ də cinayət törədilməkdə davam edir. İnanclı fəalın sözlərinə görə, başına gətirilənləri məhkəmədə danışdığına görə bundan sonra qardaşı da həbs olunacağıyla hədələnir:

“Mayın 28-də Bakı İstintaq Təcridxanasında məni namaz üstündən rəisin otağına apardılar. Orada özünü DTX əməkdaşı kimi təqdim edən bir nəfər vardı. Məni hədələdi ki, əgər səsini kəsməsən, yaxşı olmayacaq. Ailə üzvlərimi, qardaşımı həbs etməklə hədələdi. Bu, nə özbaşınalıqdır? Belə dərəbəylik olar? Məni köynəyə görə tutmusuz, bunu açıq şəkildə deyin, mən də cəzamı çəkim…”.

Hakim İlham Mahmudov Fəqan Məmmədova fikrini başa çatdırmağa imkan verməyib.

Prosessual qaydalara görə vəkilin çıxışından sonra təqsirləndirilən şəxs məhkəmədə son sözünü deməli, ardınca hökm elan edilməlidir. Fəqan Məmmədov son sözünə hazırlaşmaq üçün vaxt istəyib. Ona iyunun 3-nə qədər vaxt verilib. 1986-cı il təvəllüdlü Fəqan Məmmədov məhkəmədə ifadəsində bildirib ki, Aşura tədbirləri üçün Bakıdan Gəncəyə üstündə “Ya Hüseyn” yazılmış köynəklər apardığına görə narkotiklə şərlənərək həbs olunub:

“Əslində, məni yox, İmam Hüseyn məktəbini şərləyib bu sistem. Bu, mənim şəxsimə deyil, eyni zamanda, İslama olan haqsızlıqdı”.

Onun sözlərinə görə, 2 sentyabr 2021-ci ildə dostu Arif Orucov və Ümid Zalovla birlikdə yoxa çıxıb. Yaxınları sonradan onların Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlandığını öyrənib.

Gözdən qaçırmayın:  Şərq bazarının tikintisində çalışanlar zəhmət haqlarının verilməməsinə etiraz edir

“Məni üzüstə yerə uzadıb, kürəyimi təpikləyirdilər. Saatlarla bu vəziyyətdə işgəncə verirdilər. Mənə tok verirdilər”, – inanclı fəal məhkəmədə bildirib.

O əlavə edib ki, əgər üstündə “Ya Hüseyn” yazılan köynəyi Bakıdan Gəncəyə aparmaq cinayətdirsə, buna görə verilən cəzanı çəkməyə hazırdır.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button