Füzuli köçkünü: ”Uşaqlığımız keçdi, indi də gəncliyimiz çürüyür”
“Yaşayışımız, şəraitimiz yoxdur. Hansı məmur bu yerdə yaşayar? Hansı ailəsini belə zülmə rəva görər? Dinəndə deyirlər, müharibə şəraitində olan dövlətik, dözün, hamı köçürüləcək. 1993-cü ildən bu yana dözürük. Bütün uşaqlığımız keçdi, indi də gəncliyimiz burada çürüyür”.
Marusya Alıyeva belə deyir. O, Füzulidən olan məcburi köçkündür. Beyləqanın Şəfəq qəsəbəsi yaxınlığında 5-ci şöbə adlanan yerdə, yolun kənarında yaşayır. 1993-cü ildən burada məskunlaşıblar. Özlərinə palçıq və saman qarışımından kiçik daxmalar tikiblər. Burada azı 10-15 ailə məskunlaşıb.
1990-cı ilin əvvəllərində Qarabağda Azərbaycan və Ermənistan arasında silahlı münaqişə yüz minlərlə insanı evindən köçkün saldı.
BMT-nin Miqrasiya Agentliyinin məlumatına əsasən, 1994-cü ildə atəşkəs imzalanana qədər müharibədə 30000-dən çox insan həyatını itirib, 600 mindən çox insan məcburi köçkün və 250 mindən çox etnik azərbaycanlı isə qaşqın düşüb.
“Televiziyalarda danışılan inkişaf bizə gəlib çıxmır”
“Düzdür, müharibə olub, ancaq bu, bizim günahımız deyildi. İndi ki sakitlikdir. Milləti yeni evlərlə təmin etdilər. Bəs bizə sıra nə zaman çatacaq? Füzulidəki ev-eşiyimiz, hər şeyimiz əlimizdən çıxdı. İllərdir bu şəraitsiz yerdə yaşamağa məhkum olmuşuq. Ancaq televiziyalarda hər gün çiçəklənən ölkəmizdən danışılır. Hanı o inkişaf ki, bizə gəlib çıxmır? Nolar, bizə də bir gün ağlasınlar. Daha nə qədər dözməliyik?” – Marusya Alıyeva əlavə edir.
“Yağış yağanda palçıq-palçığa qarışır”
Sakinlərdən Kifayət Əliyeva artıq palçığın içində yaşamaqdan bezib. Deyir, az qalır canını qurtarmaq üçün intihar etsin:
“Nə qədər təmiz, səliqəli saxlasaq da, olmur, bərbad gündədir”
Yaşadığı evə gəlincə, Kifayət Əliyeva deyir ki, 1993-cü ildə adını bilmədiyi bir xarici təşkilat bu evləri onlara müvəqqəti sığınacaq kimi tikib. O müvəqqəti yaşamaqdır ki, 26 ildir buradadırlar:
“Müvəqqəti yaşayış 26 ilə keçib. Hələ də davam edir. Böyrəklərimiz xəstə düşüb, revmatizmamız var. Otaqlara baxın də, tavanı alçaq, yeri rütubət, divarlar üstümüzə tökülür. Hər şey var burada. Qurd, quş, böcək çıxır daimi. İç-içə 2 otaqdır, qızdırmaq mümkün deyil. Nə qədər təmiz, səliqəli saxlasaq da, olmur, bərbad gündədir. Uşaqlar gecə olanda çığırırlar ki, ayaqlarımızı isti suya qoyun, dözə bilmirik. Nə olar, o tikilən evlərdən bizə də versələr? Bizi düşünmürlər, barı körpə uşaqlarımıza yazıqları gəlsin”.
“Deyəsən ömrümüzü elə bu çöllükdə başa vuracağıq”
Şəhanə Mehdiyevanın uşaqları yel xəstəliyindən əziyyət çəkir. Deyir, hamısının səbəbi yaşadıqları evdir, bu ərazidir:
“Gəncliyim çürüyür, övladımın uşaqlığı burada keçir”
Kamilə Ovçuyeva yaşadığı yeri evdən çox tövləyə bənzədir. Deyir, bəxti onda gətirməyib ki, uşaqlığı Qarabağ müharibəsi dövrünə düşüb. Nəticədə, uşaqlığını köçməklə, qaçmaqla, şəraitsiz yerlərdə məskunlaşmaqla, çox pis keçirib:
“Dünyaya bir dəfə gəldik, onu da sürünürük”
Vahid Quliyev də 1993-cü ildən burada məskunlaşıb. Deyir, indiyə qədər dövlətdən onlara bir kömək göstərən olmayıb:
“Ayaqqabılardan palçıq yumaqdan birtəhər olmuşuq”
Ülkər Əzimova bura gəlin köçüb. Deyir, körpə uşaqla burada yaşamaq zülmdür. Hər yer palçıq, hamam yox, ayaqyolu şəraitsiz. Ev isə palçıq, təmirsiz, uçub-tökülür:
“Nə olar, bu dəfə də bizə tərəf baxsınlar”
Flora Zeynalova Füzulinin Aşağı Seyidəhmədli kəndindən köçkün düşüb. Deyir, orada ev-eşiyini, gözəl şəraitini qoyub gəlib. 26 ildir burada yaşamağa məhkum olub:
“Zamanla hamı evlə təmin ediləcək”
Meydan TV məsələyə münasibət öyrənmək üçün Beyləqan Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən köçkünlərə ev tikilməsi, onların siyahıya alınması, yerləşdirilməsi məsələlərinə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin baxdığını bildiriblər.
“Bu proseslər mərhələli şəkildə həyata keçirilir. Bütün siyahıdakıları bir gündə köçürmək alınan iş deyil. Zamanla hamı evlə təmin ediləcək”.