2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Mehmanın iddiaları və haqları

Ənnağı Hacıbəyli

Stefan Sveyqin Romen Rollana həsr etdiyi kitabında belə bir yer var: “Biz vətəndaş olaraq dövlətimizə məxsus olsaq da, həmişə onun əmrlərinə tabe olsaq da, dövlət əmlakımıza və həyatımıza sahiblik etsə də, hər bir halda son hədd bizim əlimizdədir – bu, Hötenin dediyi kimi, vicdan deyilən alınmaz qaladır. Vicdan elə son instansiyadır ki, onu əmrlə məcbur etmək olmaz ki, sevsin və ya nifrət etsin”.
Araşdırmaçı jurnalist-blogger Mehman Hüseynov onu məhkəməyə gətirən aşağı rütbəli polislərlə dönər payını bölüşüb. Onlar əslində Mehmanı haqlı saydıqlarını, lakin dolanışıq xətrinə “polislik” etdiklərini deyiblər. Mehmanın məhkəmədən sonra verdiyi müsahibəsində ən çox vurğulanan məqamlardan biri o idi ki, az sonra həmin polislər məhkəmədə onun üzünə durdular.
Mən Sveyqə nəsə əlavə etməyə və ya onunla mübahisəyə girməyə özümü haqlı bilmirəm. Buna baxmayaraq düşünürəm ki, ümumiyyətlə, vicdansız adamlar olmur. Sadəcə vicdan bir əxlaq kateqoriyası kimi özəl, şəxsi, əxlaqlı münasibət tələb edir.
Hər adamın vicdanı alınmaz qala deyil. Bu da təbii. Çoxlarının vicdanı heç qala da deyil. Amma axı vicdandı! Onu korrupsiya büdcəsindən verilən paya satırsansa, buna vicdan demək xeyli çətinləşir.
Sveyqin sözlərini elə-belə, sitat xatirinə xatırlamadım. Fikir verirsinizmi, Sveyq deyir ki, vətəndaş dövlətə məxsusdur, vətəndaş dövlətin əmrlərinə tabe olmalıdır, dövlət vətəndaşın əmlakına və həyatına sahiblik etməlidir. Mehman dövlətin heç bir qanununu pozmayıb, əksinə, vətəndaşlıq borcunu yerinə yetirib, özünü təhlükəyə ataraq dövləti içindən dağıdan bəlaları göstərib. Bəs onun həyatına sahiblik etməli olan dövlət nə edib?
Reaksiya göz qabağındadı.
Mehmanı “Vətəndaşlar, korrupsiya faktları barədə mənə məlumat verin” deklarasiyasının güdazına verdilər.
Vətəndaşların əmlakına dövlətin sahiblik istəyi heç bir mübahisə doğurmur. İstənilən obyekt, mənzili dədə malı sayan dövlət gözü düşən hər şeyə sahiblik edir. Ondan qabaqkı sahibin haqqına girməklə.
Sərvət şirin şeydi – bunu bilirik və həddimizi bildiyimizdən bununla mübahisə etmirik. Nə mənası var ki…
Bəs dövlətin həyatımıza sahiblik etməsi? Bu, o sahiblikdən deyil. Bu sahiblik mülkiyyətçiliklə bağlı deyil, insan haqları məsələsidi. On doqquzuncu əsrdən fərqli olaraq indi prezidentlər başçılıq etdikləri ölkələrin vətəndaşlarının haqqını qorumaq görəvinə sahibdilər. Hətta Konstitusiyaya əl basıb and içən prezident xüsusi vurğulayır ki, o, hamının prezidenti olacaq.
Görünür, Mehman bura daxil deyil.
Əslində prezidentə irad tutmaq da asan deyil: Mehmanın bu ölkə ilə bağlılığını sübut edən sənədi – şəxsiyyət vəsiqəsi yoxdursa, o nə haqla prezidentin müdafiəsinə iddia edə bilər?!
Bir ölkənin ana müxalifətinin lideri hətta Avropa Məhkəməsinin qərarından sonra da uzun müddət pasport ala bilmirsə, bədbəxt sıravi vətəndaş neyləsin?!
Cənablar, bu, dövlət deyil, iyirmi birinci əsrin dövləti belə olmamalıdı. Hüquq zora dirənirsə, o, hüquq deyil. Zor qarşısında aciz olan hüquqin bir çürük qoz qədər də dəyəri yoxdur.
Hüqo deyirdi ki, “sürgün – tiranların mərhəmətidi”. Qürbətə könüllü, ya könülsüz sürgün edilmişlərdən fərqli olaraq öz ölkəsində vətəndaşlıq sənədi ala bilməyən insanlara göstərilən mərhəmət isə yəqin ki, sürgün edilməməkdi.
Sürgün təkcə qürbət(d)ə olmur ki…

P.S.Yazı müəllifin Facebook səhifəsindən götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button