2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Mişa

Putin dünyanın gözü önündə Mişanı öldürür

Köhnə ili tərk edib Yeni ili qarşılamağa hazırlaşırıq. Gerçək dünyada yaşayıb gerçək düşünən insanlar gözəl anlayırlar ki, dünyada köhnə və yeni il yoxdur. Zaman irəliyə, keçmişdən gələcəyə doğru aramsız axır. İl məfhumunu insanlar bu zaman axarında özlərinə hansısa nişanə qoyub azmamaq, başlarını itirməmək üçün uydurublar.

Fəqət bəşəriyyətin mütləq əksəriyyətinin gerçəkliklə arası yoxdur və nağıl aləmində yaşamağa üstünlük verirlər deyə bəşəriyyət hər 365 gündən bir hansısa Yeni ilin başladığını şadyanalıqla qeyd edir. Həmin bu gündə əksəriyyət sevinir və Şaxta Babanın gətirdiyi Yeni ilə ümidlə baxır.

Saytların yığılması Saytlarin yigilmasi

Bu sevinən əksəriyyətlə yanaşı sevinməyənlər də var.  Onların sevinmək, gələcəyə nikbin baxmaq üçün əsasları yoxdur.  Belə adamların çoxu, bəlkə də hamısı, nakəs, bədbəxt, yoxsul, məhrumiyyət içində həyat sürən məxluqdur.

Bu il belə adamların sırasında vaxtilə dünyanın diqqət mərkəzində durmuş, adı dillər əzbəri olmuş bir ağır xəstə, ölümlə pəncələşən bir kişi var. Bu adam öz yazıq və məğlub xalqına nicat və rifah gətirmişdi, indi həmin xalqın əksəriyyəti onun ağır gününə biganə tamaşa edir.

Bu adam Gürcüstan Respublikasının sabiq prezidenti, xalqın vaxtilə əzizləyərək Mişa adlandırığı Mixail Nikolozoviç Saakaşvilidir.

İndi o, xəstəxanadadır. Hündür, ətli-canlı, çəkisi 110 kiloya çatan Mişa olub indi 65 kiloqram, yəni yarıbayarı əriyib. İndi onun səhhətinə beynəlxalq statusu olan həkimlər nəzarət edir. Analiz nəticəsində onun bədənində orqanizmi zəhərləyib məhvə aparan ağır metalların izi tapılıb.

Mişa deyir ki, onu Rusiya hakimiyyəti, şəxsən Putinin əmri ilə rus kəşfiyyatı zəhərləyir. Buna inanmamaq üçün heç bir əsas yoxdur. Putinin öz siyasi rəqiblərini zəhərləmək şakərinə artıq heç kəs şübhə etmir. Bir deyil, beş deyil…

Mişa Putini çox ağır tərzdə incidib. Putinin siyasi iflasının təməlini məhz Mişa qoyub. Bəli, Putinin iradəsinin əksinə getməyə özündə cürət tapmış siyasətçilər Mişadan da əvvəl olmuşdu. Məsələn, Heydər Əliyev Azərbaycanı Rusiyanın ayağının altına sərməkdən qəti imtina etmişdi. Demişdi ki, Azərbaycanın ağası Rusiya deyil, elə özüm olacağam. Putin də Azərbaycanın halına diqqətlə baxıb demişdi ki, neynək, özün ol, əsas odur ki, xalq azadlığın nə olduğunu bilməsin.

Yuşşenko da Ukraynanı Rusiyanın nəzarətindən çıxarmağa cəhd etdi, Putin onu elə zəhərlədi ki, gözəl Yuşşenkonun sifəti eybəcərləşdi. Putin onunla təskinlik tapdı ki, Ukraynanın özünü demokrat sayan siyasi zümrəsi ölkəni talan etmək uğrunda ölümcül savaşa qalxdı və ukraynalılar dərin möhnətə düşdülər.

Putini Nikol Paşinyan da incitməyə cəhd etmişdi. Putin Paşinyandan qisasını çox məharətlə aldı. Zəhərləmədi, sadəcə kənara çəkilib Azərbaycan ordusunun Ermənistan ordusunu məğlub etməsinə soyuqqanlı tamaşa etdi. İndi Paşinyan perronda çox hoppanıb, çox düşür, fəqət qatar gedib və onun əlindəki biletin zərrəcə dəyəri yoxdur.

Putinə yeganə ağır zərbəni Mişa vurmuşdu. O, nəinki azad və demokratik seçki keçirmişdi, bu, dərdin yarısıdır, Mişa ona nail olmuşdu ki, dərəbəyliyin hökm sürdüyü vətənində qanun cihazı sazlanıb işə düşmüşdü və “münasib adamlar münasib yerlərə” təyin edilmişdi.

Nəticədə rüşvətxorluğu ilə ad çıxarmış gürcü polisini Vano Merabişvili elə islah etdi ki, Daxili İşlər Nazirliyi cibinə deyil, xalqa xidmət etməyə başladı və əhalinin hörmətini qazandı.

Mişa gürcü iqtisadiyyatını Kaxa Bendukidzeyə tapşırdı, Kaxa elə islahatlar apardı ki, ölüvay gürcü iqtisadiyyatı xortlayıb dirildi və sürətlə inkişafa başladı.

Mişa büdcəni dəfələrlə artırdı, ondan əvvəl verilməyən maaşlar və təqaüdlər öz sahiblərini tapdılar.

Mişa etnik millətçiliyi körükləyən xəbislərin və axmaqların ağzından vurdu, Gürcüstanda erməni və azərbaycanlı azlığı kartından sui-istifadə etməyə can atan qüvvələrin oyunu pozuldu.

Mişanın hökumətini camaat “uşaq bağçası” adlandırırdı. Niyə? Mişa harada istedadlı bir gənc görürdüsə, onu nazir təyin edirdi. Camaat Mişadan əvvəl adət etmişdi ki, nazir vəzifəsində anaş, kökəlmiş, qartımış erkəklər otursun. Görəndə ki, nazir vəzifəsinə sifətindən həyat eşqi yağan, gözləri parıldayan cavanlar gəlir və heç nədən çəkinmədən cəsarətli islahatlar aparır, çaşırdı.

Gürcüstan Qərbin sevimlisinə çevrildi. İş o yerə çatdı ki, ABŞ prezidenti kiçik Corc Buş şəxsən Gürcüstana gəlib mitinqdə əlini qaldırıb dünyaya gürcü rəqsi göstərdi. Mişa hava limanından şəhərə gedən xiyabana onun adını qoydu.

Bu, Putinə tərs şillə idi.

Mişanın hakimiyyəti illərində Gürcüstanda kiçik sahibkarlıq gur inkişaf etdi. Köhnə Tiflisin siması kəskin dəyişdi, şəhər cavanlaşdı və abadlaşdı. Gürcüstan uğurlu dövlətlər siyahısında öncül yerlərə yüksəlməyə başladı. Gürcü qanunlarını dünyaya nümunə göstərməyə başladılar.

Prezident Saakaşvilıinin nöqsanları var idimi? Əlbəttə var idi. Tənbəl, məsuliyyətsiz, avam, yeyib-içən xalqını döyə-döyə adam edirdi. Qanunlar amansız və sərt icra edilirdi. Mədəni ölkələrdə belə sərtlik qəbahət sayılmaz. Fəqət yüzillərlə rüşvətə və tüfeyli həyata öyrəşmiş gürcü hakim zümrəsinə belə mövqe ədalətsizliyin zirvəsi kimi görünürdü.

Mişa orta sahibkarları saxlayıb onları yolurdu. Necə? Əmr edirdi ki, hakim Vahid Milli Hərəkat Partiyasının hesabına böyük məbləğ köçürsünlər, pulu köçürəndən sonra azad edirdi.

Mişanın partiyası bu pula əhali üçün bağça və məktəb tikirdi. Bu, göz görəsi qanunsuzluq idi. Partiya məktəb və bağça tikə bilməz.

Mişa cərimə sistemini elə sərtləşdirmişdi ki, yol hərəkəti qaydasını pozduğuna görə cərimə ödənişini geçikdirmiş sürücü tutulub zindana salınırdı və cəriməni ödəməyincə həbsdən buraxılmırdı.

Mişa özü qara qəpik rüşvət almırdı. Rüşvət alanın gözünü amansızlıqla ovurdu. Rüşvəti milli dəyər sayan əski hakim zümrəni belə yanaşma qəzəbləndirirdi.

Mişa siyasi rəqiblərinə qarşı qanundankənar cəbr üsulları tətbiq edirdi. Nəticədə həbsxanalarda işgəncə, insan ləyaqətini alçaldan rəftara yol verilirdi. Bir neçə üsyankar müxalifətçi öldürülmüşdü.

Putin Mişaya qarşı gürcü milyarderi Bidzina İvanişvilini irəli verdi. İvanişvili Mişanın hakimiyyətinə ilk dövrdə səxavətlə kömək etmişdi. Lakin Mişanın hakimiyyətdən havalandığını görüb çomağının o biri tərəfini çevirmişdi.

Mişa Gürcüstanı parlament respublikasına çevirən Konstitusiya qəbul etdi və seçki keçirdi. Seçkidə əhali onun rəqibinə səs verdi. Mişa xalqın iradəsinə tabe oldu, müxalif hökuməti qəbul etdi, vaxtı gələndə şey-şüyünü özünün elektrik avtomobilinə yığıb ölkə prezidenti üçün tikdirdiyi gözəl iqamətgahı tərk etdi. Eşidəndə ki, Bidzina Putinin sifarişi ilə onu tutdurmaq istəyir, ölkəni tərk etdi.

Onun mühacirətdəki həyatı sərgüzəştlərlə doludur. Maraqlanan izləyə bilər. Ukrayna vətəndaşlığını qəbul etməsi, Odessanın qubernatoru vəzifəsinə təyinatı, oradakı mütəşəkkil cani məmur dəstəsi ilə amansız, fəqət uğursuz mübarizəsi, Kiyevin damlarında Poroşenko polisindən qaçması, Ukrayna-Polşa sərhəddini yarıb keçməsi, tutulub-buraxılması, nə vaxtsa Ukrayna əhalisinin müəyyən hissəsinin ümid yerinə çevrilməsi… Mişa zəmanənin qaçaq Data Tutaşxiasına çevrilmişdi.

Son vəzifəsi Zelenskinin sədri olduğu Ukrayna İslahat Şurasının katibi idi.

Sonra isə Gürcüstan sərhəddini gizlicə keçdi. Ümid edirdi ki, xalq onun qayıtdığını eşitcək küçələrə axışacaq, yeni bivec hakimiyyəti qovacaq.

Alınmadı. Həbsə düşdü. Və burada Putin öz qisas nəqşəsini həyata keçirməyə başladı.

Nahaq yerə cəmiyyət gürcü hakimiyyətindən ədalət və insaf diləyir. Burada gürcü hakimiyyəti heç kimdir. Gürcüstana ağalığı Bidzinanın adından Putin edir. Onun əxlaqı bandit əxlaqıdır. Bandit öz rəqibinə qarşı amansızdır. Nəciblik, comərdlik, mərhəmət hissi banditə yaddır. Odur ki, Putin dünyanın gözü önündə Mişanı öldürür. Necə ki, on minlərlə ukraynalını bombalayıb öldürür.

Möhtərəm oxucum, əgər dua bilirsınsə, Mişanın xilasını o tək Allahdan rica et. Putin olan yerdə Allahdan savayı heç kimin gücü çatmaz.

Allahın Mişaya rəhmi gəlsin.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button