SEÇMƏ

Müharibə veteranı xərçəngdən əziyyət çəkən anasına kömək istəyir

“Dövlət xəstəxanasında pulsuz müayinələrə, müalicələrə qiymət qoyulub”

44 yaşlı Ucar sakini Aynur Ağalı qızı Baloğlanova xərçəng xəstəliyindən əziyyət çəkir.

Hazırda Bakıda yaşayan ailə bu xəstəliklə mübarizədə maddi problemlərlə üzləşdiyini deyir.

Həyat yoldaşı Bəybala Məsimov Meydan TV-yə bildirib ki, qadının durumu olduqca ağırdır.

Ötən ilin sentyabrında qəflətən aşkarlanan xəstəlik ailəni həm mənəvi, həm maddi çətinliklərlə üz-üzə qoyub.
Kürək nahiyəsində baş qaldıran ağrılardan sonra Aynur Baloğlanova ilk dəfə Mərdəkanda yerləşən poliklinikada müayinə olunub və döş nahiyəsində şiş aşkarlanıb.

Daha sonra Milli Onkologiya Mərkəzində müayinədən keçən xəstəyə “süd vəzisi xərçəngi” diaqnozu qoyulub.
Ancaq ailəni ordakı müayinə prosedurları və dövlət xəstəxanasında pullu xidmət qane etməyib:

“Orda da müayinədən keçdik. İki dəfə “Biyopsi”, yəni əkmə həyata keçirildi və 14 gündən sonra” süd vəzi xərçəngi” diaqnozu dəqiqləşdi. Elə sentyabrın sonu Milli Onkologiya Mərkəzində qeydiyyata alındı. Lakin ordakı həkimlərin müayinəsi, müalicəsi bizi qane etmədi. Həm də pulsuz deyildi, halbuki pulsuz olmalı idi.

Orada xəstələrdən ancaq bunu eşidirdik ki, müalicələrin, kimyaterapiyaların effekti olmur. Necə edirlər, nə cür edirlərsə, əhali narazı idi. Özümüz də gördük ki, effekti yoxdursa, vaxt itirməyə dəymir. Həm də kimyaterapiyalara, analizlərə hərədən bir qiymət tələb olunur”.

“Ağır xəstəlikdir, üstəlik dövlət xəstəxanasında pulsuz müayinələrə, müalicələrə qiymət qoyulub. Ona görə də Mərkəzi Hərbi Hospitala getdik. Orada da hər şey pulladır. Heç bir xəstəxanada güzəşt yoxdur. Ancaq bu xəstəxanada güclü həkim onkoloq var ki, o, tam müalicəni öz boynuna götürüb, edilən terapiyalardan irəliləyiş var”, – qadının həyat yoldaşı Bəybala Məsimov belə deyir.

“Təkcə terapiyaları 43 min manat edir”

Həyat yoldaşı deyir ki, Aynur Baloğlanova indiyə qədər 5 dəfə Mərkəzi Hərbi Hospitalda kimyaterapiya olunub. Dördünü 450 manata, sonuncunu isə bahalı dərman tərkibli olduğundan 2000 manata ediblər. Hələ bu terapiyaya imkansızlıqdan bahalı dərmanın biri əlavə edilməyib.

Bəybala Məsimovun sözlərinə görə, qadının sağ süd vəzisində şişin ölçüsü öncə 10.9 mm həcmində olsa da, kimyaterapiyalardan sonra şişin həcmi azalaraq yarıya enib:

“Həkimi Rahib Həsənov söz verib ki, terapiyalar və əməliyyat davam etdirilərsə, xəstə sağala bilər”.
Ailə kasıb olsa da, bu şansı itirmək istəmir və hər yerdən kömək istəyir.

Qadın əməliyyata qədər üç kimyaterapiyadan keçməli və əməliyyata girməlidir. Əməliyyatdan sonra yenidən 13 kimyaterapiya almalıdır.

Dediyinə görə, yalnız kimyaterapiyalara 43 minə yaxın pul lazımdır:

“İndiyə qədər ordan-burdan tapıb, borc alıb 20 mindən çox xərcləmişik. Həqiqətən, kömək istəyirik. Gənc qadındır, iki övladı var. Oğlum müharibə veteranıdır. Qızım ailəlidir. Oğlumun dərdindən, fikirdən, qorxudan bu vəziyyətə düşdü. Heydər Əliyev Fonduna, Mehriban Əliyevaya, Leyla Əliyevaya müraciət etdik, cavab gəlmədi. Bizə maddi kömək lazımdır ki, qarşıda əməliyyata qədər 3 dəfə kimyaterapiya olunmalıdır. Həmin kimyaterapiyalara 4 “ağıllı dərman” alınmalıdır ki, hər biri 4150 dollardı. O biri 3 dərmanın isə hər biri 2500 dollardır. Sonra əməliyyatdı. Əməliyyatdan sonra 23 dənə yenə “ağıllı dərman” alınmalıdır. Hər biri 3 dərman olmaqla 39 “ağıllı dərman” alınıb kimyaterapiya edilməlidir. Təkcə terapiyaları 43 min pul edir”.

“Əslində, o dərmanları özümüz sifariş edib gətirməliyik. Burada ancaq “Ozon” aptekdə var, ya gərək pulu xəstəxanaya verəsən, ya da özün sifariş edəsən ki, gətirilsin. O daha baha başa gəlir. Bu dərmanlar İsveç istehsalı olmalıdır. Ancaq ordan sifarişlə gətirmək baha çıxır. Rahib Həsənov adlı həkimi Türkiyədə oxuyub, həm orada çalışır, həm burda. O yazıb bu dərmanları. Milli Onkologiyadan deyildi ki, bu dərmanlar yoxdur”, – deyir Bəybala Məsimov.

“Kömək istəyirəm ki, anamı bu xəstəlikdən xilas edim, ona görə vicdan əzabı çəkməyim”

Ailədə isə yeganə qazanc gətirən oğlu, müharibə veteranı Raci Məsimlidir.

Raci deyir ki, onun da maaşı bankdan götürülən iri məbləğdə kreditin ödənişinə çıxılır. Qohumların köməyi də tükənib. İndi Raci həm anasını xilas etmək istəyir, həm də borcların əlindən çıxılmaz durumdadır:

Gözdən qaçırmayın:  Bakının Vardanyanla bağlı tələblər irəli sürdüyü iddia olunur

“Ailədə tək mən çalışıram. Hər ay 425 manat kredit ödəyirəm. Xəstəliyə görə banklardan 12 min manat pul götürmüşük. Hər 21 gündən bir kimyaterapiya olunmalıdır. Martın 20-nə hardasa əməliyyat olunacaq. Ona qədər kimyaterapiya etməliyik ki, anam əməliyyata girsin. Ondan sonra da 39 ədəd “Herceptin” və “Perjeta” dərmanıdır. Hər “ağıllı dərman”da 3 “Herceptin” olacaq. Bu da 39 edir. Bir seansa 3 dərman istifadə olunacaq. Təkcə “Perjeta”nın biri 6883 manatdır. Əməliyyatın pulunu isə hələ deməyiblər. Hesabladıq ki, xaricdən sifarişlə gətirsək, dərman daha da baha düşəcək. Kömək üçün etdiyimiz müraciətlərə də cavab gəlmədi”.

“Sonuncu kimyaterapiyaya “Perjeta” baha olduğu üçün ala bilmədik, “Herceptin”lə etdilər. Kömək istəyirəm ki, anamı bu xəstəlikdən xilas edim, ona görə vicdan əzabı çəkməyim. Xahiş edirəm ki, bu vətənin övladı, vətəndaş kimi anamı xilas etməkdə mənə kömək edin. Dövlətdən, xalqdan kömək istəyirik. Kömək olarsa, anamı xərçəngdən xilas edə bilərik”, – Racı Məsimov deyir.

“Kimsə həkimindən halallıq alır, ya şirinlik verirsə, ona heç nə deyə bilmərəm”

Ölkənin baş onkoloqu, Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli isə Meydan TV-yə deyib ki, onkoloji xəstələr sığorta paketindən yararlana bilməsələr də, qeydiyyata düşdüyü andan sözügedən tibb müəssisəsində pulsuz müayinə və müalicələrdən yararlana bilərlər:

“Ölkədə xərçəng xəstələrinin sayı ilə bağlı son statistika hələ fevralın sonu bilinəcək. Bizdə indi 2021-ci ilin statistik nəticəsiləri var. 2006-cı ildə “Onkoloji yardım haqqında” Qanun qəbul olunub. Təbii ki, belə bir qanun qəbul edilibsə, qeydiyyata alınan onkoloji xəstələrin müayinə və müalicəsi pulsuz aparılır. Kimsə həkimindən halallıq alır, ya şirinlik verirsə, mən ona heç nə deyə bilmərəm. Tək Milli Onkologiya Mərkəzində yox, bütün dövlət tibb müəssisələrində bu, pulsuz olmalıdır. 2-3 kimyaterapiya seansı ilə də effekt bilinmir. Onkoloji xəstə davamlı müayinə və müalicəsini aparsın ki, sonra effektini görsün. Həkimlərimiz də savadlıdır”.

“Elə dərmanlar da var ki, onlar Azərbaycanda qeydiyyatdan keçməyib”

Baş onkoloq kimyaterapiyalara sərf olunan bəzi bahalı dərmanların Milli Onkologiya Mərkəzinə gətirilmədiyini deyir:

“Məsələn, onkoloji xəstə Aynur Baloğlanovanın da kimyaterapiyası üçün lazımlı dərmanlar gətirilmir”.
Həkim bildirib ki, belə olduğu halda, həmin dərmanları vətəndaşların özləri almalıdır.

Onun sözlərinə görə, Milli Onkologiya Mərkəzində onkoloji xəstələr üçün nəzərdə tutulan dərmanların siyahısının monitorlarda əks olunub.

O hesab edir ki, əhali arasında onkologiya ilə bağlı maarifləndirmə işi zəif aparılır:

“O ki qaldı dərman məsələsinə, əgər dərman varsa, demək, xəstənindir. Onkologiyada istifadə olunan dərmanlar elədir ki, nə həkim, nə də tibb bacısı özünə istifadə edə bilir. Ya da o dərmanı evdə aparıb saxlamırsan ki, qonşunun baş ağrısına istifadə edəsən. Amma elə dərmanlar da var ki, onlar Azərbaycanda qeydiyyatdan keçməyib. “Herceptin” dərmanı 2014-cü ildən gəlmir. Xəstələr özləri alır. Həkimlər resept yazanda xəstəyə deyir ki, bax belə bir dərman var, ala biləcəksən? Onlar razılaşırlar, amma iki-üç dəfədən sonra ala bilmirlər. Bunu elə zamanında demək lazımdır”.

Həkimlər də bilir ki, o dərman ölkədə yoxdur. Dərmanların isə ölkəyə gətirilməsi mənim işim deyil. Tək “Hercept” in deyil, elə bahalı dərmanlar çoxdur. İndi kim gətirir, hardan alınır – bu, bizim iş deyil. Xəstələr mərkəzdə monitora baxıb görə bilirlər ki, hansı dərman var, hansı yoxdur. Burada başlıca problem xəstələrin vaxtında müayinə olunmamasıdır. Dəfələrlə deyirəm ki, vaxtında müayinə olunun. Onkologiya indi artıq günün deyil, saatın problemidir. 30-45 ilin onkoloji xəstələri var ki, düzgün müalicə ilə ömrü uzadır. Bilirsiniz niyə? Çünki məsuliyyətlidirlər. Amma həmişə də deyirəm ki, kimin imkanı yoxdursa, ölməli deyil”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button