2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ManşetSiyasət

Müşavirə iqtisadi fəlakətin miqyasını açıq göstərdi

Dostlar! Bu günlərdə hökumətin 6 aylıq hesabatına həsr edilmiş müşavirə keçirildi. Əhali yenə iqtisadi möcüzə haqqında şirin nağılları dinləməli oldu.

Ramazan bayramına 1 milyon 450 min pensiyaçının pensiyasını verə bilməyən və bir həftə keçməsinə baxmayaraq hələ də pensiyaları ödəyə bilməyən bir hökumət uğurlu inkişaf haqqında nağıl danışmaqdadır. Bu gün məlumat aldıq ki, Sumqayıtda pensiyasını ala bilməyən sakinlər avtomobil yolunu bağlamağa cəhd ediblər. Yaşlı insanlar, sosial yardıma möhtac olanlar saatlarla bankomatların qarşısında növbə çəksələr də cüzi pensiya və müavinətlərini bu günə qədər ala bilməyiblər. Müşavirədə aydın oldu ki, hökumət “islahatlara” aztəminatlı ailələrə göstərilən sosial yardımları kəsməkdən başlamaq istəyir. Adını da qoyurlar guya “bəzi insanlar dövlətdən yardım aldıqlarına görə işləməyə həvəs göstərmirlər”. Hanı o iş yerləri. Bəlkə bunlar 78 min yeni iş yerinin açılması haqqında əfsanəyə özlərini inandırıblar? İnvestisiya xərclərinin kəskin şəkildə azalması məşğulluq səviyyəsini fəlakətli həddə endirib. Müşavirə ölkənin hansı fəlakətin içində olduğunu aydın şəkildə ortaya qoydu. Bu artıq ölkəni bürümüş maliyyə-iqtisadi böhranın növbəti, daha ağır mərhələyə keçməsi deməkdir. Hökumətin müşavirəsinə baxdıqca, orada deyilən sözləri eşitdikcə insanı heyrət bürüyür. Ya bunların ölkədən xəbəri yoxdur, ya da hansısa möcüzəyə ümid bəsləyirlər. Bunlar həyatdan, təsərrüfatdan o qədər uzaq adamlardır ki, sahələri əkinə hazırlamadan sərəncamla, Bakıdan verilən tapşırıqla may ayında pambıq əkib valyuta qazanmaq istəyirlər. Halbuki bu il may ayının sonuna qədər kənd təsərrüfatının emal bölməsinə kredit qoyuluşu 55 faiz aşağı düşüb. Son 10 ildə Azərbaycan kəndlisi illik ödənişi orta hesabla 36 faiz olan kredit əsarətinə salınıb. Bu faiz dərəcələrinin başına bir “şapkada” qoysaq əsl mənzərə daha doğru görsənər. Ödəniş qabiliyyətini itirmiş 2,5 milyon borcludan yüksək faizli kreditləri yığmaq üçün banklar reket qruplarına üz tütür. İndi başdan başa borc əsarətinə saldıqları Azərbaycan kəndlisindən hökumət may ayında əkilən pambığın valyuta gətirəcək məhsulunu gözləyir. Azərbaycan hökumətinin pambıq siyasəti yayda qartopu oyununa bənzəyir. Görək bu avantüraya nə qədər pul silinəcək.

10 ildir bu adamlar qeyri-neft sektoru yaratmaq haqqında təmtəraqlı vədlər verir, çeşidli iqtisadi layihələr irəli sürürlər, regionların sosial-iqtisadi inkişafına 10 milyardlarla dollar vəsait ayırırlar. Bəs indiyə qədər bu 13 ildə niyə yaranmayıb bu qeyri neft sektoru? İqtidar rəsmiləri bir vaxtlar yeni açılan müəssisələrin kəsilən lentlərindən öz tənqidçilərinə kostyum tikəcəklərin vəd edirdilər. Nə qədər ki, gec deyil həmin kostyumu özlərinə sifariş versinlər. Çünki böhranın hamını, o cümlədən onları da lüt qoymaq təhlükəsi çox böyükdür. Niyə bu gün həmin müəssisələr işləmir? Bu ilk növbədə onunla bağlıdır ki, həmin müəssisələrin böyük əksəriyyətinin iqtisadi perspektivi əbcəd hesabı ilə müəyyyənləşdirilmişdi, ikincisi isə həmin subyektlərin sahiblərinin böyük əksəriyyəti son7-8 ayı Bandotdeldə “istirahət” etməli oldu, bir çoxu isə elə oradaca öz mülkiyyətindən imtinaya məcbur edildi. Bundan sonra hökumətin ölkəyə investisiya gətirilməsi təşviqatına kim inanacaq.
Hökumətimiz qeyri-neft sektoru yaratmağın da maraqlı bir üsulunu tapıb. Əvvəllər neft sənayesinin tərkibində olan kimya sənayesini oradan çıxarıb qeyri-neft sektoruna daxil etməklə bu sektorun guya inkişafı haqqında mühüm nəticələr əldə etdiyini əsaslandırmağa çalışır. Halbuki bu vəziyyətdə belə, qeyri-neft sektorunda ixracat 39,5 faiz aşağı düşüb. Sürətlə azalan digər göstəriciləri də bura əlavə etsək deyə bilərik ki, ölkəni xarici bazarla bağlayan bağlar artıq qırılmaqdadır. Bunlar bir sıra ölkələrdən çay adına tullantı gətirib onu qablaşdırıb millətə sırımağı da qeyri-neft sektorunun inkişaf balansına yazırlar. Rusiya Türkiyə münasibətlərində son aylardakı gərginlik məqamında Türkiyədən gətirilib Rusiya bazarına ötürülən 107 min ton meyvə-tərəvəzi də Azərbaycan kənd təsərrüfatının ixrac qabiliyyətinin artması kimi təəssüratlar yaratmağa çalışırlar.

Saytların yığılması Saytlarin yigilmasi

Uğurlu inkişaf hekayəsinin ən maraqlı məqamı bir il ərzində dövlət büdcəsinin real göstəricilərinin təxminən 3 dəfəyə yaxın azalmasıdır. 2015-ci ildə 25 milyard dollar olan büdcə bu il nə az, nə çox 10 milyard dolların aşağısına enib. Fəlakətli vəziyyətdə olan Səhiyyə Nazirliyi 6 ay ərzində ona ayrılan büdcə vəsaitlərinin yalnız 49 faizini xərcləyib. Bu halda bəzi xəstəxanaların insan qəssabxanasına, 3 yaşlı Arzunun boğaz əməliyyatından həyatına itirməsinə, 35 yaşı gənc ana Lumu Veyisovun öd kisəsi əməliyyatından dünyasını dəyişmisinə, 82 yaşlı Tərlan ananın sol ayağı əvəzinə sağ ayağının kəsilməsinə niyə təəccüblənməliyik. Müəllimi ac saxlanılan bir məmləkətin şagirdlərinin 25-30 faizinin öz ana dilində iki almasına niyə təəccüblənmək lazımdır, halbuki ölkəyə rəhbərlik edən hökumət üzvləri belə bir imtahana cəlb edilsələr ondan da yüksək göstəricilərə imza ata bilərlər.

Bu uğurlu inkişaf hekayəsinin bərəkətindən ölkənin xarici borcları kəllə-çarxa çıxıb. Azərbaycan hökumətinin 25 milyard ətrafında borc öhdəliyi var. Ölkəni düşdüyü vəziyyətdən çıxarmaq üçün bir 15 milyard dollara də əşəddü ehtiyac var. İki il əvvəl 75 milyard dollar olan ÜDM-un fonunda xarici borcların xüsusi çəkisi həmin rəqəmin içərisində 10 faizin aşağısında olduğu halda, 2015-də ÜDM 53 milyard dollara, bu ilin 6 ayın yekununa görə isə illik göstəricinin 33-35 milyarda olacağı halda xarici borcun ümumi göstərici daxilində xüsusi çəkisi kəskin şəkildə yüksəlir və yüksəlməkdə də davam edir. Bu ilin 5 ayında ÜDM nə az, nə çox 8,3 milyard dollar aşağı düşüb. Təkcə bu fakt ölkəni hansı fəlakətin gözlədiyin açıqca ifadə edir. Statistik rəqəmlərə baxanda möcüzəyə bənzər mənzərənin şahidi olursan. Məsələn, istilik elektrik stansiyalarına ayrılan mazutun həcmi artdığı halda, istehsal edilən elektrik enerjisinin həcmi azalıb. Yəni korrupsiya göz qabağındadır, bunların orqanizmi mazutla yanaşı elektrik cərəyanını da həzm etməyə adaptasiya olub.

Neftin istehsalı da, qiyməti də aşağı düşür. Son 15 ildə ölkəyə gələn hər 4 manat neft pulundan 3 manatı həzmürabedən keçirilib. Qəribə də olsa son illərdə ölkəyə həm böyük neft pulları daxil olub, həm də ölkə ağır borc öhdəlikləri ilə yüklənib. Ümumi xərci 43 milyard dollara yaxın, iqtisadi səmərəsi isə axıra qədər aydın olmayan Cənub Qaz Dəhlizinin çəkilişi üçün ölkəmiz daha 15-16 milyard dollarlıq borc öhdəliyinin altına girməlidir.

Daxili ehtiyatlar hesabına ölkə iqtisadiyyatına qoyulan yatırımlar 68 faiz, xarici yatırımlar isə 18 faiz azalıb. Qeyri-neft sektoruna yönələn investisiyalar 71 faiz enişdədir. Bu ilin 5 ayı ərzində yaşayışın əsas göstəricisi olan istehlak bazarı 47 faiz aşağı düşüb. Son 5 ayın maliyyə böhranı Mərkəzi Bankın ehtiyatlarını 4,2 milyard həddinə endirib. Bir sıra nüfuzlu dünya şirkətləri bir birinin ardınca ölkəni tərk edir. Xarici ticarət dövriyyəsi 40 faizdən artıq aşağı düşüb, ölkənin əmlak bazarı çöküb, manat can üstündə, bunlar isə hələ də uğurlu inkişaf nağılının cazibəsində milləti yuxuya vermək istəyirlər. Çoxları sadəlövhcəsini hələ də bu hakimiyyətdən islahatlar gözləyir. Biz bu islahatların keçmiş və indiki nümunələrini görmüşük. Bir neçə il əvvəl xalqın sosial vəziyyətini “yaxşılaşdırmaq” adı altında pensiya islahatın necə apardılarsa, islahatdan sonra pensiyaya çıxan eyni vəzifə sahibləri əvvəlki həmkarından iki dəfə az pensiya aldı. Yaxud, gömrükdə baş verən son dəyişiklik gətirib ona çıxardı ki, indi xariclə mal alış-verişi olan iş adamı bu “islahatdan” öncə monopolistə ödədiyindən iki dəfə artıq rüsum ödəməli olur. Nəticədə xaricdən gələn eyni məhsul Gürcüstanda Azərbaycandan 2-3 dəfə ucuz olur. Birdəfəlik bilmək lazımdır gerçək islahatlar “milli” oliqarxlarımızın köklü maraqlarına toxunur, ona görə mühüm dövlət və hökumət postlarını ələ keçirmiş bu oliqarxlar heç vaxt özlərinin köklü maraqları əleyhinə bircə quruşu belə millətə güzəştə getməyəcək. Azərbaycan hakimiyyətinin çağdaş iqtisadi uğur hekayəsinin gerçək, gerçək olduğu qədər də defolt astanasında olan acı mənzərəsi bundan ibarətdir.

Yazı Milli Şuranın sədri, professor Cəmil Həsənlinin facebook səhifəsindən götürülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button