2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Nardaran işi” məhkəməsində Məlikməmmədin nağılı söhbəti…

Nardaran məhbusu “bandotdel”in işçisinə: “İnşallah, Siratda görüşəcəyik…”

Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrindən sonra həbs olunan daha 24 nəfərin mühakiməsi davam edir. Onlar hər birində 12 nəfər olmaqla iki qrupa bölünüb. Tanınmış ilahiyyatçı Zülfüqar Mikayılov və daha 11 nəfərin (Elman Ağayev, Faiq Allahverdiyev, Mehman Quliyev, Mehman Məmmədov, Eldar Bünyadov, Elxan Həsənov, Mübariz İbrahimov, Əli Hüseynov, Ramil Seyfullayev, Ruzi İsmayılov və Cabir Əliyev) işinə Zeynal Ağayevin sədrliyilə baxılır.

Saytların yığılması Saytlarin yigilmasi

“Bizə işgəncə verənlər cinayət məsuliyyətinə cəlb olunsun”

Aprelin 17-də keçirilən məhkəmədə təqsirləndirilən şəxslərdən Ruzi İsmayılov Gəncə şəhər Baş Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin keçmiş rəisi, hazırda isə sadəcə, əməliyyat müvəkkili olan Rasim Qurbanov və Oqtay Orucovun barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa müraciət olunması haqda vəsatət qaldırıb.

Təqsirləndirilən şəxslərdən Gəncə sakinləri olan Ruzi İsmayılov, Mübariz İbrahimov və Ramil Seyfullayev məhkəmədə ifadə verərkən adları çəkilən şəxslərin onlara dəhşətli işgəncələr verməsindən, insan ləyaqətini alçaldan hərəkətlərdən danışmışdılar. Sözügedən polislər məhkəmədə dindiriləndə onların elədiklərini üzlərinə də demişdilər.

Ruzi İsmayılov vəsatətini əsaslandırarkən bildirib ki, bu adamlar işgəncə verməkləri bir yana, məhkəmədə də onları təhqir ediblər, Oqtay Orucov yalan ifadə verib. Orucov təqsirləndirilən şəxslərdən birinin saxlanılarkən onu vurduğunu iddia edib.

Vəsatət baxılmamış saxlanılıb.

Ruzi İsmayılovun ikinci vəsatəti Rasim Qurbanov və Oqtay Orucovun məhkəmə-psixiatrik ekspertizasından keçirilməsi barədə olub. Ruzi İsmayılov həmin şəxslərin məhkəmədə ifadə verərkən qeyri-normal hərəkətlər etmələri ilə əsaslandırıb.

Hakim Zeynal Ağayev vəsatətin yazılı şəkildə verilməli olduğunu bildirib. Ruzi İsmayılov növbəti prosesdə yazılı vəsatəti təqdim edəcəyini deyib.

Prezidentin sərəncamı necə oldu?

Daha sonra Elxan Həsənovun vəkili Ramiz Məmmədov müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılması barədə vəsatət verib. Vəkil bildirib ki, Elxan Həsənov barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün heç bir əsas olmayıb. Müdafiəçinin sözlərinə görə, Elxan Həsənov Nardaran hadisələri zamanı ölkədən kənarda olduğu halda, ona 10 maddə ilə ittiham verilib. Vəkil ilbtidai istintaqın düzgün aparılmadığını, Elxan Həsənovun evində axtarışı istintaq qrupunun üzvü olmayan şəxsin apardığını, istintaq qrupunun üzvlərindən birinin heç bir sənəddə imzasının olmadığını və imzası olmayan şəxsdən ifadə alındığını deyib.

Ramiz Məmmədov həmçinin Elxan Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin prezidentin cəza siyasətinin humanistləşdirilməsi barədə 10 fevral 2017-ci il tarixli sərəncamından doğan məsələlərə xidmət etmədiyini, həbsin qanunsuz və əsassız olduğunu deyib. Vəkil 2017-ci ilin islam həmrəyliyi ili olmasını xatırladaraq, hakimdən islamçı ilə həmrəylik nümayiş etdirməsini istəyib.

Amma bu vəsatət də təmin edilməyib.

“Yazmalıydım ki, guya məndə silah var”

Daha sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (bandotdel) əməkdaşları şahid qismində dindirilib. Əvvəlcə idarənin baş əməliyyat müvəkkili İbrahim Kazımov ifadə verib.

Kazımovun kimliyi hələ Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə, AXCP sədrinin müavini Fuad Mustafayev və daha 16 nəfərin məhkəməsindən məlumdur. Onun dindirildiyi məhkəmə iclasları qalmaqalla yadda qalmışdı. Çünki Taleh Bağırzadə, eləcə də “bandotdel”də saxlanılan digərləri orada onlara ən çox və dəhşətli işgəncə verənlərdən birinin məhz İbrahim Kazımov olduğunu bildirmişdilər.

Bugünkü məhkəmədə İbrahim Kazımov təqsirləndirilənlərdən Faiq Allahverdiyevi saxladıqlarını bildirib: “2016-cı il yanvarın 21-də Samur sərhəd-keçid məntəqəsinin əməkdaşları bir nəfəri saxlayaraq İdarəyə gətirdilər. Həmin şəxs etiraf etdi ki, evində silah-sursat var. 3 nəfər İdarənin əməkdaşı və 2 nəfər hal şahidi ilə birlikdə evinə getdik, ərizə yazdı ki, evində axtarış aparılmasına etiraz etmir. Evə girdik, heç kim yox idi, evdə qumbara və tratir şaşkası aşkar edildi. Sənədləşdirdik və İdarəyə gəlib protokollaşdırdıq”.

Kazımov vəkillərin suallarına cavab verərəkən evin otaqlarının sayının nə qədər olmasını xatırlamayıb. Deyib ki, həmin əməliyyatdan sonra çox əməliyyatlarda iştirak edib, ona görə də yadında qalmayıb. O, əməliyyat zamanı videoçəkiliş aparıldığını deyib.

Şahidin dedikləri ilə bağlı çarpaz dindirmə zamanı Faiq Allahverdiyev isə bunları deyib: “Belə razılaşdırıldı ki, mən yazım, guya məndə silah var”.

Axtarış aparılan zaman evdə adam olduğunu, İdarənin əməkdaşalrının evə girməyərək, yalnız evin zirzəmisinə daxil olaraq, özləri qoydularını özlərinin də götürdüklərini deyib.

Vəkil Bəhruz Bayramovun “Sizcə 26 noyabr 2015-ci il tarixli Nardaran hadisəsindən sonra bu şəxs hansı məntiqlə silah saxlayardı?” sualını polisin cavablandırmasına hakim imkan verməyib: “Biz burada məntiq məsələlərinə baxmırıq”.

İbrahim Kazımov ona verilən suallara cavab olaraq əməliyyatın 30-40 dəqiqə çəkdiyini bildirib, lakin Faiq Allahverdiyev əməliyyatın 3-5 dəqiqə çəkdiyini deyib.

“Mən heç vaxt üzə durmamışam. Heç nədən xəbərim yoxdur, niyə mənə o qədər maddə qoymusunuz? İnşallah Siratda  görüşəcik”, – deyə təqsirləndirilən Faiq Allahverdiyev İbrahim Kazımova deyib.

Daha sonra BMCMİ-nin başqa bir əməliyyat müvəkkili Mehman Teymurov ifadə verib. O da təqsirləndirilən şəxslərdən yalnız Faiq Allahverdiyevi tanıdığını deyib: “21 yanvar 2016-cı ildə Faiq Allahverdiyevi gətirdilər İdarəyə. Sonra evinə baxış keçirildi. Zirzəmidən 2 qumbara, 3 ədəd kitabça aşkar edildi. Sənədləşdirildi və İdarədə protokollaşdırıldı”.

Vəkil Zibeydə Sadıqovanın “Siz aşkar edilən kitabçanı oxumusunuz?”  (“Taleh Bağırzadənin müraciəti” adlı kitabça. Bağırzadə bildirir ki, bu kitabçanın ona heç bir aidiyyəti yoxdur, onların həbsindən sonra hüquq-mühafizə orqanları özləri düzüb-qoşublar) sualına şahid “Bəyəm ora kitab oxumağa getmişdim?“ cavabını verib. Vəkilin “Bəs elə isə niyə başqa kitabları yox, həmin kitabçanı götürmüsünüz?” sualına isə şahid Teymurov “Məlikməmmədin nağılı olan kitabı götürəsi deyildim ki!” cavabını verib.

Təqsirləndiirlən Mehman Quliyevin də “Niyə başqa kitabları yox, ancaq o kitabı götürmüsünüz?” sualına isə şahid “Bu suala cavab verdim də. Sən deyəsən bizim söhbətimizə qulaq asmırdın” cavabını verib.

“Evimizin qapısını sındırdılar, atamı da tutdular”

Daha sonra İdarənin əməkdaşı Kamil Məmmədov ifadə verib. O, təqsirləndirilənlərdən Mehman Quliyevi tanıdığını desə də, təqsirləndirilən şəxslər arasında onu tanıya bilməyib.

Kamil Məmmədov 26 noyabr 2015-ci ildə Nardaranda keçirilmiş əməliyyatdan sonra Mehman Quliyevin saxlanılması əməliyyatında da iştirak etdiyini bildirib: “Mənə əməliyyat məlumatı daxil olmuşdu, əməliyyat qrupu yaradıldı, qrupa mən rəhbərlik edirdim. Getdik Nardarana, 1 dekabr 2015-ci ildə Mehman Quliyevin evinin qarşısında əməliyyat mövqeyi seçdik. O darvazadan çıxanda saxladıq. Razılıq ərizəsini alıb, axtarış üçün evinə getdik, özü dedi ki, qonaq və yataq otağında nəsə var. Qonaq otağında xəncər var idi, yataq otağındakı siyirmədən də 2 qumbara, 10 ədəd patron və çağırışlar olan 3 ədəd kitabçanı özü bizə verdi, qablaşdırdıq, İdarədə protokollaşdırdıq”.

Vəkillərin suallarına cavab verərkən Kamil Məmmədov əməliyyatda mülki geyimdə olan 3 nəfər İdarənin əməkdaşının-onun, İslam Ağabəyovun və Şahlar adlı digər əməkdaşın, 2 nəfər hal şahidinin iştirak etdiyini deyib. Lakin Mehman Quliyev evinə 3 nəfər yox, 15 nəfərin gəldiyini, həmin şəxslərin mülki geyimdə yox, xüsusi geyimdə və maskada olduqlarını, onların evinin qapısını təpiklə sındırıb açdıqlarını deyib. O, atasının da saxlanıldığını, lakin sonradan onu buraxdılarını bildirib. Şahid isə əməliyyat zamanı başqa heç kimin saxlanılmadığını deyib.

Kamil Məmmədov əməliyyat zamanı videoçəkilişdən istifadə olunmadığını bildirib. Halbuki digər şahid Kazımov videoçəkilişdən istifadə olunduğunu demişdi.

“O buraxılmasa, biz də məhkəmədə iştirak etməyəcəyik”

Mehman Quliyev evində axtarış aparılması barədə ərizəni axtarışdan sonra İdarədə Kamil Məmmədovun onu döyərək aldığını deyib.

Bu zaman təqsirləndirilən Zülfüqar Mikayılov deyib: “Getsin ermənini vursun. Erməninin qabağından qaçıblar. Burada elə danışır ki, elə bil qəhrəmanlıq edib”.

Hakim Zülfüqar Mikayılova deyib ki, ona sonuncu dəfə xəbərdarlıq edir, bir də belə hal təkrarlansa, onu zala buraxmayacaq.

Digər təqsirləndirilən şəxslər Zülfüqar Mikayılovun zala buraxılmayacağı halda, onlar da prosesdə iştirak etməyəcəklərini bildiriblər.

Mehman Quliyevlə polis Kamil Məmmədov arasında belə dialoq olub:

– Bizim evimizin iki qapısı var, biri böyükdür, biri isə kiçik. Siz hansından həyətə içəri daxil oldunuz?

– Darvazadan.

– Bizim darvazamız yoxdur, qapılarımızın isə ikisi də kiçikdir. Dediyiniz silah-sursatı haradan tapdınız?

– Göy rəngli dolabdan.

– Bizim belə rəngdə mebelimiz yoxdur.

Məhkəmə mayın 1-də davam edəcək.

Azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button