2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Naxçıvan sakini: “Bəs mənim ailəm çörək yeməməlidir?!”

Yayımlandı: 25 Fevral 2023 18:45

İlqar Hacıyev: “Naxçıvanda polis məni qanunsuz iki gün saxladı, o müddətdə işdən çıxarıldım”

Naxçıvan Beynəlxalq Hava Limanında çalışan İlqar Hacıyev deyir ki, polisin qanunsuzluğu və özbaşılığıyla üzləşib. Onun sözlərinə görə, özü zorakılığa, məruz qalıb, bir müddət polis idarəsində saxlanmaqla yanaşı, həm də işini itirib. Nəticədə özü və ailəsi maddi baxımdan ağır duruma düşüb.

Saytların yığılması Saytlarin yigilmasi

“Heç bir araşdırma aparmadan ailə başçısını işdən çıxarmaq belə asan olmamalıdır”

Hava limanında dispetçer vəzifəsində çalışan İlqar Hacıyev Meydan TV-yə danışır ki, hadisə 2022-ci il dekabrın 1-də baş verib. Deyir ki, həmin gün axşam saat 18 radələrində Naxçıvan Şəhər Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin rəisi Şahin Novruzov onu idarəyə aparıb. Onun sözlərinə görə, dərhal mobil telefonu əlindən alındığına görə iş yerinə də gələ bilməyəcəyi haqda məlumat verə bilməyib:

“Orada Elvin adlı şəxsə bu barədə dedim. Mənə bildirdi ki, iş yerimə – hava limanına polisdə olmağım haqda məlumat verilib. Dedilər ki, haqqımda şikayət var. Onu araşdırmaq üçün məni iki gün saxladılar. Şikayət geri götürüldü, günahsız olduğuma görə barəmdə nə cinayət işi başlandı, nə inzibati qaydada tədbir görüldü…”.

İlqar Hacıyev bildirib ki, bu hadisədən iki gün sonra o, Naxçıvan Beynəlxalq Hava Limanının direktoru Mansur Gülməmmədlinin göstərişi əsasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud vəzifələrini kobud şəkildə pozduqda) işdən çıxarılıb:

“Halbuki, mənim işimə – 12 saatlıq növbəmə getməməyim özümdən asılı olmayan səbəbdən baş verib. İndiki vaxtda bir ailə başçısını heç bir araşdırma aparmadan, dinləmədən işdən çıxarmaq belə asan olmamalıdır. Söhbət təkcə hüquqdan, qayda-qanundan getmir. Heç bir günahım olmadığı halda, əmək kitabçama o maddəni yazıblar, başqa iş tapmağıma da mane olur. Bəs mənim ailəm çörək yeməməlidir? İnsana belə zülm eləyərlər?!”

Polis idarəsində həyəti süpürmək üçün məni döyürdü…”

İlqar Hacıyev polis idarəsində olduğu müddətdə orada zorakılığa məruz qaldığına da vurğulayıb. Onun sözlərinə görə, adını bilmədiyi çavuş ondan idarənin həyətindəki yarpaqları süpürməsini istəyib, deyib ki, rəis əvəzi Elvin Səfərlinin göstərişidir.

“Mən süpürməkdən imtina elədim. Növbətçi hissənin rəisi Sərxan Teymurov qolumu burub, pilləkənlərdən aşağı itələdi. Məni döyməyə başladı, başıma zərbələr vururdu. Axırda oradakı çavuşlar, oranın çayxanasını işlədənlər araya girdilər. Bütün bunlar binanın daxilindəki təhlükəsizlik kameralarının qarşısında baş verirdi. Oradakı polislərin dediyinə görə, Sərxan Teymurov Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qohumudur, ona heç kim heç nə deyə bilmir”, – İlqar Hacıyev əlavə edib.

DİN: “İddialar həqiqəti əks etdirmir”

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Meydan TV-yə açıqlamasında İlqar Hacıyevin Naxçıvan Şəhər Polis İdarəsində qanunsuz saxlanması və pis rəftara məruz qalması haqda iddialarının əsassız olduğunu bildirib.

“Bu haqda iddialar həqiqəti əks etdirmir. Onun işdən çıxarılması məsələsi də polisin səlahiyyətlərinə aid deyil. Həmin şəxs onun haqqında daxil olmuş müraciətlə əlaqədar polis orqanına dəvət olunub və izahatı alınandan sonra sərbəst buraxılıb. Onun hansı formada, hansı şərtlərlə işdən çıxarılmasıyla bağlı polis orqanında heç bir məlumat yoxdur”, – DİN rəsmisi belə deyib.

Naxçıvan Beynəlxalq Hava Limanından isə bu məsələ ilə əlaqədar şərh vermək istəməyiblər.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button