Loading...
Loading...
Xəbərlər

NRGI hesabatı növbəti “Doing business” böhranı yarada bilər

Bu günlərdə mən Azərbaycan üçün 2021-ci il Təbii Ehtiyatların İdarə Edilməsi İnstitutu (NRGI) tərəfindən hazırlanmış resursların idarə olunması indeksi ilə tanış oldum.

 Orada göstərilir ki, Azərbaycanın neft və qaz sektoru 2021-ci il Təbii Resursların İdarəedilməsi İndeksində (RGİ) 100 baldan 56 bal toplayaraq, 2017-ci ilin Təbii Resursların İdarəedilməsi İndeksi ilə müqayisədə doqquz pillə yüksəlib. Ölkənin bu sektordan yaranan dəyərin reallaşması qabiliyyəti və ümumi “əlverişli mühit” göstəricisi son qiymətləndirmədən sonra pisləşsə də, gəlir idarəçiliyi üzrə göstərici 35 pillə irəliləyib və hazırda “yaxşı” icra qrupuna daxil olub. Bu artım və bu göstərici nə dərəcədə realdır?

Əvvala onu deyim ki, burada dəyərləndirmənin nəticələrinə görə yerlər 5 cür qruplaşdırılıb: “uğursuz”, “qeyri-qənaətbəxş”, “zəif”, “qənaətbəxş”, “yaxşı”. Təbii Resursların İdarəedilməsi İndeksinə  qiymət vermək üçün  3 ümumi göstərici üzrə dəyərləndirmə aparılıb:

1)    Dəyərin reallaşması (49 bal – 39 bal);

2)    Gəlirlərin idarəolunması (43 bal – 78 bal);

3)    Əlverişli mühit (49 bal – 50 bal).  

Sənədə görə, 1-ci göstərici (dəyərin reallaşması) üzrə vəziyyət 2021-ci ildə pisləşib və indeks göstəricisi 2017-ci illə müqayisədə 10 bal azalaraq 49-dan 39-a düşüb. 10 ballıq azalma Azərbaycanın yerini “zəif” qrupundan  “qeyri-qənaətbəxş” qrupa endirib. “Dəyərin reallaşması” göstəricisinin  pisləşməsi üzrə burada gətirilən arqumentlər güclüdür.

 Lakin sənədə görə, 2-ci göstərici (gəlirlərin idarəedilməsi) üzrə vəziyyət yaxşılaşıb. İndeks 43-dən 78-ə yüksəlib və ya yüksəldilib. Bal artımı 35-dir. Bu göstəriciyə görə Azərbaycanın yeri “qeyri-qənaətbəxş”dən “yaxşı”ya dəyişib.

Qeyd edilən 3-cü göstərici (əlverişli mühit) üzrə Azərbaycana verilən bal 49-dan 50-yə qaldırılıb. 1 bal artımı olsa da, bu göstəriciyə görə Azərbaycanın yeri yenə də “zəif “ qrupunda  qərarlaşıb. Bu üç göstərici üzrə nəticələrin bu cür dəyişməsinə görə Təbii Resursların Qiymətləndirilməsi İndeksi 9 bal artaraq 47-dən 56-ya qalxıb:

Buradan göründüyü kimi, RGI üzrə vəziyyətin nisbətən yaxşılaşmasına əsas görüntü verən 2-ci göstəricinin dəyişməsidir. Doğrusu, bu göstəricinin 78 balla qiymətləndirilməsi və 35 bal irəliləyişə nail olunması xeyli şübhəlidir. Qiymətləndiricilər ona istinad ediblər ki,  bu göstərici  üzrə yaxşılaşma  bir sıra fiskal qaydaların qəbul edilməsi və ARDNF-nun hüquqi çərçivələrinin təkmilləşdirilməsi ilə əlaqədardır. Təkmilləşməni də onunla  izah ediblər ki, Azərbaycan hökuməti 2019-2020-ci illər üçün büdcə və hökumət xərclərini açıqlayıb, Maliyyə Nazirliyi həm neft-qaz sektorundan əldə edilən gəlirləri açıqlamağa başlayıb, həm də neft gəlirlər üzrə proqnozları dərc eləyir, ARDNF-nun  illik hesabatları işıq üzü görür, maliyyə hesabatlarının xarici maliyyə auditi aparılır və sairə.

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

Məsələ bundadır ki, hesabatda müsbət addım kimi qeyd edilən bu istinadlar  2019-cu ildən, hətta 2017-ci ildən əvvəlki dövrlərdə də mövcud olub.  Neft-qaz gəlirləri, dövlət büdcəsində bu gəlirlərin payı haqqında məlumatlar 2017-ci ildən əvvəlki dövrlərdə də  ictimailəşdirilirdi. Dövlət Neft Fondu, demək olar ki, fəaliyyətə başladığı gündən illik hesabatlar hazırlayır, öz internet səhifəsində maliyyə auditinin nəticələri haqqında hesabatlar yerləşdirir. Məsələn aşağıdakı məlumat mənbələrinə baxmaq olar:

https://oilfund.az/report-and-statistics/get-download-file/8_2014.pdf;

https://oilfund.az/report-and-statistics/report-archive).

Aydın olur ki, sənədi hazırlayanlar, belə demək mümkünsə, 2017-ci ilə qədər mövcud olanları  2017-2021-ci illərin “yeniliyi” kimi təqdim ediblər. Necə deyərlə,  Təbii Resursların İdarəedilməsi İnstitutunun “mütəxəssisləri” yeni dövrdə köhnə məlumatları yeni aranjemanda təqdim etməklə “Gəlirlərin idarə olunması” indeksini  “yaxşılaşdıra biliblər”.  Bu səbəbdən  “35 bal” artımına  dair qiymətləndirmənin nəticəsini əsaslı hesab etmək olmaz. Əgər bu göstərici üzrə qiymətləndirmənin nəticəsi şübhə altına alına bilirsə, RGİ üzrə açıqlanan yekun göstərici ciddiyə alına bilməz.

3-cü göstəricinin – “əlverişli mühit” göstəricisinin 50 balla qiymətləndirilməsi də, fikrimcə gerçək vəziyyətə adekvat deyil. Bu göstəricinin yaxşılaşması hansısa bir şəkildə, məsələn,  investisiyaların dinamikasına azacıq olsa da,  müsbət təsir etməliydi. Lakin rəsmi statistika göstərir ki, 2017-2021-ci illərdə Azərbaycana investisiyaların dinamikasında yaxşıya doğru irəliləyiş olmayıb. Nəinki olmayıb, hətta  bu dövrdə xarici investisiyalar 49%, daxili investisiyalar isə 72% azalıb. “Əlverişli mühit” indeksi necə yaxşılaşıb ki, yüngülvari şəkildə olsa da, investisiyalara artırıcı təsir göstərə bilməyib? Fikrimcə, çox ciddi əks göstərişdir. Bundan əlavə 3-cü bölmədə   ciddi məsələ ölkədəki idarəetmənin ümumi keyfiyyəti ilə bağlıdır, yəni korrupsiya azalıbmı, ona qarşı effektli mübarizə aparılırmı,  müstəqil məhkəmə varmı,  mətbuat azaddırmı, QHT sektoru, vətəndaş cəmiyyəti hansı vəziyyətdədir, açıq hökumət, hesabatlılıq mövcuddurmu? Ölkədə bütün bu istiqamətlərin hamısı üzrə vəziyyət bərbaddır və bunu beynəlxalq hesabatlar da təsdiq edir. Hesabatda bunların üzərindən sükutla keçilir.

 Çıxardığımız ümumi nəticə budur ki, qiymətləndirmə 1-ci göstərici üzrə əsaslı, 2-ci və 3-cü göstəricilər üzrə  əsassızdır. Odur ki, Təbii Resursların İdarəedilməsi İndeksinin 9 bal artması üzrə hesabat obyektiv görünmür və belə yanaşma növbəti “Doing business” böhranı yarada bilər. 

Camil Həsənli, tarix elmləri doktoru

Turan

“24 saat”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button