Xəbərlər

OPHRD Elçin Məmmədi azad etməyə çağırıb

Loading...

 

    Bakı/23.10.21 İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatının
(OMCT) və Beynəlxalq İnsan Hüquqları Federasiyasının (FIDH) birgə
proqramı olan Hüquq Müdafiəçilərini Müdafiə Observatoriyası (OPHRD)
fəal Elçin Məmmədin cəzasının yumşaldılmasından imtina ilə əlaqədar
Azərbaycan hakimiyyətinə müraciət hazırlayıb.
    9 oktyabr 2021-ci il tarixində Suraxanı rayon məhkəməsi Elçin
Məmmədin qalan həbs cəzasının şərti cəza və ya azadlıqdan məhrumetmə
ilə bağlı olmayan digər alternativ cəza ilə əvəz edilməsi xahişi ilə
verdiyi müraciəti təmin etməyib.
    “Məhkəmə Elçin Məmmədin həbsdə saxlanıldığı müddət ərzində
penitensiar qaydaların hər hansı pozuntusuna yol verməməsinə
baxmayaraq, irəli sürülmüş ittihamlarla özünü təqsirli bilmədiyini
bildirib. Təcili addımlar atılmasına dair bu çağırış dərc edilərkən
Elçin Məmməd Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 14 saylı
cəzaçəkmə müəssisəsində həbsdə qalmaqdadır, burada adekvat tibbi
yardım olmadığına görə onun səhhəti kəskin şəkildə pisləşib”, deyə
müraciətdə bildirilir.
    Müraciət müəllifləri Məmmədin internetdə Azərbaycanda insan
hüquqları sahəsində vəziyyət haqqında tənqidi hesabat dərc etdikdən
bir neçə gün saxlanıldığını qeyd ediblər. Polis onun ofisində 7500
manat (təxminən 4070 avro) dəyərində oğurlanmış zinət əşyaları və
döyüş sursatları aşkar edildiyini iddia edib. 14 oktyabr 2020-ci il
tarixində Sumqayıt şəhər məhkəməsinin Məmmədi dörd il müddətinə
azadlıqdan məhrumetmə cəzasına məhkum etdiyi şərait hüquq
müdafiəçisinin ədalətli məhkəmə təhqiqatı hüququndan məhrum olduğunu
düşünməyə əsas verir. “Məhkəmədə təqdim edilə dəlillər etibarlı
deyildi və Məmmədin həbsinə gətirib çıxarmamalı idi, eyni zamanda,
görünür, ibtidai istintaq mərhələsi də dəlillərin saxtalaşdırılması
ilə müşaiyət olunub”, deyə müraciətdə qeyd edilir.
    OPHRD Məmmədin səhhəti ilə bağlı hədsiz narahatlığını bildirir və
Azərbaycan hakimiyyətini israrla onu dərhal və qeyd-şərtsiz azad
etməyə və adekvat tibbi yardımdan faydalanmasına imkan verməyə
çağırır. Təşkilat Məmmədin işini “Azərbaycanda ciddi və geniş yayılmış
sui-istifadələrin və hüquq müdafiəçilərinin qorxudulmasının rəmzi”
adlandırıb.
    Müraciət Azərbaycan prezidentinə, baş prokuroruna, XİN başçısına
və ədliyyə nazirinə, həmçinin ölkənin BMT-nin Cenevrə Ofisi yanındakı
missiyasının rəhbərinə ünvanlanıb.
    Məmmədin vəkili Fariz Namazlı Turan-a bildirib ki, məhkəmənin
cəzanın yumşaldılmasından imtina qərarından apellyasiya şikayəti
veriləcək.
    Xatırladaq ki, 17 oktyarb 2020-ci il tarixində Sumqayıt şəhər
məhkəməsi “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin
rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi
“oğurluqda” və “qanunsuz silah və döyüş sursatları saxlamaqda”
təqsirli bilərək 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum
edib.
    Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi
yardım göstərdiyi qadın şikayət edib. Bundan əvvəl həmin qadın
criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.
    Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir.
Amnesty İnternational, PEN, FİACAT və digər beynəlxalq təşkilatlar
Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi
məhbus kimi tanıyıblar. -06B-

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button