2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Parisdən Bakıya qarşı Qarabağ həmləsi, yaxud Olland gözünü nəyə dikib? – TƏHLİL

Fransa prezidenti Fransua Ollandın ölkəsindəki erməni təşkilatlarının koordinasiya şurasının toplantısındakı çıxışı göstərdi ki, o, Dağlıq Qarabağ məsələsinə “fransız” qalıb. Lakin o da məlumdur ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi olan Fransa prezidentinin “fransızlığı” bilməməzlikdən yox, məqsədli şəkildə edilən siyasi gedişdir.

Olland münaqişənin həllində “Madrid prinsipləri”ni xatırladaraq, “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədib və iddia edib ki, həll prosesi “Dağlıq Qarabağ xalqının öz müqəddəratına əsaslanmalıdır”.

Halbuki, “Madrid prinsipləri”ndə ərazi bütövlüyü məsələsi öz müqəddəratı məsələsindən öndə gəlir. Bununla yanaşı, aparılan danışıqların baza hissəsi “Madrid prinsipləri”ndən ibarət olsa da, bu sənəd nə Azərbaycan, nə də Ermənistan parlamentində təsdiq olunub. Çünki bu sənədə Azərbaycan tərəfi bir sıra əlavələr edib, Ermənistan tərəfi isə bu əlavələrlə razılaşmır.

Saytların yığılması Saytlarin yigilmasi

Fransa prezidentinin bütün bunları bildiyi də məlum məsələdir. Lakin onun bilərəkdən, Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüququn əksinə çıxış etməsinin arxasındakı səbəblər maraqlıdır.

Olland erməni təşkilatlarının qarşısında çıxışı zamanı onların mövqeyini müdafiə etməsi təəccüblü deyil. Hesab etmək olar ki, o, məhz ermənilərə xoş gəlmək üçün bu fikirləri səsləndirir. Lakin onu Fransanın vasitəçilik missiyasına zidd olan və Azərbaycanla münasibətlərə kölgə salacaq fikirlər səsləndirməyə nə vadar edir? O, daha konstruktiv mövqe tuta bilərdi və buna görə yəqin ki, auditoriyanın etirazı ilə qarşılanmazdı. Lakin beynəlxalq hüququn və vasitəçilik prinsiplərinin ziddinə olan, həmçinin, Fransa maraqlarına uyğun olmayan mövqe sərgilədi.

Olland niyə ermənilərin könlünü oxşayır?!

Bu ilin aprelində Fransada prezident seçkiləridir. Fransua Olland seçkilərdə namizədliyini irəli sürməyəcəyini açıqlayıb. Əgər namizədliyini irəli sürsəydi belə onun seçilmək şansı çox aşağı olacaqdı. Çünki məhz Ollandın dövründə Fransa siyasi, iqtisadi, eləcə də nüfuz böhranı yaşadı. Araşdırmalar da göstərir ki, seçki vaxtı verdiyi vədlərin 60 faizini yerinə yetirməyən Olland fransızların qəzəbinin hədəfindədir.

Bu baxımdan, Yelisey sarayını tərk edəndən sonra onu keçmiş prezident təqaüdü almaqdan başqa, heç bir gələcək gözləmir. Məsələyə məhz fransızların nöqteyi-nəzərindən yanaşdıqda, Ollandın erməni diasporuna “xoş gəlmək” gedişinin səbəblərinə müəyyən aydınlıq gəlir: Fransa erməni diasporunun ən güclü olduğu ölkələrdən biridir və bu ölkənin biznes sahəsində ermənilərin payı böyükdür. Yəni, Fransadakı erməniləri “pul kisəsi” hesab etmək olar. Ollandın da arxasınca Yeliseyin qapısını bağlayandan sonra bu kisədən pay almaq niyyəti gözardı edilməməlidir. Əks təqdirdə, məcbur olmadığına baxmayaraq, onun beynəlxalq hüququn əksinə çıxış etməsinin səbəbi nə ola bilərdi ki?!

Məsələyə Ollandın şəxsindən kənar yanaşanda, erməni diasporunun (eləcə də lobbisinin) dəyişən geosiyasi mənzərədə manevr etdiyini hesab edə bilərik.

Çünki; indiyə qədər erməni lobbisinin əsas məkanı ABŞ sayılıb. Obamanın iki dəfə prezidentliyi dövründə erməni lobbisi özünün baharını yaşayırdı və biz zaman-zaman məhz erməni lobbisinin təsiri ilə ABŞ-ın Azərbaycana qarşı bəyanatlarını müşahidə edirdik. Donald Trampın Ağ Evə köçməsindən sonra isə ABŞ-dakı erməni lobbisinin qışı başlandı və onlar mövcud gerçəkliklə yanaşı, müəmmalı gələcəyin arasında var-gəl edirlər. Bütün cəhdlərinə baxmayaraq, Donald Tramp erməni lobbisinin üzünə qapıları bağlayıb. ABŞ-da “California Currier” qəzetinin redaktoru Arut Sasunyan da təsdiqləyir ki, erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qalıb.

Hesab etmək olar ki; Ağ Evdən qovulan ermənilər Yelisey sarayına üz tutublar və beynəlxalq dəstəyi məhz Fransa vasitəsilə almaq niyyətindədirlər. Bunun üçün yetərincə potensial da var:

1. Erməni lobbisi Fransada ciddi gücə sahibdir,
2. Fransa qondarma erməni soyqırımı məsələsini dəstəkləyən əsas ölkədir,
3. Fransanın Olland kimi “zəif” prezidenti var.

Bu şərait ermənilərə imkan verir ki, Fransua Ollandın getməyə hazırlaşdığı bir vaxtda onun dilindən öz maraqlarına uyğun ifadələr çıxartsınlar və buna nail oldular da. Təbii ki, ermənilər qondarma soyqırımının “100-cü ildönümündə” İrəvana səfər etmiş bir neçə prezidentdən biri olan Ollandı danışdırmaq üçün çox da əziyyət çəkməyib. Fransa prezidenti Serj Sarkisyanı martın 8-də Parisə dəvət edib. Güman ki, həmin görüşdə Olland öz dəstəyini davam etdirəcək. Belə fikir yarana bilər ki; “Ollandın Yelisey sarayını tərk etməsinə qədər gözləmək lazımdır, ondan sonra…”.

Həqiqətənmi hər şey Ollandın gedişindən sonra dəyişəcəkmi, yaxud Fransa “respublika tarixinin ən zəif liderini” yola salandan sonra Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq hüquq və ədalət çərçivəsindən yanaşacaq?! Təcrübə göstərir ki, toplananların yeri dəyişsə də, cəm dəyişməyəcək. Olland gedəcək, Yeliseyə yeni lider gələcək və güman ki, o da “fransız qalacaq”.

İndiyə qədər qondarma erməni soyqırımını müdafiə edən Fransanın Qarabağ məsələsində bundan sonra da “erməni mövqeyini” bayraq edəcəyi aydın məsələdir. Yəni, Fransa elə mahiyyətcə “fransız” olaraq qalacaq. Burada səbəblərdən biri erməni diasporunun gücüdürsə, ikincisinin məhz mahiyyət olduğunu deyə bilərik. Azərbaycanın indiyə qədər Fransada həyata keçirdiyi mədəni dəstəyə rəğmən, Yelisey sarayının sərgilədiyi mövqe də bunu sübut edir.

Çıxış yolu…

Çıxış yolu nə liderlərin dəyişməsində, nə də Yeliseyin beynəlxalq hüquqdan çıxış etməsi üçün atılan addımlardadır. Yeganə çıxış yolu Fransanın ATƏT-in Minsk qrupundan çıxarılmasıdır. Onun yerinə Türkiyə, yaxud Almaniyanın gəlməsi daha məntiqə uyğun olar. Rəsmi Bakı bunu indiyə qədər dilə gətirib. Hətta Almaniya kansleri Angela Merkel də Minsk qrupunda təmsil olunmaq istədiklərini bəyan etmişdi. Bu məsələnin yenidən gündəmə gətirilməsinin vaxtıdır.

2015-ci ildə Minsk qrupunun Türkiyə və Almaniyanın da təmsil olunduğu “5-lik Sədrlər Şurası”nın yaradılması təklifi də gündəmdə idi. Bu baş tutmadı. Lakin indi bu kimi məsələlərin beynəlxalq müstəviyə çıxarılmasının məqamı yetişib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button