SEÇMƏ

Paşinyan Rusiyanı qovub, Qərbi gətirir

Avropa İttifaqının (Aİ) 200-dən artıq nümayəndədən ibarət yeni missiyası fevralın 20-dən etibarən Ermənistanda fəaliyyətə başlayacaq. İrəvana göndəriləcək yeni heyətlə bağlı qərarın yanvarın 23-də Aİ xarici işlər nazirlərinin Brüsseldə keçiriləcək görüşündə veriləcəyi gözlənilir.

Bundan əvvəl Avropa Şurasının siyasət və təhlükəsizlik komitəsi belə bir layihəni qəbul edib, yanvarın 16-da isə onu müşahidə missiyaları ilə məşğul olan komitə təsdiqləyib. 

Ermənistana göndəriləcək heyətin silahsız olacağı bildirilir. Onların mandatına gəlincə, Ermənistanın Azərbaycanla sərhədyanı və konfliktin təsir göstərdiyi rayonlarında insidentlərin, orada yaşayan əhali üçün təhlükənin azaldılması və bununla da Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün əlverişli şəraitin yaradılmasından ibarətdir.

Aİ-nin Xarici İşlər Nazirliyinə tövsiyə olunub ki, yaxın günlərdə xüsusi fəaliyyət planı hazırlasın, missiyanın təhlükəsizliyinin hansı vəsaitlə təmin olunacağı, risklərin necə dəyərləndiriləcəyi, hansı müdafiə vasitələrinin təqdim olunacağı, gərəkərsə, müşahidəçilərin evakuasiyasının necə təşkil olunacağı göstərilsin.

Xatırladaq ki, Avropa İttifaqının bundan əvvəl Ermənistana göndərdiyi missiyanın tərkibi 40 nəfərdən ibarət olub. Dekabrın 20-də onların 2 aylıq fəaliyyət müddəti bitib. Daha sonra Avropa İttifaqı İrəvana daha böyük kontingentdən ibarət olan uzunmüddətli missiya göndərmək qərarına gəlib. Bu barədə təklifin əsas müəllifi Fransa olub.

Avropalı heyətin Ermənistan göndərilməsi ideyası ötən ilin sentyabrın 13-14-də sərhəddə baş verən döyüş əməliyyatlarından sonra ortaya çıxıb. Ermənistan rəhbərliyi Avropa İttifaqına müraciət edərək, dövlət sərhədlərində insidentlərin qarşısının alınmasına yardım etməyə çağırmışdı. Xatırladaq ki, həmin döyüşlərdə Ermənistan ölü və yaralı olaraq 500 hərbçi itirmişdi, çoxlu sayda hərbi texnika, HHM sistemləri, döyüş postları məhv edilmişdi. Azərbaycan ordusu şərti sərhəddə strateji yüksəkliklərə nəzarəti ələ keçirmişdi. 

Azərbaycan Avropa İttifaqının missiyasının Ermənistana göndərilməsindən narazıdır, Prezident İlham Əliyev bəyan edib ki, Aİ bu addımıyla təhlükəsizliyə töhfə vermir, Ermənistanla Aİ Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə aparılan danışırlar şübhə altına qoyur.

İrəvan-Brüssel münasibətlərində bu yaxınlaşma Rusiya-Ermənistan arasında qarşıdurmanın artdığı dövrə təsadüf edir. Baş nazir Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında müttəfiqlərinin ünvanına kəskin ittihamlar səsləndirib. Baş nazir Laçın yolunda 1 aydan artıq davam edən gərginliyin Rusiyanın məsuliyyəti ucbatından yarandığını bildirib və İrəvanın prosesə müdaxilə etmək niyyətində olmadığını açıqlayıb. Habelə, Paşinyan KTMT-nin Ermənistanın etibarlı təhlükəsizlik maraqlarına cavab vermədiyini bəyan edərək, bu hərbi ittifaqdan gözləntilərinin olmadığını vurğulamışdı. Bununla bərabər, o, KTMT-ni 2023-cü ildə Ermənistan ərazisində hərbi təlimlər keçirməsinə ehtiyac olmadığını bildirmişdi. Paşinyanın bu bəyanatları Moskvada qəzəblə qarşılanmışdı və Rusiya XİN-in rəsmi nümayəndəsi İrəvanı Azərbaycanla sülh prosesini pozmaqda ittiham etmişdi.   

Ötən on gün ərzində Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən hərbi bazasının qarşısında keçirilən iki etiraz aksiyası diqqət çəkir. Aksiya parlamentə təmsil olunmayan qüvvələr tərəfindən keçirilib və əsas şüarı Rusiya hərbçilərinin Ermənistandan çıxarılmasıdır. Doğrudur, mitinq polis qüvvələri tərəfindən dağıdılıb və 70-ə yaxın şəxs həbs olunub. Amma sözügedən hadisə rus hərbi bazalarının Ermənistandan çıxarılması məsələsini gündəmə gətirib. Baş nazir N.Paşinyan özü bu barədə deyib ki, Rusiya hərbi bazasının mövcudluğu Ermənistanın təhlükəsizlik maraqlarına cavab vermir. Ondan sonra hakim “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatı Qurgen Arsenyan deyib ki, Rusiya hərbçilərinə ehtiyac Ermənistanın dövlət quruculuğunun ilk illərindəki baxışların nəticəsidir, lakin onların ölkədə mövcudluğu əbədi deyil. O bildirib ki, Rusiya qoşunları ölkədə olmasa Ermənistan Türkiyəyə hər hansı təhdid yaratmayacaq və beləcə Türkiyənin sadəcə qonşusu olacaq. Erməni siyasətçi vurğulayıb ki, indi ölkə rəsmiləri qonşularla əlaqələri tənzimləyərək, ölkənin inkişafına fürsətlər yaratmaqdadır. Əlavə edib ki, bu məqsədlərə nail olunduğu təqdirdə Rusiyanın ölkədə hərbi mövcudluğu əhəmiyyətini itirəcək. Arsenyanın sözlərinə görə, 1990-cı illərdə Rusiyanın Ermənistanda hərbi mövcudluğuna ölkənin xilası kimi baxılırdı. Lakin Türkiyə Ermənistanı heç vaxt təhdid etməyib. Ona görə də, əgər Rusiya qoşunları ölkəni tərk etsələr, Türkiyə Ermənistan üçün adi qonşu olacaq.

Gözdən qaçırmayın:  “Dedim, polkovnikəm, əməkdar artist adından imtina etdim…” – MÜSAHİBƏ

Deputatın dedikləri əslində Paşinyan hökumətinin siyasi prioritetlərini əks etdirir. Xatırladaq ki, Ermənistan-Türkiyə əlaqələrinin normallaşdırılması istiqamətində diplomatik fəallıq artıb. Artıq iki ölkə arasında aviareyslər açılıb və yüklərin həm hava, həm də quru yolla daşınmasına başlanılıb.   

Rusiya-Ermənistan arasında əsas ziddiyyətlərin biri də Zəngəzur dəhlizinin açılması ilə bağlıdır. 10 noyabr bəyanatına görə, Azərbaycanla Naxçıvan MR arasında quru yol açılmalıdır və ona Rusiya xüsusi xidmət orqanları nəzarət etməlidirlər. Paşinyan bunu Ermənistanın suverenliyinin pozulması adlandırıb və hər hansı dəhlizin açılmasına imkan verməyəcəklərini bəyan edib. O bildirib ki, münaqişədən əvvəl mövcud olmuş kommunikasiyaların, Azərbaycan, Rusiya, İran və Türkiyə ilə avtomobil, dəmir yollarının bərpasına hazırdır, amma Zəngəzur dəhlizi heç bir halda açılmayacaq. 

Beləliklə, İrəvanın yürütdüyü siyasətin yaratdığı mənzərə Rusiyanın tədricən Ermənistandan çıxarılması və onu Qərbin, Avropa İttifaqının əvəzləməsindən ibarətdir. 200 nəfərdən artıq avropalının 2 illik missiya ilə Azərbaycanla sərhədə göndərilməsi, bu istiqamətdən olacaq riskləri sığortalamaq məqsədi daşıyır. İrəvanda hesab edirlər ki, Azərbaycan Ermənistanı Zəngəzur dəhlizinin açılmasına məcbur etmək üçün delimitasiya olunmamış sərhəddən təzyiqlər edəcək, Rusiya da bunda maraqlıdır. Avropalı müşahidəçilərin gəlişindən sonra belə əməliyyatların keçirilməsi faktiki mümkünsüzdür. Hər halda, erməni rəsmiləri belə düşünürlər. 

Azərbaycan Ermənistanın bu addımlarından narazı olsa da, ona qarşı xüsusi addımlar atacağı inandırıcı deyil. Amma bu ölkədə hərbi-siyasi mövcudluğu getdikcə təhlükə altına düşən Rusiyanın hansı addımlar atacağını proqnozlaşdırmaq çətindir. Xatırladaq ki, hazırda Ermənistanın Türkiyə və İranla sərhədləri Rusiya Sərhəd Xidməti tərəfindən qorunur. Çox güman, Paşinyan hökuməti bu barədə müqavilənin ləğvini də gündəmə gətirəcək. Deputat Qurgen Arsenyan Rusiya hərbçilərinin Ermənistandakı mövcudluğunu 90-cı illərin zərurəti ilə əsaslandırması prosesə zəmin hazırlanmasından xəbər verir. Əlbəttə, Rusiya bütün təsir rıçaqlarını işə salaraq Paşinyanın planlarını pozmağa çalışacaq. Amma 1 il əvvəllə müqayisədə Moskvanın imkanları xeyli zəifdir, üstəlik, Ukraynadakı məğlubiyyətin sürətlənməsi onun regionda durumunu daha da mürəkkəbləşdirir. Çox güman, Paşinyan hökuməti Rusiyan Ermənistandan çıxarılması prosesini tədricən aparacaq və Rusiya-Ukrayna müharibəsinin yekun nəticələrindən asılı olaraq, həlledici qərarlar verəcək. 

Turqut

The post Paşinyan Rusiyanı qovub, Qərbi gətirir appeared first on 24 saat.

24 saat” “Paşinyan Rusiyanı qovub, Qərbi gətirir” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button