2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

PREZİDENTİN MÜNHEN KONFRANSINDAKI ÇIXIŞI ƏSAS SİYASİ PRİORİTETLƏRDİR

Mübariz Əhmədoğlu: “Bununla da konfrans iştirakçılarına məlum oldu ki, Azərbaycan həqiqətən də neytral dövlətdir və müstəqil siyasətini çox uğurla həyata keçirir”
Arzu Nağıyev: “Prezident Azərbaycan üçün daha əhəmiyyətli məsələ olan Dağlıq Qarabağ problemini ön plana çəkdi”

Münhendə keçirilən 53-cü Təhlükəsizlik Konfransı ənənəvi olaraq dünyanı narahat edən məsələlərin müzakirəsinə həsr olundu. Konfransda əsas müzakirə edilən məsələlər NATO və Avropa Birliyinin gələcəyi, Qərb və Rusiya arasında olan münasibətlər, Suriyadakı müharibə, terrorçuluqla mübarizə, Ukrayna böhranı və s. problemlər idi. Tədbirdə dünyanın aparıcı siyasi xadimləri iştirak edirdilər.

Konfransda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı da ölkəmizin dünya təhlükəsizlik sisteminin yenidən qurulmasında yaxından iştirak etmək istəyini hər kəsə nümayiş etdirdi. Prezidentin müxtəlif ölkə rəhbərləri ilə görüşlərində müzakirə olunan məsələlərin hər birini Azərbaycan siyasətinin prioritetləri saymaq olar. Şübhəsiz ki, hərtərəfli iqtisadi islahatlar aparan Azərbaycanın dünya biznes strukturları üçün daha da açılması və iqtisadi cəlbediciliyin mümkün qədər bütün auditoriyalarda bəyan edilməsi əsas hədəflərdəndir. Bu baxımdan ölkə rəhbəri yaranmış beynəlxalq imkandan məharətlə istifadə etdi. Ölkəmizin Qərb və Şərq arasında iqtisadi və mədəni körpü olmasını artıq bütün dünya qəbul edir. Prezidentin qatıldığı panel müzakirələrində ona ünvanlanan suallar və bu sualların cavabları bunu bir daha ortaya qoyur.

Saytların yığılması Saytlarin yigilmasi

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Azərbaycanın qlobal miqyaslı tədbirlərdə iştirakı artıq çoxillik ənənəyə çevrilib:

“Prezidentin Münhen konfransında iştirakı ölkəmizin dünyada təhlükəsizlik ixracatçısı kimi özünü göstərməsi ilə bağlıdır. Ölkəmiz nəinki özünü, həm də regionun təhlükəsizliyinin təminində həlledici rola malikdir. Regionda proseslərin sabit getməsi Azərbaycanın istəyi ilə bağlıdır”. Münhen konfransını konseptual, strateji baxımdan faydalı hesab edən ekspert Prezidentin konfransda mühüm çıxışlar etdiyini xüsusi ilə vurğulayıb: “Prezidentin Münhen konfransında aktivliyi göz qabağında idi. Səfər zamanı ölkə başçısı bir çox görüşlər keçirməklə yanaşı, panellərə, “dəyirmi masa”lara qatıldı. Bundan başqa, ölkə başçısı Rusiya-Türkiyə münasibətlərinin bərpası ilə bağlı çox mühüm açıqlamalar verdi. Həqiqətən də Rusiya-Türkiyə münasibətlərinin normallaşmasında Azərbaycanın rolu çoxdur. Bu əslində Azərbaycan Prezidentinin bacarığının, məharətinin göstəricisidir. Bundan başqa dövlət başçısı konfrans zamanı ABŞ və Rusiya baş qərargah rəislərinin ölkəmizdə keçirilən görüş haqqında məlumat verməklə yanaşı, görüşü xarakterizə etdi. Bununla da konfrans iştirakçılarına məlum oldu ki, Azərbaycan həqiqətən də neytral dövlətdir və müstəqil siyasətini çox uğurla həyata keçirir. Bu, konfrans iştirakçıları üçün çox mühüm məlumat idi. Bu baxımdan Azərbaycan Prezidentinin Münhen konfransında iştirakını yüksək qiymətləndirirəm”.

Politoloqun fikrincə, Münhen konfransı Dağlıq Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından da böyük əhəmiyyətli oldu:

“Dövlət başçısı konfrans vasitəsilə dünyanın təhlükəsizliklə məşğul olan elitasına mesaj verərək bildirdi ki, münaqişənin tənzimlənməsində ikili standartlar aradan qaldırılmalıdır. Bundan əlavə Prezident dedi ki, əgər beynəlxalq ictimaiyyət münaqişənin tənzimlənməsi istiqamətində addım atmazsa, Azərbaycan özü problemin həlli ilə məşğul olacaq”.

Politoloq Arzu Nağıyev də bildirib ki, dövlət başçısı Münhendə bir daha Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini bəyan etdi:

“Prezident İlham Əliyevin konfrans çərçivəsində keçirdiyi görüşləri, çıxışları bir neçə aspektdən xarakterizə etmək olar. Dövlət başçısının Azərbaycanın neft strategiyası ilə bağlı çıxışları diqqət çəkən məqamlardan idi. Burada “Cənub Qaz Dəhlizi”nin yaradılması, Azərbaycanda neft strategiyasının necə aparılması və dünya enerji təhlükəsizliyinə təhdidin qarşısının alınmasında vacib faktor olduğu qeyd olundu. Prezident çıxışında Azərbaycan üçün daha əhəmiyyətli məsələ olan Dağlıq Qarabağ problemini ön plana çəkdi. Dünyanın ən aparıcı şəxslərinin iştirak etdiyi konfransda dövlət başçısı bir daha Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin vacibliyini vurğuladı. Ermənistanın bu məsələdə qeyri-konstruktiv mövqeyinə diqqət çəkdi. Prezident söylədi ki, bu məsələnin həllində ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistana təzyiq və təsir göstərməlidirlər. Əlbəttə, biz hər bir millətin öz müqəddəratını həll etməsi istəyini də nəzərə alırıq. Lakin bu proseslərin hamısı Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli, digər məsələlər sonradan həllini tapmalıdır”.

sherg.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button