SEÇMƏ

Prokuror Ramin Hacılıya həbs cəzası istədi, o isə ölüm aclığına başladığını açıqladı

Yayımlandı: 19 Oktyabr 2022 18:04

Gələn həftə təqsirləndirilən şəxs son söz deyəcək

Azərbaycan Avropa Hərəkatı”nın, eləcə də “No Border Travel Agency” MMC-nin rəhbəri Ramin Hacılının işi üzrə məhkəmə istintaqı tamamlanıb. Oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində onun işi üzrə iclasla prokuror çıxış edib.

Ramin Hacılı müxtəlif şəxslərdən pul alıb, onları aldatmaqla dələduzluq etməkdə, qanunsuz miqrasiyanın təşkilində, saxta sənəd hazırlayıb, onlardan istifadə etməkdə ittiham olunur. Cinayət işində iddia edilir ki, xarici ölkələrə getmək istəyən şəxslərin viza ala bilməsi üçün Fransa, Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə onların iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. Onları da Ramin Hacılı və digər şəxslər hazırlayıb.

Prokuror bildirib ki, məhkəmədə bu ittihamlar sübuta yetirilib. Dövlət ittihamçısının sözlərinə görə, Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 320-ci (saxta sənədlər hazırlama və ya onlardan istifadə etmə) maddələrilə ittihamlar sübuta yetirilsə də, bu maddələrlə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçib. Bu səbəbdən Ramin Hacılı bu əməllərdə təqsirli bilinsə də, ona cəza təyin edilməməlidir.

Ramin Hacılının üzərində əvvəlki hökmlərlə ona təyin edilən, lakin hələ bitməyən cəzalar var. Prokuror təklif edib ki, həmin cəzalar da birləşdirilməklə ona qəti olaraq, 9 il azadlıqdan məhrumetmə cəzası təyin olunsun.

Ramin Hacılının vəkili müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən iki həftə vaxt istəsə də, ona bir həftə verilib. Bu iş üzrə məhkəmə prosesi oktyabrın 26-da vəkilin müdafiə çıxışı və ardınca Ramin Hacılının özünün son sözü ilə davam edəcək. Ondan sonra hökm elan edilməlidir.

Ramin Hacılı prokurorun çıxışına etiraz olaraq, ölüm aclığına başladığını məhkəmədə açıqlayıb. O vurğulayıb ki, dövlət ittihamçısının çıxışı ədalətsizdir, qərəzlidir:

“Mən də bu ədalətsizliyə etiraz olaraq, ölüm aclığına başlayıram. Çünki başqa yolum qalmadı…”.

Ramin Hacılı ilə birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” İctimai Birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi Rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

Gözdən qaçırmayın:  “Təhsil haqqında” qanuna dəyişikliklər edilir

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir. Deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button