2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Putinin Vardanyanı vaxtından əvvəl vətəndaşlıqdan çıxarması: qənaətlər və proqnozlar

Siyasi şərhçilər bunu Kremlin “Vardanyan planı” kimi qiymətləndirirlər

“Vladimir Putin Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxaranda qanunlarını pozublar. “Rusiya vətəndaşlığından imtina etmək haqqında” Qanunun 19-cu maddəsinə əsasən, belə müraciətə bir il müddətində baxılır. Yalnız istisna hallarda bu müddət 6 aya endirilir. Vardanyanın vətəndaşlıqdan imtina etməsi haqqında müraciətin heç üç ayı tamam olmayıb”.

Bunu Meydan TV-yə təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib.

Saytların yığılması Saytlarin yigilmasi

İlham İsmayıl müraciətə belə tez reaksiya verməklə Rusiyanın başqa planlarının olduğu qənaətindədir:

“Moskva Ruben Vardanyanı Qarabağa göndərməkdə daha strateji siyasət planlayıb, onu perspektivdə Nikol Paşinyanın yerinə hazırlayır”.

Politoloq Ərəstun Oruclu hesab edir ki, Ruben Vardanyanın təcili şəkildə vətəndaşlıqdan çıxarılmasının iki mühüm səbəbi ola bilər:

“Birinci səbəb odur ki, Vardanyan Rusiyada müxtəlif ofşor şirkələrə pul köçürmələrlə tanınıb. O, Rusiyaya qarşı sanksiyalar dövründə diqqət çəkməyə bilməzdi. Vardanyan sanksiyalara düşməmiş Kreml ondan məqsədləri üçün istifadə etmək üçün belə bir təcili qərar qəbul etdi”.

“Məsələ ondadır ki, Rusiya Qafqaz siyasətində tələsir, onun 6 ay gözləmək vaxtı yoxdur. Bu da ikinci səbəb ola bilər. Əlbəttə, Vardanyanın sentyabrda Qarabağa göndərilməsinin Bakı-Mokva münasibətlərində konflikt yaradacağı məlumdur. Ona görə formal baxımdan ondan imtina etməklə bu prosesdən məsafələşmiş olur. Bütün hallarda bu məsafələşmə də formal və yalandır. Çünki Vardanyan layihəsinin başında birbaşa Rusiya dayanıb”, – deyə Oruclu Meydan TV-yə bildirib.

Ekspert düşünür ki, Putinin Vardanyanı Qarabağda lider etmək istəyi keçid mərhələdir:

“Kreml onu bilavasitə Ermənistana rəhbər kimi nəzərdən keçirir. Ancaq Rusiyanın bunun üçün vaxtı yoxdur, istər Ukraynadakı savaş, istərsə də, Cənubi Qafqazda geosiyasi mübarizə Moskvanı çıxlmaz duruma salır”.

Ə.Oruclu deyir ki, indiki situasiyada zaman Moskvanın xeyrinə işləmir:

“Ona görə Vardanyanı təcili vətəndaşlıqdan çıxarıb proseslərə cəlb etmək istəyirlər”.

Ermənistanda hakimiyyətə gəlmək istəyən, yaxud seçki yarışına qatılan şəxsin illər öncə oranın vətəndaşı olması tələbinə gəlincə, siyasi şərhçi Rauf Mirqədirov bu mövzuda fərqli düşünür.

O, Meydan TV-yə bildirib ki, əksər postsovet ölkələrində qanunlar situasiyalara uyğunlaşdırılır, siyasi vəziyyət qanunlara yox:

“Bu regiondakı dövlətlər ABŞ, yaxud Avropa ölkələri deyil. Bizim kimi ölkələrdə qanunvericiliyi situasiyaya uyğunlaşdırırlar, öz hərəkətlərimizi qanunlara deyil. Ona görə də məsələnin hüquqi tərəfi texnikidir, əhəmiyyəti yoxdur, lazım gələrsə, həyata keçirmək olar”.

Rauf Mirqədirov deyir ki, Paşinyana məqbul alternativ olmadığı üçün səs verirlər:

“Şərq xalqları məğlubları xoşlamırlar, sadəcə, məğlubun yerinə keçmişin də qaytarılmasını istəmirlər. Bu baxımdan Vardanyanın xeyirxah kimi ortaya atılması bir əməliyyatdır”.

R.Mirqədirov da həmkarlarının Vardanyanın Qarabağa Kremlin birbaşa göstərişi ilə gəlməsi qənaətini bölüşür:

“Rusiyada milyardlar qazanan insan öz istəyilə hərəkət edə bilməz. Çünki orada biznes tamamilə hakimiyyətdən asılıdır. Ona görə Vardanyanın Qarabağa gəlməsi İvanaşvilinin Gürcüstana gəlməsi əməliyyatı ilə oxşardır. Əslində, Vardanyanın Qarabağa gətirilməsi yalnız Yerevana yox, Bakıya da təzyiqdir. Əgər Vardanyan müstəqillik barəsində danışırsa, bu, o deməkdir ki, onu Kreml danışdırır. Və Vardanyanın siyasi gələcəyi onun özündən asılı deyil”.

Siyasi şərhçi düşünür ki, Vardanyanın Rusiya vətəndaşlığından çıxması formal olaraq ona imkanlar yaradır:

“Fikir verin, Lavrov bu gün deyir ki, onun Rusiyaya aidiyyatı yoxdur. Bununla Moskvanı onun hərəkətinə məsuliyyət daşımasından azad edir. Bütün hallarda Vardanyanın öz iradəsi yoxdur, o, Kremlin iradəsindən kənara çıxa bilməz”.

Tarixçə

Dekabrın 22-də Rusiya Prezidenti Vladimir Putin iş adamı Ruben Vardanyanı Rusiya vətəndaşlığından çıxarıb.

R.Vardanyan 2022-ci ilin sentyabrda Rusiya vətəndaşlığından çıxdığını bəyan edib və Dağlıq Qarabağa köçüb.

Noyabrın əvvəlində o, tanınmamış “respublika”nın baş naziri olub.

R.Vardanyan “Vardanyan, Broitman and Partners” investisiya şirkətinin prezidenti, RVVZ Fondunun və Moskva İdarəetmə Məktəbi “Skolkovo”nun həmtəsisçisidir.

“Forbes” R.Vardanyanın sərvətini 1 milyard dollar qiymətləndirir. O, rusiyalı milyarderlərin reytinqində 116-cı yerdə idi.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı üzrə xüsusi elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən demişdi ki, Azərbaycan ermənilərlə danışmağa hazırdır, amma Moskvanın göndərdiyi Vardanyanla yox.

İlham Əliyevin sözlərinə görə, Vardanyan Moskvadan çox aydın gündəliklə göndərilib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button