2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Qarabağda üç mümkün ssenari

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin Laçın dəhlizində keçirdiyi etiraz aksiyası beşinci gündür davam edir. Rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə qızıl yataqlarının istismarının dayandırılmasını, mütəxəssislərin mədənlərdə monitorinqinə şərait yaradılmasını tələb edir. Başqa tələblər isə 10 noyabr bəyanatının icra olunmayan maddələr üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlıdır. Yəni Qarabağdakı qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi, Laçın dəhlizindən hərbi yüklərin daşınmasının dayandırılması, Azərbaycanın bölgədə suverenliyinin bərqərar edilməsi, Zəngəzur dəhlzinin açılmasıdır.

Bu tələblərin yerinə yetirilməsinə hansı tərəf imkan vermir? Rusiyanın bölgədəki təmsilçiləri Azərbaycan və separatçı rejim arasında vasitəçiliklə məşğul olduğunu bəyan etsələr də, eyni zamanda Laçın dəhlizində post qurub etiraz edən aksiya iştirakçılarının irəliləməsinə mane olurlar. 

Qarabağdakı separatçı rejim rəsmi Bakının tələblərini qəbul etmir və bölgədə humanitar böhran yaradıldığı barədə bəyanatlar verir. Bütün bəyanatlarda Azərbaycan rəhbərliyi sərt ifadələrlə ittiham olunur. Bu gün Rusiyanın Xankəndinə göndərdiyi milyarder Ruben Vardanyan deyib ki, Qarabağ məsələsi Azərbaycanın düşündüyü qədər sadə deyil:

Saytların yığılması Saytlarin yigilmasi

“Mən şadam ki, onlar Artsax (Qarabağ – red.) məsələsinin belə sadə həll olunmadığını başa düşürlər. Onlar hesab edilər ki, belə asanlıqla, addım-addım, tədricən bu məsələni həll edəcək və beynəlxalq birliyi “Qarabağda 15-20 min adamın yaşadığına, burda yalnız silahlılar olduğuna, əhalinin olmadığına, bu məsələni həll edəcəklərinə” inandıracaqlar. Mənə belə gəlir ki, onlar üçün mənim bura gəlişim ağırdır. Bu onunla bağlıdır ki, mənim gəlişimlə Artsax (Qarabağ – red.) məsələsi dünyada daha çox müzakirə olunur, buna böyük maraq var”.

Ruben Vardanyanın sözlərinə görə Bakı nəhayət yalnız bir variantın – Qarabağla danışıqlar variantının olduğunu etiraf etməlidir:

“Artsax (Qarbağ – red.) müstəqil olacaq və mənim rolum danışıqlar üçün çox mühüm ola bilər. Onlar ekologiya məsələsini qaldırmaqla bizə öz subyektliyimiz məsələsini daha yüksəyə qaldırmaq imkanı veriblər. İndi bizim bu məsələ ətrafında müzakirə olunan məsələlərin həllinin axtarışında tərəf kimi iştirakımızı tələb etmək imkanımız var”.

Ermənistan siyasi rəhbərliyi də Azərbaycana qarşı bəyanatlarla çıxış edir, beynəlxalq təşkilatlara, vasitəçi ölkələrə müraciətlər ünvanlayır. Amma böhranın həlli ilə bağlı hər hansı təkliflərlə çıxış etmir. İrəvanda hesab edirlər ki, xarici təzyiq formalaşdıraraq Azərbaycanı geri addım atmağa vadar edə bilərlər.

Amma Bakı öz mövqeyində qərarlıdır və aksiyada iştirak edənlərin sayı günü-gündən artır. Artıq Laçın dəhlizində fasiləsiz aksiyalar keçirmək üçün lazım olan infrastruktur və mexanizmlər qurulub. 

Vasitəçilərə gəlincə, təəssüf ki, nə ABŞ, nə Avropa İttifaqı və nə də Rusiya Azərbaycanın qanuni tələblərinə münasibət bildirmir, eyni zamanda Laçın yolunun açılması tələbini səsləndirirlər.

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays bildirib ki, Laçın dəhlizinin bağlanmasının ciddi humanitar fəsadları var. 

“Biz Azərbaycan hökumətini dəhlizlə sərbəst hərəkəti bərpa etməyə çağırırıq. İrəliyə yol danışıqlardan keçir. Laçın dəhlizinin bağlanması ciddi humanitar nəticələrə malikdir və sülh prosesini ləngidir. Biz enerji infrastrukturunda nasazlıqlar barədə məlumatları gördük. Enerji infrastrukturunda hər hansı nasazlıq, xüsusən də qış aylarında humanitar böhrana səbəb ola bilər. Əgər bu qəsdən edilirsə, o zaman Dağlıq Qarabağın mülki əhalisini hədəf almaq yolverilməzdir”.

Avropa İttifaqı da bəyan edib ki, Laçın dəhlizi ətrafında baş verənləri narahatlıqla izləyir. Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik üzrə Ali Nümayəndəliyinin ofisinin spikerinin bəyanatında deyilir.

“Avropa İttifaqı Azərbaycan hakimiyyətini 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq dəhliz boyunca hərəkət azadlığını və təhlükəsizliyini təmin etməyə çağırır. Bu cür hərəkət azadlığına məhdudiyyətlər yerli əhali üçün ciddi narahatlıq və humanitar təglükə yaradır.  Digər problemlər əlaqədar tərəflərlə dialoq və məsləhətləşmələr yolu ilə həll oluna bilər və həll olunmalıdır”, – bəyanatda deyilir. 

Avropa İttifaqı təmkinli olmağa çağırıb və yuxarıda göstərilən səylərə töhfə verməyə hazır olduğunu bildirib. 

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova isə deyib ki, Moskva  Laçın dəhlizinin bağlanmasından narahatdır, yaxın gələcəkdə orada nəqliyyat əlaqəsinin tam bərpa olunacağına ümid edir. Zaxarova filiz yataqlarının işlənməsi ilə bağlı tərəflər arasında fikir ayrılığının dəhlizin bağlanmasına səbəb olduğunu bildirib. Onun sözlərinə görə, sülhməramlı kontingent gərginliyin azaldılması üzərində fəal işləyir.

Zaxarova deyir ki, 2020-ci il 9 noyabr üçtərəfli bəyanatını imzalamaqla tərəflər öhdəliklər götürüblər və onları sözsüz yerinə yetirmək lazımdır. “Mülki əhalinin həyatına problemlər yaratmaq yolverilməzdir”, – o vurğulayıb. 

“Ayrıca olaraq, Rusiya sülhməramlılarına münasibətdə əsassız ittihamları və provokativ hərəkətləri də şərh etməliyik. Haradan qaynaqlanmasından asılı olmayaraq, onları yolverilməz və qeyri-səmərəli hesab edirik. Rusiya sülhməramlı kontingenti öz tapşırıqlarını effektli yerinə yetirir, regionda sabitliyin qarantı kimi çıxış edir”, – Zaxarova əlavə edib.

Türkiyə isə Azərbaycanın mövqeyini müdafiə edib. Xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, rusların orada sülhü qorumaq vəzifəsi var, amma digər tərəfdən də Azərbaycanın öz torpaqlarındakı sərvətlərinin qanunsuz şəkildə çıxarılıb satılması həm beynəlxalq hüquqa ziddir, həm də Azərbaycanın sərvətlərinin oğurlanması mənasına gəlir:

“Rusiya tərəfi bu məsələdə Azərbaycanla əməkdaşlıq etməli, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilər isə bu yoxlamaların qarşısını almamalıdır. Burada əsas vəzifə rusların üzərinə düşür, çünki Laçın dəhlizinin normal şəkildə işləməsi də onların məsuliyyətindədir. Bu məsələdə Azərbaycan hüquqi baxımından da, ədalətli olaraq qanunsuz fəaliyyətlərə qarşı çıxmaq baxımından da haqlıdır. Buna görə də biz Azərbaycanı bu haqlı mübarizədə də dəstəkləyirik”.

Beləliklə, Laçın dəhlizində Azərbaycan fəallarının rəsmi Bakının haqlı tələblərinin yerinə yetirilməsini tələb edən aksiyası böhran yaradıb və vəziyyət günü-gündən ciddiləşir. Qarşıdakı günlərdə nələr baş verə bilər, hərbi qarşıdurma mümkündürmü?

“Turan” agentliyinin öz mənbələrinə istinadla  bildirir ki, vəziyyətin bir neçə inkişaf ssenarisi ola bilər: 

1) Laçın dəhlizində Azərbaycanın güc qurumlarının nəzarət-buraxılış məntəqəsi quraşdırılacaq;

2) Yataqların qanunsuz işlənməsinə son qoyulacaq və Bakı nümayəndələri oraya buraxılacaq, 

3) Ermənistan tərəfin silahlı münaqişə yaratmaq cəhdləri bu ilin martında Fərrux yüksəkliyi ətrafında olduğu kimi, qanunsuz silahlı birləşmələrin tərksilah edilməsi üzrə hərbi əməliyyata gətirib çıxaracaq”.

“Sülhməramlıların sakit davranışı və Moskvanın ciddi reaksiyasının olmaması bu ssenarilərin istənilən birinin və hətta hamısının tamamilə real olduğunu göstərir”, – təhlildə vurğulanır.

Politoloq Fərhad Məmmdov isə pressklub-a bildirib ki, hamı – Qərbdən ABŞ, Aİ; Şimaldan isə Rusiya problemi səmimi şəkildə həll etmək istəyirlərsə, Bakıya zəng edərkən, Şərqi və Cənubi Qarabağ ərazisinin Azərbaycanın ayrılmaz hissəsi olduğunu etiraf etməlidirlər: “Qarabağ Azərbaycandır”, “Xankəndi, Ağdərə və Xocavənd – Azərbaycandır” yazıb bunu açıq şəkildə ifadə etmək lazımdır. Yoxsa, Bakıda mövqeyə qulaq asıb, amma ona heç bir önəm verməmək olmaz. Proses artıq milli müstəviyə çatıb və bütün tərəddüd edənlər qətiyyətlə qərar verməlidirlər”.

Ekspert hesab edir ki, Laçın yolunda gedən proseslər həm də vasitəçilər üçün sınaqdır. “Azərbaycan vasitəçiləri yoxlayır: Prosesdə Qarabağ erməniləri və Azərbaycanla Ermənistan arasındakı problemin ümumi paketdə həllini görürlərmi? ABŞ və Aİ-nin təqdim etdiyi sülh müqaviləsi layihəsində iştirak edən tərəflər Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi prosesini Qarabağdakı hadisələrdən asılı vəziyyətə salacaqlarmı? Çünki bu, Azərbaycanın daxili işidir. Bu, vasitəçilərin səmimiyyətinin, dürüstlüyünün sınağıdır”, – o qeyd edib.

Turqut

The post Qarabağda üç mümkün ssenari appeared first on 24 saat.

24 saat” “Qarabağda üç mümkün ssenari” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button