2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

QHT-lərə Novruz hədiyyəsi

Rövşən Hacıbəyli

Sonuncu müsabiqədə bu təşkilatlara 4 milyon 78 min 660 manat qrant verilib

Novruz bayramı ərəfəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 413 təşkilata qrant verib. Bu seçimin ədalətli, ya ədalətsiz olduğunu bilmirik.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırlayırsınızsa, ötən il müsabiqənin nəticələri elan olunandan sonra narazılar ortaya çıxdı, Laçın yolunda aksiya keçirən “ekofəallar”dan bəziləri hətta Prezident Administrasiyası qarşısında etiraz aksiyası da keçirdi. Məşhur “quşboğan xala” kimi tanınan QHT rəhbəri də onların arasındaydı.

Yeri gəlmişkən, builki müsabiqədə dəyişiklik var: “böyük”ləri (böyük qrant alanlar) “kiçik”lərdən (kiçik qrant alanlar) ayırmayıblar, üstəlik, “orta” da (orta qrant alanlar) yaradıblar və hamısını eyni suyahıya salıblar. Yox, onların arasında fərq ləğv olunmayıb, “böyük” də, “orta” da, “kiçik” də adına uyğun yerdədir. Nəticədən narazı olub-olmayanlarsa yaxın günlərdə bilinəcək…

Agentliyin saytıının ana səhifəsində ilk gözə dəyən Azərbaycan prezidenti İlham Əliyevin aşağıdakı sözləridir: “Mən bir daha demək istəyirəm ki, ictimai nəzarət olmasa, biz istəyimizə nail ola bilmərik. İctimai nəzarət nə deməkdir? Vətəndaşlar daha fəal olmalıdırlar. Onlar xoşagəlməz hallarla üzləşəndə bu barədə məlumat verməlidirlər ki, biz işləri tənzimləyək, xoşagəlməz halların qarşısını alaq”.

Bu sözlər narazılara stimul verir ki, sözlərini desinlər. Başqaları ilə hələlik işimiz yox, ancaq ölkə başçısının bu sözlərini önə çıxaran agentlik özü həmin tapşırığa əməl etmir. Buna QHT Agentliyinin son qrant müsabiqəsinin nəticələri barədə yaydığı xəbərdə bir daha şahid olduq. Bəlkə, kimsə bilmir, o üzdən xatırlatmaqda fayda var: Agentliyin qeyri-hökumət təşkilatlarına verdiyi qrant büdcə vəsaitidir, yəni xalqın cibindən toplanan puldur. Bu pulların bölüşdürülməsi və xərclənməsi ilə bağlı detallı informasiya vermək agentliyin, eləcə də qrant alan təşkilatların borcudur.

Təşkilatlar hələ pulu xərcləməyib, ümid edirik ki, xərclərlə bağlı hesabat verəcəklər. Baxmayaraq ki, əvvəlki illərdə verilən qrantlarla bağlı təşkilatların hesabatı, demək olar, internet resurslarında gözə dəymir, səbəb sadədir, QHT sayı ilbəil artsa da, bu qurumların çoxunun saytı belə yoxdur. Saytı olan bəzi təşkilatlarınsa ora nəsə yazıb qoymağa, görünür, nə vaxtı, nə də həvəsi var.

Məsələn, “Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi” İctimai Birliyi son müsabiqədə 30 min 200 manat qrant udub, ancaq bu boyda mərkəzin saytında nə siyasi, nə hüquqi araşdırma yazısı var, ümumiyyətlə, yazı yoxdur…

Azəri-Türk Qadınları Birliyi  builki müsabiqədə “Qərbi Azərbaycana Qayıdış” – Türk Dünyası Sammiti” layihəsi üçün 38 min manat qrant alıb. Ötən il də təxminən eyni məqsəd üçün – “Qərbi Azərbaycana qayıdış beynəlxalq müstəvidə – Avropa Forumu” layihəsinə agentlikdən 20 min manat qrant almışdı.

Ondan əvvəlki illərdə də, demək olar, hər il Qarabağ həqiqətlərini dünyaya (daha çox da Türkiyəyə) çatdırmaq üçün qrant alıb. Ancaq təşkilatın saytında bu layihələrin heç biri ilə bağlı hesabat yoxdur…

Agentlik isə qanunu bu başdan pozub, qrant alan təşkilat rəhbərlərinin adını yazmamaqla. Eyni zamanda, ümumi məbləğ də açıqlanmayıb. Belə çıxır ki, İlham Əliyev dediyi “fəal vətəndaş” – büdcə pulunun hara və necə xərcləndiyini öyrənmək istəyən oturub 413 təşkilata verilən məbləği hesablamalıdır.

Hələlik agentliyin əvəzinə biz bu işi görək, kim bilir, bəlkə, nəticə çıxarıb növbəti müsabiqələrdə “fəal vətəndaşlar”ı əziyyətə salmadılar, ayrılan məbləğlə bağlı özləri detallı məlumat verdilər.

Daha bir məlumatın oxucular üçün maraqlı olacağını düşünürük.

2023-cü ildə agentlik 448 təşkilata, 2022-ci ildəsə 477 təşkilata qrant verib.

Bu il qrantlar 5 istiqamət üzrə verilib:

1. Ətraf mühitin qorunması, sağlam və təhlükəsiz həyat, həssas qruplarla iş, sosial-iqtisadi inkişaf.
3 böyük qrant – 101 min 400 manat
13 orta qrant – 215 min 700 manat
177 kiçik qrant – 1 milyon 276 min 630 manat
Cəmi: 1 milyon 593 min 730 manat.

2. Cənubi Qafqazda sülh və etimad quruculuğu, Qarabağ və Şərqi Zəngəzurun dirçəlişi.
3 böyük qrant – 92 min 400 manat
6 orta qrant – 107 min manat
12 kiçik qrant – 114 min 380 manat
Cəmi: 313 min 780 manat

3. İtkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi, mina və partlamamış hərbi sursatların yaratdığı təhlükə və onunla mübarizə.
3 böyük qrant – 99 min 500 manat
3 orta qrant – 53 min 300 manat
11 kiçik qrant – 107 min 700 manat
Cəmi: 260 min 500 manat

4. Qərbi Azərbaycana qayıdış prosesi.
2 böyük qrant – 69 min 250 manat
3 orta qrant – 58 min manat
17 kiçik qrant – 144 min 900 manat
Cəmi: 272 min 150 manat

5. Milli, ictimai və beynəlxalq əhəmiyyətli digər təşəbbüslər.
6 böyük qrant – 194 min 950 manat
16 orta qrant – 286 min 350 manat
138 kiçik qrant – 1 milyon 157 min 200 manat
Cəmi:1 milyon 638 min 500 manat.

Beləliklə, QHT-lər üçün Novruzqabağı ayrılan ümumi məbləğ aşağıdakı kimidir:
Böyük qrant – 557 min 500 manat
Orta qrant – 720 min 350 manat
Kiçik qrant – 3 milyon 597 min 360 manat
Cəmi məbləğ isə 4 milyon 078 min 660 manatdır.

Bunu yazmaqda məqsəd QHT-lərə Dövlət Dəstəyi Agentliyində qarşılaşdığımız xoşagəlməz halla bağlı məlumat vermək, “fəal vətəndaş” nümunəsi göstərmək deyil. Bu nümunəni göstərib korrupsiya və rüşvətdən yazan dostlarımızın aqibəti gözümüzün qarşısındadır…

P.S. Agentlik narazıları da nəzərə alıb. Müsabiqənin nəticələrindən şikayəti olan QHT-lər agentliyin Apelyasiya Komissiyasına martın 28-i saat 23.59-a qədər müraciət edə bilər.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button