Xəbərlər

Qırmızı Xaç Komitəsinin müharibədən zərər çəkən Azərbaycan vətəndaşlarına yardımı

Bakı/13.10.21 Bitərəf və qərəzsiz humanitar təşkilat olan Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) mandatı çərçivəsində Azərbaycanda silahlı münaqişələrdə zərər çəkənlərə yardım edir və bir sıra digər humanitar layihələr həyata keçirir. Bu layihələr haqqında jurnalistlərə oktyabrın 13-də BQXK-nin Bakı Nümayəndəliyinin Park İnn otelində təşkil etdiyi brifinqdə məlumat verilib.

Ötən il Qarabağda hərbi əməliyyatlardan sonra BQXK zərərçəkmiş şəxslərə dəstək işini genişləndirib, bu barədə BQXK-nin Bakı Nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib. eçmiş cəbhəyanı ərazilərdə əhaliyə psixoloji yardım göstərilib, ev təsərrüfatlarına maliyyə dəstəyi göstərilib, ilk tibbi yardım təlimi üzrə tədbirlər görülüb, mina təhlükəsi barədə maarifləndirmə işi aparılıb və s.

Belə ki, yanvar-iyun aylarında 12 313 ev təsərrüfatına nağd pul formasında yardım göstərilib.

10 nəfər kənd təsərrüfatı layihələrinə cəlb edilib. Qazax rayonunun Bala Cəfərli kəndində 19 ev təsərrüfatına heyvanlar üçün 20 kq-dan çox yaşıl yem verilib. 141 nəfərə fərdi psixoloji yardım göstərilib.

14 məktəb psixi travma alan uşaqlara psixoloji yardım göstərilməsi üzrə treninqlərə cəlb edilib. Münaqişədən zərər çəkən icmalarda işləyən 27 psixoloq və 6 psixiatr üçün treninqlər keçirilib.

537 nəfər minaların və partlamamış döyüş sursatlarının riskləri haqqında maarifləndirmə sessiyalarına cəlb edilib. Minaya düşərək həlak olan 16 nəfərin ailələrinə maddi yardım göstərilib.

BQXK-nin fəaliyyətinin əsas istiqaməti həmçinin münaqişə nəticəsində itkin düşən şəxslərin taleyinə aydınlıq gətirməkdir. BQXK-nin son məlumatlarına görə, Birinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan tərəfdən itkin düşənlərin sayı 3700 nəfər təşkil edib. Onların 80%-i hərbiçilərdir. İkinci müharibə nəticəsində itkin düşmüş hesab olunanların sayı 7 nəfərdir və onlar hamısı hərbiçilərdir.

BQXK aşkar edilə biləcək qalıqların identifikasiyası üçün bioloji məlumatlar bazası (ante-mortem) yaradıb. Bununla əlaqədar itkin düşmüş şəxslərin 9383 qohumundan DNT nümunəsi götürülüb.

BQXK mandatı çərçivəsində təkcə münaqişə nəticəsində saxlanılanların deyil, cinayət qanunvericiliyi və miqrasiya rejiminin pozulması çərçivəsində saxlanılanların da saxlanma yerlərinə baş çəkir.

Monitorinqin yekunlarına görə dövlət orqanlarına tövsiyələr verilir, məjhbuslara telefon kartları (əcnəbilər üçün), humanitar yardım bağlamaları şəklində yardım göstərilir.

BQXK mandatına uyğun olaraq həbsdə baş çəkdiyi şəxslər haqqında məlumatları məxfi saxlayır. Bununla belə, jurnalistlərin suallarını cavablandıran Hüseynova bildirib ki, BQXK-nin məlumatına görə hazırda Ermənistanda saxlanılan Azərbaycan vətəndaşı yoxdur.

Bu ilin yanvar-iyun ayları ərzində BQXK bitərəf vasitəçi kimi hərbi əməliyyatlar zonasında cəsədlərin axtarılması üzrə 182 əməliyyat təşkil edib. -06Ñ-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button