2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Qorxu məhbusları

Bilal Həsənov banner

Saytların yığılması Saytlarin yigilmasi

Aprelin əvvəli Milli Şura Məhsul stadionunda icazəli mitinq keçirdi. Biz bir neçə dost-tanış razılaşdıq ki, yığışıb mitinqə gedək. Həvəslə danışmağımız ətrafdakılara da ötürülmüşdü. “Sizlə həmrəy olub biz də gedəcəyik, əl-ələ verib yıxıb-sürüyəcəyik, sözümüzü deyəcəyik, haqqımızı tələb edəcəyik” kimi pafoslu cümlələr deyib durmuşdular. Beləliklə, zaman keçdi, vaxt-vədə yetişdi və məlum oldu ki, gedəsi cəmi dörd nəfərik. Qalanları bir bəhanə ilə aradan çıxdı. Hə, o da yaxşı yadımdadır ki, mitinqdən əvvəl ən çox çırpışan, vuruşan, gedənlər arasında aktivlik göstərənlər mitinqə bir həftə qalmış dostdan, tanışdan, polisdən, səhərlər məhlələri süpürüb-yığışdıran qocalardan məsləhət alırdı, ürək-dirək gözləyirdi ki, bəs görəsən gedimmi mitinqə, ya getməyim?

Sonda yaxın və uzaq qohumların məsləhəti ilə mitinqə getməkdən vaz keçdi.

Əlbət ki, müxalifətin mitinqinə getməyin və ya getməməyin hər vətəndaş üçün öz səbəbləri var. Kimisi müxalifətə inanmır, kimisi siyasətə qarışmır, kimisi də hakimiyyətin tərəfdarıdır, bu, normaldır, anlaşılandır.

Amma sən gəl polis işləyən dostundan məsləhət istə ki, mən müxalifətin mitinqinə getsəm nə olacaq, getməsəm nə olacaq, bu, artıq absurddur . Bu məsələ ona oxşayır ki, insan gedir mağaza müdüründən soruşur ki, bu gecə yarım mağazanı, ya yox?

Beləliklə, mitinq günü dörd nəfər olub yola düzəldik. Gəl ki, məlum məkana çatdıqda, mənim yol yoldaşlarımın canına vəlvələ düşdü. Bəs nədir, nə olub, demə polis Məhsul stadionuna girənləri bir-bir kameraya çəkir. İndi də yol yoldaşlarım stadionun girəcəyində başladılar məni fikrimdən döndərməyə. Arqumentlər müxtəlif idi, işimi itirməkdən tutmuş, polisdən şapalaq yeməyə qədər. Amma ən kreativi sakitcə deyilmiş “zibilə düşərsən” – oldu.

Həə, bu yerdə mən açığı duruxdum. Ona görə yox ki, zibilə düşməkdən qorxdum, əsla. Sadəcə mənim qanımı donduran bu sözü deyən adam idi. Bunu o insan demişdi ki, onun zibilə düşmək perspektivi sıfır səviyyəsindədi.

Çünki mənə “zibilə düşərsən” sözünü deyən adam artıq özü dərin zibil tayasının içində çapalıyırdı. Bir də ki, Azərbaycanda “zibilə düşmək” geniş mənaya malikdir, bu söz birmənalı anlaşılmır. Ümumi müşahidələrimə əsaslanıb belə fikir yürütməyə cürət edirəm ki, adətən Azərbaycanda itirməyə nəyisə olan adamlar daha çox danışır, tələb edir, nəinki itirməyə heç zadı olmayanlar. Əslində isə tərsinə olmalıdır. Necə deyərlər, islanmışın yağışdan qorxusu olmamalıdır, bizdə isə islanmışlar bir stəkən sudan diksinirlər. O sözü mənə deyən yol yoldaşımın sosial problemləri qat-qat çoxdur, gəl ki yoldaş hələ də zibilə düşmək sözünü tam anlaya bilmir.

Bilmir ki, onun gündəlik problemləri və sosial çətinlikləri ilə Azərbaycanda yaşamaq, elə zibilə düşmək kimi bir şeydir. Bundan artıq nə olmalıdır ki?

Yoldaşlarımdan ayrılıb, Məhsul stadionuna keçmək üçün sıraya durdum. Və ətrafımı seyr edib gördüm ki, Azərbaycanda “vicdan” məhbuslarından savayı, həm də “eyvan”, “hasar” məhbusları da var imiş. Lakin bu “eyvan-hasar” məhbuslarının fərqi ondadır ki, onları hökumət dama basmayıb, günahsız həbs etməyib, şərləyib narkoman kimi tutmayıb. Bu insanlar özləri-özlərini məhbus ediblər. Mitinq zamanı, stadionu əhatə edən daş hasarın dəliyindən, evinin pəncərəsinin pərdəsi arxasından baxmaqla qazanıblar bu məhbusluğu. Əgər stadiona yüzlərlə adam toplaşmışdısa, bir o qədər də insan pərdə arxasından, dəlikdən baxanlar vardı. Burda deyərlər ki, zibildən çıxmaq üçün, zibilə düşməməkdən ötrü gərək əvvəlcə hasarları adlayasan, pərdə arxasından aralanıb heç olmasa eyvana çıxasan.

Düzü, mitinqə gələnlərin arasında sırf mühacir olmaq üçün şəkil çəkdirənlər, plakat tutanlar, poz verənlərdə var idi. Amma onlar heç olmasa cürət edib içəriyə, stadiona keçmişdilər.

Aprelin 21-də isə elə həmin mühacir məsələsinə görə AXCP sədri Əli Kərimli Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirildi. Ondan əvvəl də bəzi müxalif partiya sədrləri, üzvləri saxta mühacirlərlə bağlı açılan cinayət işi ilə əlaqədar artıq ifadə vermişdilər. Əlbəttə, bu sorğu-sual zamanı onlardan nə soruşulub, müstəntiqlər hansı sualları veriblər, biz bilmirik. Məni isə başqa məsələ maraqlandırır. İmkan versəydilər, həmin işi aparan müstəntiqlərdən sorardım; araşdırın və deyin görək son ildə nə üçün Azərbaycandan 5-6 minə yaxın insan min cür yolla mühacir adı ilə ölkədən köçüb?

Bəlkə yalançı mühacirlər üçün saxta sənəd təşkil edənləri aramaq əvəzinə, millətə bu ölkədə yaşamağa imkan verməyən, ailəsini yığıb ölkədən getməyə vadar edən səbəbləri araşdırasız? Axtarın, tapın görək, nədir axı bu gizli qüvvənin adı, nədir insanları doğulub-böyüdüyü ölkəsindən köçməyə vadar edən?

Yoxsa siz elə bilirsiz ki , küllü miqdarda pul xərcləyib, olub-qalanını satıb ölkədən gedənlərin sonradan əlləri və dodaqları bala batır? Ya siz elə düşünürsüz ki, müxalif partiya vəsiqələrini satanları, saxta şengen vizası düzəldənləri, Amerikadan-Kanadaya vətəndaşları qanunsuz sərhəddən keçirənləri, arayış, bank kağızı düzəldənləri tutmaqla Azərbaycan vətəndaşını köçməkdən, ölkədən qaçmaqdan saxlayacaqsız?

Heç kimi qərib Qərb ölkəsində, qırmızı xalça, əlində duz-çörək, şadyanalıqla gözləmirlər, qəbul etmirlər.

Kimliyindən asılı olmayaraq bizim qardaş orada yad insan, ikinci, üçüncü bəlkə də dördüncü sort adam olur.

Müəyyən biliklər, bacarıq, dil, savad, təhsil köməklərinə çatacaq, amma prinsip etibarı ilə onlar hamısı yaddır.

Doğulduğun, iyirmi-otuz il böyüdüyün ölkəni, sənə yaxın insanları, tanış mədəniyyəti, öyrəşdiyin təbiəti qoyub getmək elə də asan məsələ deyil. Bu, böyük psixoloji yükdür. Əsrlərlə insanlarımızın əcdadları bu torpaqda yaşayıb, ev-eşik sahibi olub, sevib, evlənib, ailə sahibi olub, uşaq böyüdüblər. Onların qohumlarının bu torpaqda nəşi gömdürülüb. Mühacir gedənlərin çoxunun yaşlı valideyini, xəstə qohumları bu ölkədə qalır. Bu cür məcburi köçün, ölkədən qeyri-rəsmi qovulmağın qarşısında partiya vəsiqəsi satanları axtarmaq biabırçılıqdır. Kaş hakimiyyət özünə sual verərdi, biz də həmin cavabı eşidərdik, bilərdik nə üçün son ildə bu qədər insan Azərbaycandan köç edib. Kimdir və ya kimlərdir vətəndaşı ölkədən total qovanlar, köçməyi, mühacir olmağı labüd edənlər?

Almaniyada yaşayan bir dostumuza, alman tələbə yoldaşı qəfildən sual verib ki, sizin ölkədə nə baş verir?

Müharibədir? Niyə sizin vətəndaşlar, Almaniyaya mühacirət edirlər?

Dostum demişkən, indi gəl bu almana anlat ki, sizin babalarınızın yəhudilərə qarşı düzəltdiyi Qettoları bizim hakimiyyət öz vətəndaşlarına sivil formada yeridir.

Bu arada şəhərə çıxmışdım, Formul-1 yarışları üçün quraşdırılmış dəmir hasarları gördüm, eynən həmən Qettoları xatırladım. Bir azdan İslam Olimpiya oyunları keçiriləcək, yenə evlərimizdən çıxmağa peşman olacağıq.

Hər yan bağlı, hər yerdə tıxac. 

Mitinq zamanı hasar dəliklərindən, pərdə arxasından baxanları, ölkədən tələm-tələsik qaçanları anlayıram. İnsan zəif varlıqdır, müxtəlifdir. Kimsə qorxusuna hakim ola bilir, qürurunu qorumaq gücündədir, kimsə qorxularından azad ola bilmir. Mühacir gedən, qaçan, köçən vətəndaşlarımız kefindən yox, əlacsızlıqdan, acizlikdən qaçırlar.

Total qorxudan, hər gün ölkədə daha da ağırlaşan sosial problemlərdən, rüşvət içində batmış təhsil və səhiyyədən, qanunsuzluqdan və haqsızlıqdan, vətəndaşa qarşı qərəzli mövqedən qaçırlar. Hərçənd ki, qaçmaq problemlərdən qurtulmaq, onları düzəltmək deyil. Bir də ki, insan problemlərdən qaça bilər, amma özündən qaçıb qurtulmaq olmur.

Bizim yerimizə bu ölkəni düzəldən olmayacaq. Problemlərimizi həll edən tapılmayacaq. Amma bunu insanlara aşılamaq üçün, əvvəlcə onları boğan, xirtdəyindən yapışıb tutan qorxularını götürmək lazımdır. Bu isə indiki hakimiyyətin apardığı məqsədyönlü siyasətidir, əzazil görünmək, istənilən narazılığı kökündə məhv etmək, gözləri qorxutmaq. Sonra da cinayət işi açıb, köçənlərə yardım edənləri tutmaq.

Adama deyərlər ki, insanları dolandıra bilmirsiz, problemlərin həll edə bilmirsiz, heç olmasa qabaqların kəsməyin, imkan verin rahat getsinlər, bəlkə başqa vətən onları ağuşuna aldı, problemlərini çözdü, uşaqlarını doyuzdurdu…

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button