2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Quba RİH 19,7 milyon büdcə vəsaitini “səmərəsiz” xərcləyib

Pul qabaqcadan alınsa da avtomobil yolları, məktəblər yarımçıq təhvil verilib
İcra hakimiyyətinin gördüyü işlərdə ciddi maliyyə pozuntuları var
Hesablama Palatası daha bir rayonun icra hakimiyyətini yoxlayıb və həmişəki kimi ciddi “yeyinti” aşkarlayıb. Bizimyol.info xəbər verir ki, audit dövlət büdcəsindən 2014-2015-ci illərdə Quba Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəyə dair olub.
Audit həmin dövrlərdə Quba RİH tərəfindən Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik tam orta məktəblərinin tikintisi, Quba rayonu Rustov-Xanəgah-Gürdah, Rustov-Nöydün-Şuduq, Rustov- Məcgəxacə, Rustov-Bağçəli-Yekdar avtomobil yollarının tikintisinə  istifadə olunan ümumilikdə 19710,4 min manat vəsaiti əhatə edib.
Məktəblərin tikinti sahəsi təqdim edildiyindən azdır
Yoxlama zamanı ortaya çıxıb ki, Quba RİH tərəfindən Prezidentin 2010-cu il tarixli 17 mart tarixli 239 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə əməl edilməyərək layihə təklifləri verilməzdən əvvəl tikinti layihələrinin əsaslandırılması, ilkin strukturunu və qiymətləndirilməsini əks etdirən ilkin texniki-iqtisadi əsaslandırma və layihə sənədləri hazırlanmayıb. Bununla yanaşı, qüvvədə olan qaydaların tələblərinə əməl edilməyərək Afurca kənd 120 şagird yerlik tam orta məktəbinin tikintisində akt zalı, fizika kimya laboratoriyaları, kitabxana, Qımılqışlaq kənd 220 şagird yerlik ümumi orta məktəbinin tikintisində də idman və akt zalları, fizika və kimya laboratoriyaları, kitabxananın sahəsi təsdiq olunan normalardan az layihələndirilib.
Obyektlər təhvil verilmədən istifadə olunub 
Afurca kənd 120 və Qımılqışlaq kənd 220 şagird yerlik məktəblərin tikintisi başa çatdırılıb 2014-cü ilin sentyabr ayından istifadə olunmasına baxmayaraq mövcud qaydaların tələbinə uyğun istismara qəbulu  və çəkilən məsrəflərin müvafiq qaydada uçota alınması təmin edilməyib, obyektlər üzrə daxili və xarici su, kanalizasiya və istilik xətlərinin quraşdırılması işlərinə sınaq aktları tərtib olunmayıb.
Yol tikintisi vaxtında başa çatdırılmayıb 
Audit zamanı həmçinin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” üzrə təsdiq olunmuş Tədbirlər Planındakı Rustov-Xanəgah-Gürdəh, Rustov-Növdün-Şuduq, Rustov-Məcgəxacə, Rustov-Bağçalı-Yekdar yollarının tikintisinin nəzərdə tutulmuş qrafik üzrə başa çatdırılmadığı müəyyən edilib.
Podratçılar işi yarımçıq görüb 
Yolların tikintisi zamanı texniki təminat müddəti nəzərə alınmadan son ödəmə həyata keçirilib, istifadə olunmasına baxmayaraq istismara qəbulu təmin edilməyib, dəmir-beton siqnal dirəkləri quraşdırılmayıb, yolun müəyyən hissələrində bərkidilmə işləri yerinə yetirilməyib.
Kapital qoyuluşuna yönəldilən vəsaitlərin uçotu aparılmayıb
O da ortaya çıxıb ki, Quba RİH üzrə vəsaitlərin uçotu və maliyyə hesabatlarının tərtibi zamanı qüvvədə olan “Büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları” və “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına uyğun olaraq mühasibat uçotunun təşkili və aparılmasına dair təlimat”ın tələblərinə əməl olunmayıb, kapital qoyuluşuna yönəldilən vəsaitlərin isə ümumiyyətlə uçotu aparılmayıb.
Günahkar “Azəravtoyol” imiş 
Hesablama Palatasının Kollegiyası Quba RİH tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması barədə qərar qəbul edib, icra edilməsi və görülmüş tədbirlər haqqında Palataya məlumat verilməsi üçün sənədin surətini Quba RİH və “Azəravtoyol” ASC-yə göndərib.
“Azəravtoyol” ASC tərəfindən təqdim edilmiş məlumatlara görə, trassanın dəyişdirilməsi, tikinti işlərinin dağ şəraitində yerinə yetirilməsi, asfalt-beton işlərinin qış fəslində aparılması nəzərə alınaraq başa çatdırılmamış işlərin dəyəri müəssisədə avans kimi uçota götürülüb.
Auditin nəticələri Milli Məclisə də göndərilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button