SEÇMƏ

Ramin Hacılı: “Müstəntiq uydurub ki, guya aldığım pulları hansısa vəzifəli şəxsə vermişəm”

Yayımlandı: 27 Sentyabr 2022 19:17

İctimai fəalın məhkəməsi yekunlaşır

Azərbaycan Avropa Hərəkatı”nın, eləcə də “No Border Travel Agency” MMC-nin rəhbəri, həbsdə olan ictimai fəal Ramin Hacılının aylardır davam edən məhkəməsi yekunlaşmaq üzrədir. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Sentyabrın 27-də keçirilən məhkəmə iclasında prokuror vəsatət verib ki, Ramin Hacılının işində adı şahid kimi keçən, məhkəmədə dindirilən 16 nəfərə zərərçəkmiş statusu verilsin. Söhbət xarici ölkəyə getmək, viza almaq, səfirliyə iş yeri arayışı təqdim etmək üçün saxta sənəd hazırlamaqdan ötrü Ramin Hacılıya pul verdiyini deyən şəxslərdən gedir. Prokuror bildirib ki, Konstitusiya Məhkəməsinin qərarı buna imkan verir.

Ramin Hacılı özü də, vəkili Rəşad Əliyev də prokurorun bu vəsatətinə etiraz edib. Vəkil deyir ki, yeni dəyişiklik təqsirləndirilən şəxsin durumunu yüngülləşdirirsə, bu halda, qanunun geriyə qüvvəsi var. Şəxsin vəziyyətini ağırlaşdırdığı halda, yenilik tətbiq oluna bilməz.

“Əgər hər şeyi bu məhkəmədə sıfırdan başlamaq istəyirsinizsə, elə işi göndərin ibtidai istintaqa, istintaq yenidən başlasın. Şahidlərin ikisi istisna olmaqla, qalanlarının heç biri mənim əleyhimə ifadə vermədi, şikayətçi olmadı. O iki nəfərin də vizası düzəlməyib, verdikləri pulun bir qismini qaytarmışam. Qalanını da həbs olundum deyə, qaytara bilmədim”, – Ramin Hacılı belə deyib.

Hakim Azad Məcidov tərəflərin nəzərinə çatdırıb ki, bu məsələyə sonda müşavirə otağında qərar çıxarılanda qiymət veriləcək.

Vəkilinin suallarını cavablandıran Ramin Hacılı bildirib ki, heç vaxt xarici vətəndaşların viza alınmasına yardımçı olmayıb:

“Çünki Bakıdakı səfirliklər əcnəbi vətəndaşlara çox vaxt viza verməkdən imtina edirdi”.

Vəkilin sözlərinə görə, Ramin Hacılıya qanunsuz miqrasiyanın təşkili maddəsilə də ittiham verilib. Həmin maddə əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin ölkəyə qanunsuz gəlişini ehtiva edir:

“Ancaq Ramin Hacılının fəaliyyətində belə bir məsələ olmayıb. Ona görə də xahiş edirik, bu ittihama xitam verilsin”.

Hakim bu məsələyə də sonda müşavirədə qiymət veriləcəyini söyləyib.

Ramin Hacılı deyir ki, istintaq dövründə müstəntiq ona qarşı ifadə alarkən adamlara onlardan alınan pulun bir hissəsinin hansısa vəzifəli şəxsə çatması haqda fikirlər də yazdırıb:

Müstəntiq ucdantutma hamısına belə yazdırıb, ancaq vəzifəli şəxsi də üzə çıxarmayıb. Sənədlərdə bu məsələni “istintaqla müəyyən edilməyən şəxs” kimi qeyd edib və üstündən keçib. Bunu mənim vəziyyətimi ağırlaşdırmaq üçün edib. Mən nəyə and içim ki, müstəntiqin “istintaqla müəyyən edə bilmədiyi” şəxs ümumiyyətlə, yoxdur. Bu, müstəntiqin özünün uydurmasıdır”.

Gözdən qaçırmayın:  Beyləqan sakini: “Müstəntiq bizdən 25 min manat aldı, dedi ki, prokurorluğa çatıb…”

Məhkəmə prosesi oktyabrın 5-də davam edəcək.

İttihamda göstərilib ki, viza almaq prosesində Fransa, Macarıstan, Latviya və başqa ölkələrin Azərbaycandakı səfirliklərinə həmin şəxslərin iş yeri, bankda vəsaiti haqda saxta sənədlər təqdim olunub. Ramin Hacılı müxtəlif şəxslərdən pul alıb, onları aldatmaqda təqsirləndirilir.

Onunla birlikdə cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən “Gəncliyin Elmi-Mədəni İnkişafı” ictimai birliyinin sədri Sərdar İsgəndərov, “Yes Travel” MMC-nin vəzifəli şəxsləri Sərxan Abdullayev, Üzeyir Bağırlı və başqalarının işi istintaqın gedişində ayrılıb və daha öncə məhkəməyə göndərilib. Onların işinə də hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində başqa hakimlər kollegiyası baxır. Lakin onlar həbsdə deyil.

Ramin Hacılı və digərlərinin Almaniyadan deportasiya olunandan sonra prokurorluqda dindirilən vətəndaşların ifadələri əsasında cinayət məsuliyyətinə cəlb olunduğu bildirilir.

Ramin Hacılı illər öncə “Dalğa” Gənclər Hərəkatının sədri olub, Demokratik İslahatlar və Ümid partiyalarında təmsil olunub. O, 2017-ci ilin oktyabrında saxta sənəd hazırlama ittihamıyla məsuliyyətə cəlb olunub. Nəsimi rayon Məhkəməsinin hökmüylə şərti cəza alan Ramin Hacılı ABŞ-a səfər vizası almaq istəyənlər üçün səfirliyə saxta sənədlər təqdim etməkdə ittiham edilib. O, 2018-ci ilin yayında üzərində şərti cəza olduğuna görə sərhədi qanunsuz yolla keçməyə cəhddə təqsirləndirilərək saxlanılıb. Dövlət Sərhəd Xidmətinin o zaman yaydığı məlumatda bildirilirdi ki, Ramin Hacılı 250 min manata yaxın borcu olduğunu, xaricə gedib işləyərək, borcları qaytarmağa çalışdığını deyib. O bildirib ki, bu səbəbdən Gürcüstana keçib, oradan da Avropa ölkələrinə getmək istəyirdi.

O, sonuncu dəfə 2021-ci ilin iyununda məsuliyyətə cəlb edilib.

Ramin Hacılı özünü yalnız rəsmi iş yeri olmayan şəxslər üçün saxta sənəd hazırlamaqda təqsirli bilir. Deyir ki, özünün və ailəsinin güzəranını təmin etmək üçün turizm sahəsində fəaliyyət göstərirdi. Xaricə səyahət etmək üçün şirkətə müraciət edən şəxslərin bir çoxunun rəsmi iş yeri olmurdu. O da tanışlarından xahiş edib ki, rəhbərlik etdikləri qurumlarda həmin şəxsləri qeydiyyata alıb, arayış versinlər.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button