Loading...
Loading...
Xəbərlər

Rusiya nüvə konfransının yekun protokolunu təsdiq etməyib

Rusiya BMT-nin nüvə silahı üzrə konfransının yekun protokolunu təsdiq etməyib. Bu səbəbdən də BMT-nin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi üzrə İcmal Konfransı yekun kommünike olmadan başa çatıb.

Sənəddə digər məsələlərlə yanaşı, nüvə qəzası riski yaradan Zaporojye AES-i Rusiyanın hərbi yolla ələ keçirməsi tənqid edilib. Rusiya müqaviləni təsdiqləməyib.

Associated Press-in tanış olduğu yekun protokol layihəsində Zaporojye AES-ə dörd istinad var.

Sənədi təsdiq etməklə, ölkələr nüvə obyektlərində və ya yaxınlığında “hərbi fəaliyyətlə bağlı ciddi narahatlıq” ifadə etmiş və “Ukraynanın səlahiyyətli orqanları tərəfindən onların nəzarətinin təmin edilməsinin vacibliyini” vurğulayacaqdılar. Sənəd həmçinin MAQATE-nin Zaporojye Atom Elektrik Stansiyasına səfər etmək səylərini dəstəkləyir.

Qəbul edilməyən kommünikedə 191 ölkənin – nüvə silahının yayılmasının qarşısını almağa və nəticədə silahsız dünyaya nail olmağa yönəlmiş Müqavilənin bütün iştirakçılarının təsdiqini tələb edirdi.

BMT nüvə üzrə İcmalı Konfransı beş ildən bir keçirilir. Sonuncu 2020-ci ildə keçirilməli idi, lakin koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyalarından biridir. Rusiya qoşunları stansiyanı 2022-ci ilin martında Ukraynanın işğalı başlayandan qısa müddət sonra ələ keçirib. O vaxtdan bəri Kiyev və Moskva bir-birini Zaporojye AES yaxınlığındakı ərazini atəşə tutmaqda ittiham edir.

BMT Rusiya və Ukraynanı stansiyanın ətrafında silahsızlaşdırılmış zona yaratmağa çağırır. Ukrayna da analoji müraciət edib, müraciəti bir neçə ölkə, o cümlədən ABŞ və Aİ dövlətləri bu müraciəti dəstəkləyib. Moskva isə iddia edir ki, Rusiya hərbçiləri AES-də yalnız müharibə zamanı onu qorumaq üçün yerləşdirilib. Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) həftələrdir ki, Zaporojye AES-ə missiya göndərməkdə israr edir və qeyd edir ki, müharibə stansiyanı “tamamilə nəzarətdən çıxarıb”.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Milyonlarda ittiham olunan Rasim Məmmədovun məhkəməsi başlayıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button