SEÇMƏ

Rusiya Ukraynadakı referendumun ilkin nəticələrini açıqlayıb

Yayımlandı: 27 Sentyabr 2022 21:33

Rəsmi Kiyev seçkiləri saxta və etibarsız sayır

Rusiya Mərkəzi Seçki Komissiyası işğal altında saxladığı Ukrayna bölgələrində keçirilən “referendum”un ilkin nəticələrini açıqlayıb.

Komissiyanın açıqlamasında indiyədək səslərin 27 faizinin hesablandığı, 98 faizinin isə “bəli” olduğu bildirilib.

Son məlumatlara görə, “DXR”-in 97,98%, “LPR”-nin 98,69%, Zaporojye vilayətinin 97,75%, Xerson vilayətinin 96,81% Rusiyaya birləşməni dəstəkləyib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba seçkinin etibarlı olmadığını deyib.

D.Kuleba Kiyevdə fransalı həmkarı Ketrin Kolonna ilə keçirdiyi mətbuat konfransında bildirib ki, saxta referendum onların siyasətini və hərbi manevrlərini dəyişməyəcək.

Sentyabrın 23-də Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum başlanıb.

5 gün davam edən referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”.

Xerson vilayət şurası sədrinin birinci müavini Yuri Sobolevski yerli sakinlərə müraciət edib.

O, Moskvanın təşkil etdiyi referendumu saxta adlandırıb və əhalini bu prosesə qatılmamağa çağırıb:

“Bundan qaçmağın ən yaxşı yolu sadəcə qapını açmamaqdır”.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib. 600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib. Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Meydan TV

Gözdən qaçırmayın:  Bakıda heyvansevərlər cəzalandırıldılar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button