Loading...
Loading...
SEÇMƏ

Rusiyada Bələdiyyə Dumaya çağırış edib: Putin “dövlətə xəyanət”də günahlandırılmalıdır

Yayımlandı: 8 Sentyabr 2022 14:49

“Duma Putinin vəzifəsindən uzaqlaşdırılması üçün təkliflə çıxış etməlidir”

Sankt-Peterburqda Smolninski Bələdiyyə Şurası Prezident Vladimir Putinin vəzifəsindən uzaqlaşdırılması üçün Dövlət Dumasına çağırış edib.

Bələdiyyə Şurası Putinə qarşı “dövlətə xəyanət” ittihamı irəli sürməyi vacib sayıb.

Bu barədə Smolninski Bələdiyyəsinin müavini Dmitri Palyuqa məlumat yayıb.

“Dövlət Dumasına sorğu göndərmək haqqında qərar əksər bələdiyyə üzvləri tərəfindən dəstəkləndi”, – deyə o bildirib.

Amma Palyuqa qərarı neçə deputatın təsdiqlədiyini açıqlamayıb.

Smolninski Bələdiyyə Şurasının üzvləri. Mənbə: Twitter

O, Dövlət Dumasının deputatlarına göndərilməsi planlaşdırılan qərar və müraciətin mətnlərini də yayıb.

Sənəddə bildirilir ki, müharibə zamanı gənc və əmək qabiliyyətli vətəndaşlar ölür və Rusiya iqtisadiyyatı əziyyət çəkir: “NATO şərqə doğru genişlənir və Ukrayna yeni silahlar alır”.

“Biz hesab edirik ki, Prezident Putinin müharibəyə başlamaq qərarı Rusiya və onun vətəndaşlarının təhlükəsizliyinə ziyan vurur. Bununla əlaqədar, Dövlət Dumasının deputatı kimi sizdən Rusiyanın Prezidentinin vəzifəsindən uzaqlaşdırılması üçün ona qarşı “dövlətə xəyanət” ittihamının irəli sürülməsi təklifi ilə çıxış etməyinizi xahiş edirik”, – deyə müraciətdə bildirilir.

Rusiyanın Ukraynaya təcavüzündən az sonra Smolninskoe bələdiyyəsinin deputatları Vladimir Putinə müraciət göndərərək müharibəni dayandırmağa və istefaya getməyə çağırıblar.

Onlar Sankt-Peterburqda da müharibə əleyhinə mitinq keçirmək istəyiblər, lakin şəhər rəhbərliyi buna razılıq verməyib.

Bələdiyyənin deputatlara müraciəti haqda qərarı

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.



Meydan TV

Gözdən qaçırmayın:  Kuleba: “Putin açıq şəkildə Ukraynaya qarşı cinayətini etiraf etdi”

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button