Loading...
Loading...
SEÇMƏ

Səlim Müslümov dövlətə dəymiş ziyana görə 20 milyon manat ödəyib

Yayımlandı: 15 Avqust 2022 18:04

Bu iş üzrə şahidlərin sayı 341 nəfərdir

Avqustun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində 27 milyonluq mənimsəmə və rüşvət almaqda ittiham olunan keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun işi üzrə məhkəmə istintaqı başlayıb. Sabiq nazirin işinə Faiq Qəniyevin sədrliyilə, Məhəmməd Əkbərov və İlham Mahmudovdan ibarət hakimlər kollegiyası baxır.

Budəfəki məhkəmə iclasında prokuror ittiham aktını elan edib. İttiham aktının həcmi böyük – 573 səhifədən ibarət olduğuna görə bir məhkəmə iclasında onun hamısını elan etmək mümkün olmayıb.

Məhkəmədə aydın olub ki, Səlim Müslümov yeyinti nəticəsində dövlətə dəymiş ziyandan 20 milyon manatı ödəyib. Sabiq nazirin 8 milyon manatlıq əmlakının üzərinə də həbs qoyulub.

İttiham aktında yazılıb ki, şəhid ailələri və müharibə əlilləri üçün Salyan, Qazax, Zaqatala, Samux və s. rayonlarda fərdi yaşayış evləri tikilərkən rüşvət alınıb. İddiaya görə, bu işin hansısa şirkətə həvalə olunması üçün həmin şirkətin rəhbəri nazirə rüşvət verib.

Eyni zamanda, əlillər üçün sanatoriya, kurort, müalicə müəssisələrinin təmir-tikintisini həyata keçirən şirkətlərin rəhbərlərinin də bunun üçün rüşvət verdiyi iddia edilir. Məsələn, Mərdəkandakı müalicə pansionatının təmiri nəticəsində yarım milyon manata yaxın yeyintiyə yol verildiyi ittiham aktında əksini tapıb.

Səlim Müslümov eyni zamanda, reabilitasiya avadanlıqları satan şirkətlə əməkdaşlıq üçün onun rəhbərindən də rüşvət almaqda təqsirləndirilir.

Bundan başqa, onun nazirliyin tabeliyindəki qurumların (Dövlət Sosial Müdafiə Fondu, Əmək Müfəttişliyi) müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manata qədər rüşvət aldığı iddia edilir.

Səlim Müslümov elan olunmuş ittihamlara hələ ki, heç bir münasibət bildirməyib. İttiham aktının elanı avqustun 29-da keçiriləcək növbəti iclasda davam etdiriləcək.

Səlim Müslümovun rüşvət almaqla 13 milyon 296 min 355 manat, mənimsəmə nəticəsində 7 milyon 237 min 188 manat, israfetmə yoluyla 7 milyon 87 min 671 manat dövlətə ziyan vurduğu iddia olunur.

Zərərçəkmiş qismində Maliyyə Nazirliyi tanınıb.

Ümumilikdə dəymiş ziyandan ödənilməmiş 6 milyon 974 min 428 manat qalıb. Maliyyə Nazirliyi bu məbləği də tələb edir. Nazirliyin nümayəndəsi məhkəmədə bildirib ki, ziyanın tam ödənilməsini tələb edirlər.

Bu iş üzrə şahidlərin sayı 341 nəfərdir. Onlar əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlriyinin maliyyə, tikinti və digər sahələr üzrə əməkdaşları, vaxtilə şəhid ailələri, müharibə əlilləri, mülki əlillər üçün tikilmiş nəzərdə tutulmuş sağlamlıq mərkəzlərinin, yaşayış binalarının, santoriyaların tikintisində iştirak etmiş podratçı şirkətlərin nümayəndələridir.

Gözdən qaçırmayın:  FTB “Rust” filminin çəkilişi zamanı baş verən qətllə bağlı hesabat açıqlayıb

2021-ci ilin əvvəlində həbs edilən Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Onun həbsdən buraxılmasına əsas kimi, səhhətində ciddi problemlərin olması göstərilib.

Səlim Müslümov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən tutulmuşdu. O, il yarıma yaxın müddətdə də DTX-nın istintaq təcridxanasında saxlanılırdı. Onun işi üzrə araşdırmalar da bu qurumun İstintaq İdarəsində aparılıb.

61 yaşlı Səlim Müslümov 2013–2018-ci illərdə əmək və əhalinin sosial müdafiəsi naziri, ondan əvvəl 2002-2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun rəhbəri, daha öncə – 2000-2002-ci illərdə isə Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışıb. Hazırda ona qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə və ya israfetmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3 (təkrar külli miqdarda rüşvət alma) maddələrilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button