2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Şamaxı sakinləri: “DOST” İş Mərkəzi bir gündə 100-dən çox adamı işsiz qoydu

Bir ailədən iki nəfər işsiz qalıb

“Heç bir monitorinq keçirilməyib. Nümayəndələr gəlib idarədə oturublar, sonra da gedib saxta aktlar tərtib ediblər. Bu yolla da 100-dən çox ailəni çörəksiz qoyublar”.

“DOST” İş Mərkəzinin ötən ay işdən çıxardığı bir neçə Şamaxı sakini Meydan TV-yə danışıb. Onlar iddia edirlər ki, işdə olsalar da, monitorinq qrupu sənədlərə işdə olmamaları barədə yalan məlumatlar daxil edib.

Saytların yığılması Saytlarin yigilmasi

Əlibaba Musayev və həyat yoldaşı  Aynurə Musayeva eyni gündə işsiz qalıb. Əlibaba Musayev deyir, 4 il imiş ki, DOST İş Mərkəzi ilə əmək müqaviləsi bağlayıb və Ağsu yolunda küçə təmizlikçisi işləyirmiş:

“Mənə təsir edən odur ki, mən və həyat yoldaşım orda ən intizamlı işçilər olmuşuq, bircə gün də işdən qalmamışıq. Hansı oyunun qurbanı etdilər bizi, bilmədik. Başımızı aşağı salıb, gündə 8 saat ərazimizə düşən sahənin təmizliyi ilə məşğul olub, evə qayıdırdıq. Ayda 283 manat maaş alırdıq. Bizim briqada 8 nəfərdən ibarət idi, iki nəfəri çıxarıblar. Həyat yoldaşım başqa briqadanın tərkibində idi”.

Əlibala Musayev deyir, monitorinqin keçirildiyi iddia olunan gündə də işdə olub:

“Guya monitorinq keçiriblər. Halbuki deyilən tarixdə də işdə olmuşam, Ağsu yolunda təmizlik işləriylə – yəni öz işimlə məşğul olmuşam. Ancaq hər hansı monitorinqin şahidi olmamışam. DOST İş Mərkəzinin hər hansı nümayəndəsini görməmişəm. Ötən ay elə qəfildən bir siyahı göndəriblər ki, bu işçilər işə buraxılmasın”.

Əlibala Musayev və həyat yoldaşı hazırda işsizdir. Ailə ünvanlı sosial yardımdan da yararlana bilmir:

“Həyat yoldaşımın adına Quşçu kəndində 43 sot torpaq sahəsi var, əkmək üçün heç bir şərait olmadığına görə o torpaqdan bircə dəfə də yararlana bilməmişik. Başqa gəlir yerimiz yoxdur, beş nəfərlik ailə çörəksiz qalıb”.

İşsiz qalanlardan biri də Mahir Zahidovdur. Deyir, DOST İş Mərkəzinin xəttiylə usta kimi işə götürülüb, fəhləliklə məşğul olub:

“Hansı əraziyə göndərirdilərsə, orada da  işləyirdim. Ağac dibi belləyirdim, yer süpürürdüm, hörgü işi görürdüm… Hansı işə göndərsələr, gedirdim. Deyirlər, monitorinq keçirilib, guya mən də işdə olmamışam. O monitorinq nə vaxt keçirilib, kim gəlib yoxlayıb, görməmişəm. Heç iş yoldaşlarım da görməyib. Bircə onu bilirəm ki, rayona işdən çıxarılanların siyahısı göndərilib, orda mənim də adım olub, deyiblər ki, sabahdan işə gəlmə”.

Mahir Zahidov hesab edir ki, DOST İş Mərkəzi ölkə başçısının işsizliklə bağlı imza atdığı sosial layihələrə kölgə salır:

“2019-cu ildə Prezident İlham Əliyev zəlzələylə bağlı Şamaxıya gələndə onunla görüşən vətəndaşlardan biri də mən olmuşam. Həmin vaxt ona rayonda iş yerlərinin açılmasına görə təşəkkür də etmişəm. Əlimi sıxıb dedi ki, biz DOST İş Mərkəzini yaratdıq ki, siz işsiz qalmayasız. Hər şeyi sizin sosial rifahınızın yaxşılaşması üçün düşündük. Ancaq DOST İş Mərkəzinin nümayəndələri gəlib, saxta aktlar yazıb getməklə, qışın soyuğunda, işığın, qazın limitlə olduğu bir vaxtda bir qarın çörəyi zorla tapan 100-dən çox ailəni ac qoyub”.

Ağayar Gülbabayevin həm özünün, həm də iki qızının DOST İş Mərkəziylə işçi müqaviləsi var. Deyir, bir müddət əvvəl maaşlarının yarısını vonlara vermədikləri üçün hər iki qızını işdən çıxarıblar. Onun çoxsaylı müraciətlərindən sonra işlərinə bərpa olunublar. Ötən ay qızı Zeynəb Zəkəriyyəyeva maaş kartını yoxlayanda işdən çıxarılmasından xəbər tutub:

Ağayar Gülbalayev. Foto: Meydan TV

“O vaxt Prezidentə, vitse-prezidentə, nazirliklərə 26 dəfə müraciət etdim. Araşdırıldı, 4 aydan sonra hər ikisini işə bərpa etdilər. Niyə rüşvət verməliydim? Dövlətin açdığı iş yeridir, işimizi işləyib, ən minimum maaşa qane oluruq, dövlətdən ondan artığını tələb etmirik ki… Niyə o minimum əmək haqqını da aparıb məmurlarla bölüşməliyik? İndi qızımı ikinci dəfədir işdən çıxarırlar. Guya monitorinq qrupu gəlib, işdə olmuşuq, ancaq o monitorinq qrupunun üzvlərini görməmişik. Gəliblər, Şamaxıda idarədən kənara çıxmayıblar. Heç bir real monitorinq aparılmayıb. Gedib Bakıda akt tərtib ediblər, bu qədər adamı işsiz qoyublar.  Ötən ay maaş kartını yoxlayanda baxıb ki, maaşın üstündə son haqq-hesabı da karta köçürüblər, müqaviləyə xitam veriblər. Onda bilib ki, oktyabrın 5-də guya keçirilmiş monitorinqin nəticəsi olaraq noyabrın 5-də müqavilə dayandırılıb”.

DOST İş Mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüfət Seyidov Meydan TV-yə bildirib ki, oktyabrda Şamaxıda monitorinq qrupunun keçirdiyi reyd nəticəsində 84 işçinin iş yerində olmadığı müəyyən edilib və aktlar tərtib olunub:

“Adlarını çəkdiyiniz vətəndaşlar da sosial işçi kimi işləyiblər. Ümumiyyətlə, o proseslər belədir: Reydə çıxan əməkdaşlarımız müqaviləli sosial işçilərin işlədikləri ərazilərə gedirlər, işçini ərazidə tapmayanda icra hakimiyyətinə və MİS-ə məlumat verirlər. Çünki ola bilsin ki, həmin işçi monitorinq keçirilən vaxt tabe olduğu həmin idarələrə çağırılmış olsun. Monitorinq qrupunun üzvü həmin qurumlardan da nümayəndə götürür və birlikdə monitorinq edirlər. Bakıdan gedən monitorinq üzvü həmin qurumların qarşısında sual qoyur ki, bu işçi niyə iş vaxtı iş yerində yoxdur? Əgər üzrlü səbəb göstərilirsə, nəzərə alınır, əgər qurumdan da xəbərsiz olduqlarını bildirirlərsə, həmin işçinin adı akta qeyd olunur. Bir həftə sonra yenə  monitorinq qrupu gedir, təkrar monitorinq keçirilir, həmin işçi yenə də iş yerində yoxdursa, icraçı qurumda da işçinin harda olması barədə məlumat olmursa, artq ikinci akt yazılır. Yalnız bundan sonra həmin işçiylə müqaviləyə xitam verilir”.

Rüfət Seyidov deyir, əksər hallarda sosial işçilər aktdan da, müqaviləyə xitam verilməsindən də narazı qalırlar və günahı monitorinq qrupunun üzərinə atırlar:

“Yenə də əgər narazılıqları varsa, qrup şəklində mərkəzimizə müraciət etsələr, aidiyyəti şöbə araşdırar”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button