Loading...
Loading...
Xəbərlər

Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə danışıb

Avqustun 30-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb. Məlumata görə, telefon danışığı əsnasında Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi və Avropa İttifaqının təşkilatçılığı ilə avqustun 31-də Brüsseldə keçiriləcək görüşün gündəliyinə aid məsələlər müzakirə olunub.

Avqustun 30-da Ş.Mişel Ermənistan Baş naziri Nikol Paşinyanla da telefonla danışıb. Bu barədə isə Ş.Mişel özünün Twitter mikrobloqunda yazıb.

Avropa Şurasının rəhbəri qeyd edib ki, avqustun 31-də Brüsseldə Əliyev və Paşinyanla keçiriləcək dördüncü görüş ərəfəsində Azərbaycan və Ermənistan liderləri ilə ilkin danışıqlar aparıb.

Ötən ilin dekabrından bəri Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüs və iştirakı ilə Azərbaycanla Ermənistan liderlərinin üç görüşü keçirilib. Sonuncu görüş mayın 22-də olub. Görüşdə iki ölkə arasında sülh sazişi, sərhədlərin müəyyən edilməsi kimi məsələlər müzakirə olunmuşdu.

Bundan əvvəl iki ölkə arasında aparılan danışıqlarda, əsasən, Rusiya, ikinci Qarabağ müharibəsindən öncə isə ATƏT-in Minsk qrupu (ABŞ, RusiyaFransa qurumda həmsədrlərdir) vasitəçilik edib.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci ildə 44 günlük savaş nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Amma, hələlik, tərəflər arasında sülh sazişi imzalanmayıb.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Bağdadda şiə qrupların toqquşmasında 23 nəfər öldürülüb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button