2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Saytların bloklanması məhkəməsində hakim vəkillərin vəsatətlərini blokladı

Azərbaycanda bir sıra saytların, o cümlədən “azadliq.org”un bloklanması tələbi ilə məhkəməyə müraciət edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə vaxt verilmişdi ki, əlavə sübutlarını təqdim eləsin. Həmçinin iddia tələbi dəqiqləşdirilsin.

LİNQVİSTİK EKSPERTİZA KEÇİRİLMƏYƏCƏK

Saytların yığılması Saytlarin yigilmasi

Saytların bloklanması ilə bağlı məhkəmə mayın 3-də davam etdirilərkən bəlli olub ki, nazirlik yeni heç bir sübut tapmayıb, iddia tələbində də düzəliş yoxdur. Nazirliyin yeganə sübutu Baş prokuror Zakir Qaralovun məktubu və prokurorluqdan göndərildiyi, həmin saytlarda yayımlandığı iddia olunan yazılardır.

Ötən məhkəmədə vəkillər prokurorluğun da bu işə tərəf kimi cəlb olunması və yazılarla bağlı linqvistik ekspertiza keçirilməsi haqda vəsatətlər qaldırmışdılar.

Hakim Nurəddin Bağırov mayın 3-də elan edib ki, vəsatətlərin heç biri təmin olunmur.

“Meydan TV”nin vəkili Elçin Sadıqov buna etiraz edib: “Həmin vəsatətlər heç müzakirə olunmayıb, siz qərarı elan edirsiz. Ötən məhkəmədə dediniz ki, bu məsələlərə növbəti iclasda baxılacaq”.

BU AGENTLİKLƏRƏ XƏBƏRDARLIQ OLUNMAYIB

AzadlıqRadiosu-nun vəkili Adil İsmayılov məhkəmənin diqqətinə çatdırıb ki, iddiaçı tərəf məhkəməyə bloklanması tələb olunan saytlarda yayımlandığı iddia olunan yazıların ancaq başlığını təqdim etməklə kifayətlənib. Vəkil həmçinin bildirib ki, AzadlıqRadiosu-nun saytında yayımlanan və “dövlətçiliyə, cəmiyyətin maraqlarına təhdid” kimi dəyərləndirilən məqalələrdən biri də “İki gündə dörd nəfərin intihar etdiyi bildirilir” sərlövhəsi ilə yayılmış materialdır. Halbuki, həmin yazı APA və “Report” informasiya agentliklərində yayılmış xəbərlər əsasında hazırlanıb. Vəkil nazirliyin nümayəndəsi Bəxtiyar Məmmədlidən adıçəkilən agentliklərə həmin xəbərlərə görə xəbərdarlıq edilib-edilmədiyini soruşub. Məlum olub ki, onlara xəbərdarlıq edilməyib.

AzadlıqRadiosu-nda yayımlanan və bloklanmaya əsas kimi göstərilən digər yazılar isə bunlardır: “Heydər Əliyev Fondunun Rumıniyada qaranlıq biznesi”, “C.Həsənli: “Aksiyaları zəruri edən şərtlər var””, “Özünə və xalqına hörmət edən dövlət başçısı bunu etməməli idi”, “İlham Əliyevin sultan elan olunacağı günü ağla gətirmək…”

Adil İsmayılov deyir ki, bu yazıların heç birində qanun pozuntusuna yol verilməyib: “Başlıqla kimisə ittiham eləmək düzgün deyil”.

Nazirliyin nümayəndəsi cavabında deyib ki, onlar kimisə ittiham eləmirlər, sadəcə, prokurorluğun müraciəti əsasında hərəkət edirlər: “Prokurorluğun müraciətində göstərilib ki, bu yazılarda ictimai sabitliyin pozulmasına, dövlətin konstitusiya quruluşunun dəyişdirilməsinə yönəlik hərəkətlər, çağırışlar var”.

“ÖLKƏDƏ SOSİAL GƏRGİNLİK OLDUĞU BİLDİRİLİB”

Bundan sonra Adil İsmayılovla nazirliyin təmsilçisi Bəxtiyar Məmmədov arasında dialoq olub:

– Bu yazıların hansında və konkret hansı cümlələrdə siz dediyiniz hərəkətlər var?

– İntihar hallarının səbəbi qabardılıb, ölkədə sosial gərginlik olduğu bildirilib.

– Hər gün Azərbaycanda intihar halı baş verirsə, bundan yazmamalıdırlar?

– Bunu “kütləvi intihar” adlandırmaq olmaz. Başqa ölkələrdə də intiharlar olur.

– Dediyiniz yazıda kimisə intihara çağırırlar?

– Çağrılmasa da, təhtəlşüur səviyyəsində…

– Demək istəyirsiniz ki, intihar haqda yazmaq olmaz?

– Yox, belə demirik.

– Bəzi yazılar ki, onlar xarici mediada dərc olunub, yəni xarici mətbuatın şərhidir. Bunu da eləmək olmaz?

– Yox, bunu demirəm.

– Siz, faktiki, senzura tətbiq eləmək istəyirsiz. Demək istəyirsiniz ki, ancaq siz istədiyiniz xəbərləri, müəyyən çərçivədə verməlidirlər…

“BİRCƏ YAZI DA GÖRMƏDİM BUNLARIN ARASINDA”

Adil İsmayılov onu da bildirib ki, qanuna görə, iddiaçı saytın bloklanması üçün məhkəməyə müraciət edərkən ərizəsində əsaslandırmalıdır. Göstərməlidir ki, hansı yazıda, hansı cümlədə hansı qanunun hansı bəndi pozulub. Məhkəməyə qədərki tədbirlər haqda məlumat da ərizədə öz əksini tapmalı idi. Amma ərizədə bunların heç biri yoxdur: “Ötən məhkəmədə hakim prosesi təxirə salanda da tövsiyə elədi ki, ərizənizi qaydaya salasız. Amma eləməmisiz. “Dövlətin və cəmiyyətin qanunla qorunan maraqlarına təhdid yaradan” bircə yazı da görmədim bunların arasında”.

Nazirliyin nümayəndəsi irada belə cavab verib: “Prokurorluqdan bizə daxil olan müraciətdə göstərilib ki, bu yazılarda deyilən hallar var. Biz də bunu əsaslı hesab eləyib, təxirəsalınmaz qaydada bloklama qərarı çıxarmışıq”.

Adil İsmayılov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin özünün heç bir araşdırma aparmadığını əsas gətirərək, prokurorluğun bu işə cəlb olunmasının zəruri olduğunu söyləyib.

Hakim isə araşdırmaları yetərli hesab edərək, çıxışlar mərhələsinə keçib. Çıxışa hazırlaşmaq üçün tərəflərə mayın 12-nə qədər vaxt verilib.

Azad Avropa/AzadlıqRadiosu-nun prezidenti Thomas Kent nazirliyin qaldırdığı məhkəmə iddiasını “kobud senzura” adlandırıb. Bundan əvvəl radionun bloklanmasına gizli cəhdlər olarkən T. Kent bu addımı pisləmiş, bunu hakimiyyətdən sui-istifadə edərək AzadlıqRadiosu-nun Azərbaycanda yerli auditoriyaya müstəqil informasiya çatdırmasına mane olmaq cəhdi kimi qiymətləndirmişdi.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button