SEÇMƏ

Suriyada “Azəri camaatı”nın tərkibində döyüşdüyü iddia olunan azərbaycanlı məhkəmə qarşısında

Yayımlandı: 23 Yanvar 2023 22:55

İttihama əsasən, Akif Osmanov Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib

Suriyada qanunsuz silahlı qrupların tərkibində döyüşməkdə, sonradan saxta sənədlərlə fərqli ad-soyad altında müxtəlif ölkələrdə yaşamaqda ittiham olunan Akif Osmanov məhkəmə qarşısına çıxarılıb. O, Cinayət Məcəlləsinin 12.1, 279.1 (Azərbaycan qanunvericiliyilə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrupların fəaliyyətində iştirak, onları silah-sursatla təchiz etmə) maddəsilə ittiham olunur.

Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyilə baxılır. Yanvarın 23-də məhkəmənin hazırlıq iclasında hakim bildirib ki, məhkəməyə təqsirləndirilən Akif Osmanovun məktubu daxil olub. O, saxlandığı Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq Təcridxanasından Kürdəxanı qəsəbəsində yerləşən, Bakı İstintaq Təcridxanasına köçürülməsini istəyir.

Məhkəmə onun məktubuna müsbət cavab verib və Bakı İstintaq Təcridxanasına köçürülməsi haqda qərar çıxarıb.

Onun işi də məhkəmə baxışına verilib. Məhkəmə fevralın 3-dən başlayaraq, cinayət işindəki ittihamları araşdıracaq.

İttihama əsasən, Akif Osmanov Suriyanın Atma şəhərində xüsusi hazırlıq düşərgəsində təlimlər keçib. O, “Azəri Camaatı” adlı qanunsuz silahlı qruplaşmanın fəaliyyətində iştirak edib, qrup üzvləri ilə birlikdə “Şeyx Süleyman” qəsəbəsi uğrunda gedən döyüşlərə qoşulub. Akif Osmanov döyüşlərdə qəlpə yarası alıb.

Cinayət işində həmçinin yazılıb ki, o, başqa ölkələrdə sərbəst hərəkət etmək, cinayət məsuliyyətindən yayınmaq üçün Özbəkistan vətəndaşı olması haqda saxta pasport alıb.

Həmin pasporta əsasən, onun ad-soyadı İlyorjon İsanov olub. Əvvəllər bu ad-soyadla saxlansa da, sonradan azadlığa buraxılıb.

O, istintaq dövründə özünü təqsirli bilib.

Məhkəmədə isə ittihamlara münasibəti məlum deyil. Fevralın 3-də prokuror ittiham al elan edəcək. Ardınca o, ittihama münasibət bildirəcək.

Meydan TV

Gözdən qaçırmayın:  Rüdəkənar – apteksiz kənd

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button