Gündəm

Tikinti sektorunda əmək müqaviləsinə riayət olunmur

Bədbəxt hadisələr daha çox orada baş verir

Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən cari ilin yanvar-aprel aylarında istehsalatla əlaqəli 43 bədbəxt hadisə (o cümlədən istehsalatla əlaqəli qrup halında baş vermiş 2 hadisə) qeydə alınıb.

ƏƏSMN ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib ki, daha çox tikinti və nəqliyyat, emal sənayesi, mədənçıxarma, həmçinin özəl sektora aid müəssisələrdə baş verən bu hadisələr nəticəsində 13 nəfər dünyasını dəyişib:

“Bu dövrdə istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayı isə 33 nəfər təşkil edib. Dövlət Əmək Müfəttişliyi Xidməti istehsalatla əlaqəli bədbəxt hadisələrlə əlaqədar təhqiqat işləri apararaq, nəticələr əsasında qanunvericiliyin tələblərinə uyğun şəkildə tədbirlər görüb”.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının sədri Sahib Məmmədov deyir ki, istehsalat qəzaları bütün dünyada qaçılmazdır. Lakin onun qarşısını alan tədbirlər effektiv olanda, bədbəxt hadisələrin miqyası da genişlənmir. Əsas tələb əmək müqaviləsinin olmasıdır. Əmək müqaviləsi varsa, bədbəxt hadisə baş verəndə əməkhaqqısının müəyyən həddində işçiyə vəsait ödənməsi prosesi də asan olur. Lakin əmək müqaviləsinin olmadığı təqdirdə, işçinin xəsarət almasını sübut etməsi çətin olur. İşəgötürən hətta məsuliyyətini boynundan ata da bilər. O zaman işçi sahədə olduğunu, işlədiyini, nə qədər əməkhaqqı aldığını sübut etməlidir.

Liqa sədri deyir ki, işəgötürənin əsas öhdəliyi əmək müqaviləsi və ya mülki müqavilə ilə hər hansı işçini işə cəlb edərkən onu icbari qaydada sığortalamaqdır. İşəgötürən sığorta şirkəti ilə sığorta müqaviləsi bağlamalı, sığorta hadisələrinin qarşısını

almaq sahəsində tədbirlər görməli, müəssisədə təhlükəsiz əmək şəraitini təmin etməlidir. Bu tələbə riayət olunmayanda İnzibati Xətalar Məcəlləsində icbari sığorta ilə bağlı müddəalara əsasən cərimələr nəzərdə tutulub. Zəruriyyət yaranarsa, həmin qaydada da işəgötürən cərimə olunmalıdır.

Xatırladaq ki, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri hallarından icbari sığortaya dair qanun 2011-ci ildə qəbul edilib. Lakin hələ də ciddi problemlər qalır. İcbari sığortaya cəlb olunmyan şəxslər sığorta hadisəsi baş verdikdə əksəriyyət hallarda kompensasiya ala bilmirlər. Əslində, sığorta olunmayan işçilərin sağlamlığına dəyən ziyanın əvəzini işəgötürən ödəməlidir. Əmək müqaviləsi olmadan işləyən işçilər hadisə baş verəndə onu məhkəmə qaydasında sübut etməyə məcbur olur.

Ümumiyyətlə, bədbəxt hadisələrin daha çox tikintidə baş verdiyini deyən liqa sədri, orada işçilərin çoxunun müqaviləsinin olmadığını söyləyir. O, Bakıda pilot layihə kimi, video-müşahidənin yerləşdirilməsinin nəzərdə tutulduğunu deyir. Bu isə tikintidə nə qədər işçinin olması və s. məqamlar barədə düzğün məlumat əldə etməyi asanlaşdıracaq:

“Bu, hələlik pilot layihədir. Hazırda isə bizdə bədbəxt hadisələr barədə tam statistika yoxdur. Yüngül və az xəsarətlər gizlədilir. Belə hadisələr olanda işçini evə göndərib sağalandan sonra işə qayıtmasını tələb edirlər. Əmək müqaviləsinin olmadığı şəraitdə bədbəxt hadisələrin sığortası da çətin olur. Bizdə isə işçilərin demək olar cəmi 19-20 faizinin sığortası var”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button