2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Toplum TV-də və Üçüncü Respublika Platformasında polis reydi: cinayət işi açılıb

Toplum TV-nin saxlanılan əməkdaşı Fərid İsmayılov, Üçüncü Respublika Paltformasının spikeri Akif Qurbanov və başqaları qrup şəklində qaçaqmalçılıqda ittiham olunaraq şübhəli şəxs kimi saxlanılıb, onların vəkilləri BBC News Azərbaycancaya bildirib.

Fərid İsmayılovun vəkili Zibeydə Sadıqova BBC News Azərbaycancaya deyib ki, bu gün onun barəsində bəzi istintaq hərəkətləri aparılacağı gözlənilir.

“Ola bilər ki, bu gün, ya sabah barəsində qətimkan tədbiri seçilməsi üçün məhkəməyə çıxarılsın”, – Zibeydə Sadıqova deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Toplum TV-nin polis nəzarətində olan əməkdaşları Müşfiq Cabbar, Əli Zeynal, Ramil Babayev, Elmir Abbasov və İlkin Əhmədovun barələrində də qaçaqmalçılıq ittihamı verildiyi bildirilir.

Bu gün Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ötən gün Toplum TV internet kanalının ofisində və “əlavə digər ünvanlarda” polis əməliyyat-axtarış tədbirləri həyata keçirib, Daxili İşlər Nazirliyindən BBC Azərbaycancaya bildiriblər.

Toplum TV-nin bəzi əməkdaşları hələ də polis nəzarətindədirlər, onlar haqqında rəsmi ittihamın olub-olmaması məlum deyil, bəziləri gecədən sərbəst buraxılıb.

Çərşənbə günü Üçüncü Respublika Platformasının ofisində saxlanılan təşkilatın iki üzvü Ruslan İzzətli və Araz Əliyev gecə yarısına yaxın sərbəst buraxılıblar, Ruslan İzzətli Facebook platformasında canlı yayım edərək məlumat verib.

Polisin Toplum TV-də axtarış aparmasından sonra medianın YouTube səhifəsindən bütün videoların silindiyi görünür.

Toplum TV-nin YouTube səhifəsi
Şəklin alt yazısı,Polisin Toplum TV-də axtarış aparmasından sonra medianın YouTube səhifəsindən bütün videoların silindiyi görünür.

Toplum TV-nin həmtəsisçisi Ələsgər Məmmədli medianın YouTube kanalından videoların yoxa çıxması və kanalın adının dəyişdirilməsini şərh edərək Facebook sosial platformasındakı öz hesabında yazıb ki, “Hədəfin Toplum TV-nin fəaliyyəti olduğunu aydın göstərən mənzərə”.

Ötən gün BBC Azərbaycanca müxbirləri Toplum TV-nin ofisində axtarışların yekunlaşdığını və media qurumunun qapısının möhürləndiyini bildiriblər.

Hələlik internet televiziyanın bir əməkdaşı Fərid İsmayılovun saxlandığı məlumdur, lakin media qurumunun bir neçə əməkdaşının da saxlanılaraq, Bakı şəhər Baş Polis İdarəsinə aparıldığı deyilir.

Lakin idarə bu iddianı nə təkzib, nə də təsdiq etməyib. Daxili İşlər Nazirliyindən bununla bağlı hələlik cavab almaq mümkün olmayıb.

Müxbirlərimiz hazırda polis idarəsinin qarşısında prosesi izləməyə çalışırlar, lakin polis əməkdaşları jurnalistləri oradan da uzaqlaşdırıb.

DİN sözçüsü Elşad Hacıyev bildirib ki, həmin ünvanda “bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib”, lakin qurumun rəsmisi detallara toxunmayıb.

O, aparılan axtarışlarla bağlı cəmiyyətə əlavə məlumatın veriləcəyini bildirib.

Toplum TV
Şəklin alt yazısı,Toplum TV-nin ofisində axtarış bitib, qapısı möhürlənib

Toplum TV-nin aparıcısı Alya Yaqublu polislərin axtarış aparmalarının heç də “sürpriz olmadığını” bildirib.

Onun sözlərinə görə, Azərbaycanda “hakimiyyətyönlü media bir neçə vaxt idi ki, müstəqil mediaya qarşı kampaniya” aparırdı və adları çəkilən medialar arasında Toplum TV-nin də adı olub.

Toplum TV müstəqil, tənqidi media qurumu kimi 2016-cı ildən etibarən fəaliyyət göstərir.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl BBC Azərbaycancaya açıqlamasında bəzi əməkdaşların “polis maşınına oturdularaq, aparıldığını” bildirib.

“İndi əməkdaşlarımın taleyi ilə maraqlanıram ki, görüm hara aparırlar”, – Xədicə İsmayıl deyib.

Onun sözlərinə görə, polisin apardığı axtarışların “yalnız bir səbəbi var, medianı susdurmağa çalışırlar”.

“Ölkədə heç bir tənqidi səs çıxmasın deyə, azad söz olmasın deyə atılan addımların davamıdır. Bircə onu bilirəm ki, biz heç bir cinayət işi üçün hüquqi əsas verməmişik”, – o əlavə edib.

Media qurumunun təsisçisi Ələsgər Məmmədli BBC Azərbaycancaya bildirib ki, Toplum TV-nin yerləşdiyi əraziyə “ümumiyyətlə heç kəsi buraxmırlar”.

“Avtomobilimlə ora doğru hərəkət edirdim, yol bağlı idi. Polis dedi ki, burada əməliyyat gedir girmək olmaz”, Ələsgər Məmmədli qeyd edib.

Onun sözlərinə görə, hazırda Toplum TV redaksiyasında olan heç bir əməkdaşa zəng çatmır.

“Ümumiyyətlə bilmirəm nə baş verir, bir az gözləməyimiz lazımdır”, qurumun təsisçisi əlavə edib.

Azərbaycanda ötən ilin noyabrından başlayaraq hökumət ölkədə fəaliyyət göstərən müstəqil-tənqidi media qurumlarında mütəmadi olaraq axtarış tədbirləri həyata keçirir və araşdırmaçı jurnalistlər həbs olunurlar.

Daha əvvəl noyabrın 27-də “Kanal 13” internet televiziyasının ofisində, eləcə də onun rəhbəri Əziz Orucovun evində polis axtarışlar aparmışdı və daha sonra kanalın üç əməkdaşı “qaçaqmalçılıqda ittiham edilərək” həbs olunmuşdular. Onlardan ikisi hələ də həbsdədir.

Daha çox hökumətin yüksək vəzifəli şəxslərinin korrupsiya əməlləri barədə araşdırmalar aparan AbzasMedia saytı da bir neçə ay əvvəl hökumətin hədəfinə tuş gəlib. Nəticədə saytın 6 əməkdaşı “qaçaqmalçılıq” ittihamı ilə həbs olunub.

Lakin jurnalistlər həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Human Rights Watch kimi beynəlxalq hüquq müdafiə təşkilatları onların həbsini media azadlığına təhdid kimi qiymətləndirərək jurnalistləri dərhal azad etməyə çağırıblar.

Azərbaycanda hökumət ölkədə media azadlığının olmadığını deyənlərə qəzəblənir və bu və digər azadlıqların təmin olunduğunu bildirir.

Azərbaycan Prezidenti İlham Əliyev bu ay Bakıda Alman İqtisadiyyatının Şərq Komitəsinin nümayəndə heyəti ilə görüşündə Almaniya mətbuatının Azərbaycanda insan haqları ilə bağlı yazdıqlarını “tamamilə yalan” adlandırıb.

“Almaniya mətbuatında Azərbaycan guya azadlıqların təmin olunmadığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sürdüyü despotik bir ölkə kimi təqdim edilir”, – Azərbaycan Prezidenti deyib.

“Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – cənab Əliyev vurğulayıb.

Azərbaycanda bir neçə ildir fəaliyyət göstərən Almaniya səfirinin də Azərbaycanda gedən proseslərin “şahidi” olduğunu deyən cənab Əliyev Azərbaycan haqqında “bilərəkdən çox mənfi təəssürat yaradıldığını” da vurğulayıb.

“Əlavə digər ünvanlar”… Üçüncü Respublika Platforması

Polislər çərşənbə günü günorta saatlarında Toplum TV ilə yanaşı Üçüncü Respublika Platformasının ofisində, eləcə də təşkilatın üzvü Akif Qurbanovun evində axtarış aparıblar və platformanın üç üzvü – Akif Qurbanov, Ruslan İzzətli və Araz Əliyevin saxlanılıb.

Gecə yarısına yaxın Ruslan İzzətli və Araz Əliyev sərbəst buraxılıb.

Daxili İşlər Nazirliyindən BBC-yə bildirilib ki, polislər Toplum TV və “əlavə digər ünvanlarda” əməliyyat-axtarış tədbirləri həyata keçiriblər.

Nazirliyin sözçüsü Elşad Hacıyev digər ünvanların hara olması barədə məlumat verməyib və axtarış tədbirlərinin “daxil olan məlumat əsasında” aparıldığını qeyd edib.

Üçüncü Respublika Platforması 2023-cü ilin dekabrında Azərbaycanda “alternativ siyasi qüvvə” formalaşdırmaq məqsədi ilə yaradılıb.

Platformanın spikeri Akif Qurbanovun polis tərəfindən saxlanıldığını, onun evində və təmsil etdiyi təşkilatın ofisində axtarış aparıldığını vəkil Şəhla Hümbətova jurnalistlərə açıqlamasında təsdiqləyib.

Onun sözlərinə görə, Akif Qurbanov şübhəli şəxs qismində saxlanılaraq, barəsində Cinayət Məcəlləsinin “qaçaqmalçılıq” maddəsi ilə cinayət işi başlanıb.

Vəkil Şəhla Hümbətova müdafiə etdiyi şəxsə istinadla bildirib ki, polislər Üçüncü Respublika Platformasının ofisinə “basqın ediblər” və sonradan məlum olub ki, oradan “guya 30 min avro pul çıxıb”.

Akif Qurbanov o pulun ona və ya təşkilata aid olmadığını bildirib, vəkili jurnalistlərə açıqlamasında deyib.

Akif Qurbanov baş verənləri ictimai-siyasi fəaliyyəti ilə əlaqələndirib.

Şəhla Hümbətova qeyd edib ki, müdafiə etdiyi şəxsin evi polislər tərəfindən axtarıldığı zaman axtarışda iştirak etmək istəsə də, onu “polislər evə buraxmayıblar”.

Bundan əlavə, vəkil polis əməkdaşlarının ona qarşı zor tətbiq etdiyini bildirib.

“Orderlə birlikdə dəhlizdə axtarışın bitməsini gözləyirdim ki, nə vaxtsa Akif Qurbanovla görüşəcəm. Axtarış yekunlaşana yaxın 6 nəfər mənə yaxınlaşdı və məndən oranı tərk etməyi tələb etdilər. Mən imtina etdikdə, mənə qarşı zor tətbiq etməklə, məni oradan uzaqlaşdırdılar”, Şəhla Hümbətova qeyd edib.

Vəkilin bu iddiaları ilə bağlı polisdən şərh almaq mümkün olmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button