2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

“Toplum TV” işi üzrə 5 nəfər həbs edilib, 2 nəfər polis nəzarətinə verilib

Martın 8-də Bakı Şəhəri Xətai Rayon Məhkəməsində “Toplum TV” işinə görə saxlanılanlar barəsində həbs qətimkan qərarı seçilib.

Vəkillərin Turana  verdiyi məlumata görə, bu iş üzrə saxlanılan Əli Zeynal, Ramil Babayev, İlkin Əmrahov, Müşfiq Cabbar və Demokratik Təşəbbüslər İnstitutunun (DTİ) rəhbəri Akif Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Vəkillərin dediyinə görə, jurnalistlər və Akif Qurbanov ittihamlarla razı deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Onlar hesab edir ki, ictimai-siyasi və jurnalist fəaliyyətlərinə görə həbs ediliblər.

Akif Qurbanovun vəkili Şəhla Hümbətova Turana  bildirib ki, Akif Qurbanov və digərləri məhkəməyə gətiriləndə pis rəftara məruz qalıblar.

“Akif Qurbanov məhkəmədə ona qarşı fiziki təzyiq olmadığını dedi. Lakin bu gün məhkəməyə gətiriləndə biz bunun şahidi olduq. Həm mən, həm də mənim həmkarlarım. Akif Qurbanovu və İlkin və Ramili vəhşicəsinə elə bir şəkildə – yəni qollarını arxadan burub, başını aşağı əyərək məhkəməyə gətiriblər. Ondan sonra Akif Qurbanovu gətirəndə mən eşitdim ki, “sındırdınız” dedi. Mən belə başa düşdüm ki, onu belə zorakı şəkildə gətiriblər. Bununla bağlı video çəkiliş var. Təqdim edəcəyik şikayətimizi. Mən başa düşmürəm ki, bu zorakılıq hansı zərurətdən doğur. Pis rəftarın heç bir izahı yoxdur”, vəkil deyib.

Eyni zamanda İlkin Əmrahovun vəkili Rövşanə Rəhimli jurnalistlərə bildirib ki, müdafiə etdiyi şəxsin hüquqları saxlanılan zaman pozulub. Vəkillə təmin olunmayıb. Valideynləri məhkəmə iclasına buraxılmayıb.

Bundan əlavə vəkil İlkin Əmrahovun hüqunun pozulduğunu deyib.

“Onun dediyinə görə istintaqda sadəcə hazır suallar var idi. İttihama aid olmayan suallar idi. O məhkəmədə bildirib ki, sadəcə texniki işlərlə məşğul olub. Özünü təqsirli bilmir. Bu gün təqsirləndirilən şəxs qismində cəlb olunan zaman o, ifadə veməkdən imtina etdi”, Rövşanə Rəhimli əlavə edib.

Bu deyilənlərlə bağlı istintaq tərəfindən şərh almaq mümkün olmayıb.

Bakı Xətai Rayon Məhkəməsi “Toplum TV” işinə görə saxlanılan Fərid İsmayılov və Elmir Abbasov barəsində isə polis nəzarətində qətimkan tədbiri seçib və onlar azadlığa buraxılıb.

Qərardan sonra jurnalistlərə açıqlama verən Fərid İsmayılov bildirib ki, məhkəmənin belə qərarını gözləmirdi.

“Həbs olunacağımı gözləyirdim. İndi isə çöldəyəm. Şok içindəyəm. Martın 6-da bizim ofisimizə özlərini təqdim eləməyən, amma polis geyimində olan onlarla polis daxil oldu. Hətta biz yemək yeyirdik. Telefonlarımızı dərhal əlimizdən aldılar. Başladılar axtarışlara. Nə axtarırdılar bilmirdik. Amma onların əllərində konkret siyahı var idi. Bizim ofisə gələnə qədər onların əlində evdə axtarış aparılması ilə bağlı məhkəmənin qərarı var idi. Hazırda yaşadığım evin ünvanına getdim. Vəkil istədim. Təmin eləmədilər. Axtarış oldu. Evdən tapılanlar mənə məxsus olmayıb. Bütün nəyimiz var hamısını müsadirə ediblər. Ona yaxın şəxs məndən ifadə almağa çalışdı”, Fərid İsmayılov bildirib.

Onun sözlərinə görə, gecəni Xətai rayonunda yerləşən müvəqqəti saxlanma məntəqəsində keçirib.

“Heç kəslə ünsiyyət qurmağa imkan verməyiblər. Dörd nəfərlik kamerada tək qalmışam. Digər yoldaşlar da həmçinin. Bir epizoddan başqa, hansı ki o zaman vəkilim yox idi. Vəkil gələndən sonra digər münasibətlər yaxşı olub. Mən indi də deyirəm ki, onların soruşduğu suallarla bağlı mən həqiqətən heç nə bilmirəm. Heç nəyə imza atmamışam. Heç nə ifadə verməmişəm. Bütün vərəqələrdə yazmışam ki, ifadə verməkdən imtina edirəm,” o əlavə edib.

Azərbaycan Daxili İşlər Nazirliyi birmənalı olaraq saxlanılan və tutulan şəxslərin pis rəftar və işgəncəyə məruz qalması ilə bağlı deyilənləri təkzib edir.

Qeyd edək ki, Akif Qurbanova və saxlanılan digər şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

Martın 6-da hüquq-mühafizə orqanları “Toplum TV”nin, Demokratik Təşəbbüslər İnstitutunun, həmçinin III Respublika Platformasının ofislərində, bir neçə əməkdaşın evində axtarış aparıb. Məlumata görə, iyirmidən çox əməkdaş polis tərəfindən saxlanılıb, bir neçə saat sonra əməkdaşların əksəriyyəti sərbəst buraxılıb. Onlardan Fərid İsmayılova, Müşfiq Cabbara, Elmir Abbasova və Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, həmçinin III Respublika Platformasının spikeri Akif Qurbanova, eləcə də Əli Zeynala, Ramil Babayevə, İlkin Əmrahova qaçaqmalçılıq ittihamı ilə cinayət işi açılıb.

“Toplum TV”nin baş redaktoru Xədicə İsmayıl bildirib ki, “cinayət işinin hədəfi tənqidi səslərdir”.

Baş redaktor deyib ki, “Toplum TV”-nin avadanlıqları götürülən kimi birinci işləri nəşrin YouTube kanalının materiallarını silmək və adını dəyişmək olub.

“Bunun özü də bir göstəricidir, ola bilsin ki, tam məqsədləri olmasa da, məqsədlərinin bir hissəsi medianı susdurmaqdır”, İsmayıl qeyd edib.

Amerikanın Səsinə şərhində Azərbaycan Milli Məclisinin deputatı Bəhruz Məhərrəmov ölkədə müstəqil mətbuata təhdidlərin olmadığını bildirib və son həbsləri milli təhlükəsizliyə hədə sayılan “beşinci kolon”-la əlaqələndirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinin sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

“Toplum TV” 2016-ci ilin oktyabr ayından fəaliyyətə başlayan müstəqil informasiya resursudur. Əsas məqsədi insan hüquq və azadlıqlarını, ifadə azadlığını ön planda tutaraq cəmiyyətin obyektiv informasiya ilə təmin olunmasına xidmət etməkdir. Sayt həmçinin Demokratik Təşəbbüslər İnstitutunun (IDI) “Demokratiya Məktəbi” proqramının jurnalistika təlimlərində iştirak edən gənclərin peşəkarlıqlarını artırmaq üçün platforma rolunu oynayır.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button