Loading...
Loading...
SEÇMƏ

Türkiyə-Ermənistan yaxınlaşmasına Bakı “hə” deməlidir 

Ermənistan konkret addımlar atmaqla regionda sülh istədiyini göstərməlidir”. Bunu TRT Haber kanalının efirində Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“Danışmaq kifayət deyil. Ermənistan konkret addımlar atmalıdır. Bu addımlar, o cümlədən Zəngəzur layihəsi, böyük sülh müqaviləsini əhatə etməlidir. Biz səmimiyik, Azərbaycan səmimidir, indi Ermənistanın nə qədər səmimi olduğunu görmək istəyirik”, – Türkiyə diplomatiyasının rəhbəri bildirib.

Çavuşoğlu daha sonra iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində Ermənistan və Türkiyənin xüsusi nümayəndələrinin görüşlərini, eləcə də prezident Rəcəb Tayyib Ərdoğanla baş nazir Nikol Paşinyan arasında bu yaxınlarda baş tutan telefon danışığını xatırladıb.

Ermənistan-Türkiyə prosesinin Azərbaycanla koordinasiya edilməsindən danışan nazir qeyd edib ki, “Ermənistan və digərləri” əslində bu prosesin üçtərəfli olduğunu unutmamalıdır.

“Bu, Bakı ilə koordinasiya edilməlidir. Çünki TürkiyəAzərbaycan “bir millət, iki dövlətdir”. Əgər regionda sülh olmalıdırsa, o zaman hamı üçtərəfli formatda bu istiqamətdə addımlar atmalıdır”, – Çavuşoğlu bildirib.

Beləliklə, İrəvan fəaliyyətsizliyə görə növbəti qınaqla üzləşib. Bəs görəsən, Ermənistan rəhbərliyi hazırkı şəraitdə nəyə ümid edir? Axı Azərbaycanla sülh öz-özünə gəlməyəcək. Və ən mühüm bəndi Zəngəzurdan keçən avtomobil və dəmir yollarının bərpası olan Üçtərəfli Bəyanatın müddəalarını yerinə yetirmək lazımdır. Paşinyan və komandası niyə bu istiqamətdə fəaliyyət göstərmir? Moskva icazə vermir? Kreml hansısa yolla ermənilərə mane olur? Yoxsa başqa, daxili səbəbləri var?

Press Klubun suallarını konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru, Gürcüstan Texniki Universitetinin professoru Amiran Xevtsuriani cavablandırıb:

– Maraqlı sualdır və sualın özü çoxşaxəli olduğundan, ona birmənalı cavab vermək çətindir. Türkiyənin regional siyasətinin ana xətti aydın və dəyişməzdir: rəsmi Ankara İrəvanla münasibətlərin normallaşmasına yalnız Bakı ilə razılaşma kontekstində baxır. Bununla belə, prinsipcə, mən cənab Çavuşoğlu ilə razıyam ki, regionda sülhün möhkəmləndirilməsi üçün hər bir tərəfin maksimum səy göstərdiyi çoxtərəfli əlaqələndirilmiş iş lazımdır. 2020-ci il 10 noyabr tarixli sənəddə də qeyd olunan nəqliyyat və rabitə sistemlərinin açılması da zəruridir.

Eyni zamanda, prosesə Qərbin cəlb edilməsini zəruri hesab edirəm. Bu, prosesə daha çox şəffaflıq və legitimlik verəcək. Azərbaycan tərəfinin 30 il ərzində münaqişəni həll edə bilməyən və bununla da sülhün bərqərar olmasına nail olmayan ATƏT-in Minsk Qrupuna münasibətdə skeptisizmini başa düşürəm. Amma unutmaq olmaz ki, bu komandada əsas rolu həmişə Kreml oynayıb. Əslində Kremlin hər iki tərəfə təsir rıçaqları olub və öz geosiyasi maraqlarına uyğun olaraq prosesləri istədiyi məcraya yönəldib.

Gözdən qaçırmayın:  Müsavat başqanının müşaviri həbs olundu

Bu gün vəziyyət dəyişib, Kreml sülhün təminatçısı kimi tamamilə gözdən düşüb, nüfuzu sarsılıb, bu da onun bir aktor kimi proseslərdən kənarlaşdırılmasına hüquqi əsas verir. Əlbəttə, Kremlin Ermənistanda təsiri hələ də göz qabağındadır. Lakin bu təsir gün-gündən durmadan azalır və Rusiyanın Ukraynada məğlubiyyəti rəsmiləşən kimi yox olacaq. Ermənistanda Rusiya yönümlü qüvvələr cəmiyyətin inamını itirib, onların reabilitasiya şansları da minimaldır. Bu da hazırkı sülh prosesinin yeni reallıqlarda inkişafı üçün çox vacibdir.

Məsələnin aktuallığını nəzərə alaraq, diqqətinizi daha bir mühüm amilə cəlb etmək istərdim. Bu, gürcü faktorudur. Məlum olduğu kimi, bu yaxınlarda Tbilisidə Ermənistan və Azərbaycan Xarici İşlər nazirlikləri rəhbərlərinin ikitərəfli görüşü baş tutdu. Gürcüstanın bu prosesdə rolu unikaldır və bir çox aspektlərdən çıxış edərək ondan maksimum dərəcədə istifadə etmək lazımdır. Məsələn: 

  1. Gürcüstan (gürcü xalqı) yeganə subyektdir ki, iki qonşunun tarixi düşmənçiliyini ürəyinə yaxın qəbul edir və bu düşmənçiliyə son qoymaq üçün bütün fədakarlıqlara gedəcək.
  2. Gürcüstan həm də ona görə unikaldır ki, etnik azərbaycanlılarla etnik ermənilər uzun onilliklər ərzində yan-yana yaşayırlar. Onların böləcəkləri heç bir şey yoxdur, üstəlik, bu gün də qarışıq erməni-azərbaycanlı ailələri formalaşır və bu, bütün xeyirxah şəxsləri sevindirir.
  3. Gürcüstan öz iqtisadi maraqlarını təmin etmək üçün hər iki tərəfə mühüm regional iqtisadi və nəqliyyat qovşağı kimi zəruridir.
  4. Gürcüstan həm Azərbaycanın, həm də Ermənistan üçün Qərbin açarıdır və bu da son nəticədə regionumuzun inkişafını və uzunmüddətli sabitliyini təmin edir.

Rauf Orucov

24 saat” “Türkiyə-Ermənistan yaxınlaşmasına Bakı “hə” deməlidir ” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button