SEÇMƏ

Türkiyədə gündəm: 6 yaşında ərə verildi, 18 yaşında polisə şikayət etdi

Yayımlandı: 8 Dekabr 2022 19:07

Partiyalar hadisəyə görə Ərdoğan hökumətini tənqid ediblər

Türkiyədə Hiranur Vəqfinin lideri Yusuf Ziya Gümüşelin 18 il əvvəl 6 yaşlı qızını ərə verdiyi gündəmə gəlib.

Məlum olub ki, 6 yaşlı H.K.G. Ziya Gümüşelin 29 yaşlı qonşusu və müridi Kadir İstekliyə adlı şəxslə dini nikaha girib.

Hazırda 24 yaşı olan H.K.G. 2020-ci il noyabrın 30-u – 18 ildən sonra polisə müraciət edib.

O, səs yazısını, eləcə də evləndirilərkən çəkilən fotoları da polisə verib.

Cinsi təcavüzə məruz qaldığını deyən H.K.G. bildirib ki, 13 yaşına çatdıqda nişanı, 14 yaşı olduqda isə toyu olub.

18 yaşı tamam olduqda isə rəsmi nikahı baş tutub.

Onun 17 yaşında ana olduğu bildirilir.

Bütün bu illər ərzində yaşadıqlarına dözən H.K.G. 18 yaşında gizli olaraq istifadə etdiyi sosial media hesabı vasitəsilə yaşadıqlarını bir qadınla bölüşüb.

Həmin qadın isə ona polisə gedərək şikayət etməsini məsləhət görüb.

İstanbul Anadolu Respublika Baş Prokurorluğu 3 şübhəlinin hər birinə 27 il həbs istəyib.

Kadir İstekli hazırda cinsi zorakılıq ittihamı ilə saxlanılıb.

Qızın atası Yusuf Ziya Gümüşel və anası Fatma Gümüşel isə ev dustaqlığına məhkum olunub.

Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi hadisəyə münasibət bildirib.

“Qurbanın yanında olacağıq və hər cür dəstək verəcəyik. Qurban kim olursa olsun, yanındayıq. Davam edən hüquqi prosesdə övladlarımızın maraqlarının nəzərə alınacağına əminik. Hüquqi prosesi mümkün qədər yaxından izləyəcəyik”, – Ailə və Sosial Xidmətlər Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr müşavirinin verdiyi açıqlamada belə deyilir.

“Ailə və Sosial Xidmətlər Nazirliyi olaraq İstanbul Anadolu 2-ci Ağır Cəza Məhkəməsində “uşağa qarşı cinsi istismar” iddiası ilə açılan prosesdə iştirak etmişik. Proses nazirliyimiz tərəfindən yaxından izləniləcək və zərərçəkmiş şəxsə əvvəllər olduğu kimi gələcəkdə də hər cür hüquqi dəstək göstəriləcək”, – deyə nazirliyin yaydığı bəyanatda qeyd olunur.

Hadisəyə Türkiyənin siyasətçilərindən də reaksiya gəlib.

AKP sözçüsü Ömər Çelik sosial media hesabında yazıb ki, bu zorakılıq cinayət əməlidir:

“6 yaşlı uşağın cinsi zorakılığa məruz qalması ilə bağlı xəbərləri diqqətlə izləyirik. Uşaqlara qarşı zorakılığı pisləyirik. Uşaqlara qarşı zorakılıq heç vaxt bağışlanmayacaq lənətlənmiş cinayətdir”.

TBMM sədri Mustafa Şentop, CHP sədri Kamal Kılıçdaroğlu, İYİ Partiya sədri Meral Akşener, DEVA Partiyasının sədri Əli Babacan, Gələcək Partiyasının sədri Əhməd Davudoğlu, Məmləkət Partiyasının sədri Məhərrəm İncə, İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu və Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaş “Twitter” hesabında hadisəni psiləyiblər.

Gözdən qaçırmayın:  Mingəçevir sakini: “İcra hakimiyyətinin ucbatından həyatımız təhlükədədir”

CHP sədri Kamal Kılıçdaroğlu bu hadisəyə görə Ərdoğan hökumətini tənqid edib:

“6 yaşlı uşaqla evlənə bilərsən” fətvası verən və bu fitvanı verənlərə dəstək verən hökumətə səs vermək uşaqlarımızı qaranlıq gələcəyə məhkum etmək deməkdir. Övladlarımız üçün Türkiyəni birlikdə işığa çıxaraq!”

İYİ Partiyanın sədri Meral Akşener isə olayı korrupsioner sistemlə əlaqələndirib:

“6 yaşlı övladımıza dini icma adı altında edilənlər böyük bidətdir, korrupsiyadır və aşkar zorlamadır! Biz heç vaxt bu alçaqlığın ört-basdır edilməsinə imkan verməyəcəyik! Biz uşaqlarımızı hər zaman qoruyacağıq”.

Gələcək Partiyasından Əhməd Davudoğlu da bu hadisəni ağır cinayət sayıb.

Onun sözlərinə görə, məsələyə dərhal aydınlıq gətirilməli, günahkarlar ən ağır şəkildə cəzalandırılmalıdır.

İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlu baş verənləri cinayət və əxlaqsızlıq adlandırıb:

“6 yaşlı qızın evliliyi necə real ola bilər, başa düşə bilmirəm. Bu vicdansızlıqdır, bu əxlaqsızlıqdır, bu, uşaq istismarıdır. Bu məsələdə güzəştə gedən və buna məhəl qoymayan hər kəs bu işin ortağıdır. Hər bir struktur bu cinayətin ortağıdır”.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button