2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Üçgünlük savaşın həqiqəti

Nə vaxta qədər Azərbaycan Kremldən gələn telefon zəngləri ilə idarə ediləcək?

Rusiya amili Azərbaycan siyasətində əsas element kimi qalmaqdadır. Son 3 günlük savaş ritorikası da onu sübuta yetirdi ki, ölkədə ictimai rəyi formalaşdıran əsas simalar şimal qonşumuzun təsir dairəsində olanlardır. Prinsipcə, ölkənin Təhlükəsizlik Şurasının tərkibinə nəzər etmək kifayət edir ki, Rusiyanın nəfəsini hiss edəsən. Bu arada cəbhə xəttindən sevindirici xəbərlər gəlməkdə idi və siyasəti dərindən izləyənlər üçün iki müəmma mövcud idi – Rusiya niyə susur (atəşkəs barədə açıqlamaları nəzərə almasaq ) və Müdafiə Nazirliyinin Baş Qərargah rəisi, general Nəcməddin Sadıqovun Birinci Qarabağ Savaşında olduğu kimi bu dəfə də ordumuza “pir qələbəsi” qazandırmaq cəhdlərinin qarşısı alınacaqmı?

Savaş kimə lazım idi və nə baş verdi? Məsələ ondadır ki, Azərbaycan hakimiyyəti Qərbə doğru reverans etməyə başlamışdı. Siyasi məhbusların önəmli hissəsi azad olundu, Bakı Vaşinqtona dostluq jesti etdi. Lakin Azərbaycanda insan haqları ilə bağlı problemlər həll edilməmiş qalırdı. Qərb bütün siyasi məhbusların, o cümlədən, İlqar Məmmədov və Xədicə İsmayılın azad edilməsini tələb edirdi. Bu arada ofşor zonalarda baş verənlər barədə yeni jurnalist araşdırmaları meydana çıxdı və Azərbaycan hakimiyyətinin ən yüksək təmsilçilərinin və onların ailə üzvlərinin nəzarətində olan ofşor şirkətlər haqqında məlumatlar ictimai rəyə təqdim edildi. Gizli maliyyə fırıldaqlarında adı hallananlardan şəxs və şirkətlərin ABŞ hökumətinin qara siyahısında olduğu bildirilirdi. Prinsipcə, Azərbaycan hakimiyyətinə seçimini dəqiqləşdirmək üçün vaxt və imtina edə bilməyəcəyi təklif verilmişdi. Hakimiyyət çətin duruma düşə bilərdi. Belə bir zamanda cəbhə xəttində atəşkəs pozuldu və Rusiyanın gizli ruporu rolunu oynayan bəzi mətbu orqanlarda Bakı və Moskva arasında bir neçə işğal olunmuş rayonun qaytarılmasına dair anlaşma olduğuna dair məlumatlar yenidən gündəmə gətirildi. Bu kimi məlumatların həqiqətə uyğun olmasını göstərmək üçün Qərbdən savaşla bağlı razılığın alındığı vurğulanmağa başladı. Primitiv, lakin ictimai rəyi formalaşdıra bilən belə məlumatlar “savaş uzun müddət davam edə bilməz” pıçıltılarını daha da eşidilməz edirdi. Bəlli idi ki, Bakını aralıq savaşa Rusiya sövq edir və hakimiyyət Qərbin demokratiya tələbindən yayınmaq üçün ictimai rəydə xilaskar imicini bərpa etməli idi. Bu arada, Ermənistan siyasi müstəvisindəki parçalanmanı da vurğulamaq lazım gəlir. Maraqlıdır ki, son zamanlar Ermənistan prezidenti Sarkisyan İrəvanı Rusiyanın forpostu olmaqdan xilas etmək üçün Qərblə anlaşmaq niyyətini gizlətmirdi. Moskva Ermənistandakı situasiyanı Sarkisyanın nəzarətindən çıxartmaq və özünün vassalını hakimiyyətə qaytarmaq üçün prezidentlə gərginlik yaşayan Seyran Ohanyandan istifadə edəcəyini nümayiş etdirirdi. Lakin bu savaş Sarkisyan hakimiyyətinin sonunu gətirdiyi kimi, Azərbaycan hakimiyyətinə də ciddi problemlər yarada bilərdi. Görünən budur ki, Azərbaycanla sərhəddə hərbi təlimlərə başlayan Kreml həm də “cızığından çıxmış” Sarkisyanı cəzalandıra biləcəyini nümayiş etdirirdi. Bir sözlə, mesaj aydın idi – Sarkisyan Moskvanın nəzarətindən çıxarsa, Rusiya başqa bir rus vassalına stavka edə bilər. Bakı isə ümüd edirdi ki, bu oyundan istifadə edə və bir neçə işğal edilmiş rayonun İrəvanın nəzarətindən çıxmasına nail ola bilər. Bu isə siyasi məhbus problemini və ofşor zonalardakı yeni qalmaqalı da unudura bilərdi. Bir sözlə, Bakı Qərblə oynadığı “inteqrasiya” oyununu indi də ruslarla davam etdirmək istəyirdi. Lakin Azərbaycanda Rusiyanın “beşinci kolonu”nun təsir imkanları o qədər genişdir ki, Kremlin ssenarisindən kənara çıxmaq imkansızdır.

Saytların yığılması Saytlarin yigilmasi

Maraqlı məqam ondan ibarətdir ki, savaş variantı Türkiyə istisna olmaqla heç bir ölkə tərəfindən dəstəklənmədi və bütün güc mərkəzləri “atəşkəsə əməl edin” təklifini verdi. Əslində, ilk gündən bu oyunun finişi belə görünürdü – ən yaxşı halda Azərbaycan 2-3 rayonu qaytarır, Sarkisyan istefaya göndərilir, Moskva hər iki ölkədə özünə qarşı loyal münasibət əldə edir və Bakı Rusiyanın bütün şərtlərini qəbul edir. Digər tərəfdən, Kremlə Qarabağda özünün nəzarət etdiyi yeni aralıq savaş həm də hər iki tərəfə dəyəri milyardlarla dollarla ölçülən silah satmaq üçün vacib idi. Ölən ruslar deyildi.

Son günlər baş verənlər ölkədə ictimai rəyin vəziyyətinə də işıq saldı. Problemə duyğusal yanaşma iqtidara əlavə “kozır” verdi. Elə bu səbəbdən də müxalifət ictimai rəyi nəzərə alaraq, ordunun hərbi əməliyyatlarını dəstəklədiyini bəyan etdi. Odur ki, müxalifət bu gün haqlı olaraq sual verə bilir – hərbi əməliyyatlar niyə yarımçıq saxlanıldı?

Onu da vurğulayaq ki, Qarabağ amili Azərbaycan siyasətində həmişə önəmli rol oynayıb. Mövcud hakimiyyətin Qarabağ probleminin həlli istiqamətində əməli addımlar ata bilməməsi ictimai rəydə iqtidarın mənfi imicini formalaşdırır. Ən acınacaqlısı odur ki, iqtidarın Qarabağla bağlı fəaliyyət proqramı belə yoxdur. Son savaş onu göstərdi ki, heç hərbi strategiyası da mövcud deyil. Sadacə, əsgərin və xalqın ruhu var.

Bir sözlə, iqtidarın Qarabağda yeni savaşa başlaya biləcəyini nümayiş etdirməkdən başqa yolu qalmamışdı. 3 günlük savaş iqtidarın reytinqinin qalxmasına səbəb oldu. İrimiqyaslı savaş isə riskli idi və Rusiya Azərbaycanın yeni ərazilərini işğal edə bilərdi. Odur ki, xalqın “aralıq savaş” zamanı yeni ərazilərin işğalına dözməyəcəyini də düşünmək lazım gəlirdi. Hakimiyyət düşündü və atəşkəs əmri verdi. Hədəfdə ərazi bütövlüyünın bərpa edilməsi deyi, siyasi oyunbazlıq olanda belə olur. Lakin onlarla şəhidin verilməsi ilə sonuclanan hərbi əməliyyatların qəflətən dayandırılmasının son 20 ildə ilk dəfə kulminasiya həddinə çatan milli ruha vurduğu məyusuq zərbəsinin cavabını vermək son dərəcə çətin olacaq.

Rusiyanın müxtəlif qiyafələrə bürünmüş agenturası isə Qarabağda əldə etdiyimiz uğurlardan danışmağa başlayıblar. Lakin bütün bu söhbətlər ofşor fırıldağını və siyasi məhbusların mövcudluğunu unutdura bilmədi. Əksinə, yeni suallar meydana çıxdı – ən azı bir neçə rayonu azad etmək mümkün idi, hakimiyyət niyə geri çəkildi və nə vaxta qədər Azərbaycan Kremldən gələn telefon zəngləri ilə idarə ediləcək?

Yaxın günlərdə Rusiya XİN-in rəhbəri Sergey Lavrov və baş nazir Dmitriy Medvedyev Bakıya səfər edəcək. Kreml təmsilçiləri şadyanalıq edirlər. Azərbaycan özünü Rusiyanın quberniyası kimi aparır. Deməli, problemlər hələ qarşıdadır…

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button