Loading...
Loading...
Xəbərlər

Ukraynaya gedəcək Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin siyahısında ABŞ və İngiltərə yoxdur

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik(AEBA) növbəti həftə Ukraynadakı Zaporojye Atom Elektrik Stansiyasına (AES) baş çəkmək üçün ekspertlər qrupunu toplayıb.

Bu barədə “The New York Times” məlumat yayıb. Məlumata görə, nümayəndə heyətin hazırladığı siyahıya Agentliyin baş direktoru Rafael Qrossi və əsasən “neytral ölkələrdən” olan 13 ekspert daxildir.

Nəşr yazır ki, missiyaya Polşa və Litvadan, Ukraynanın dost hesab etdiyi ölkələrdən, həmçinin Rusiya ilə dostluq münasibətlərində olduğu güman edilən Serbiya və Çindən olan ekspertlər daxildir.

Bundan başqa missiyaya Albaniya, Fransa, İtaliya, İordaniya, Meksika və Şimali Makedoniyadan olan nümayəndələr də daxildir.

Bu ölkələr əsasən müharibədən kənarda qalan və ya Moskva ilə açıq əlaqə kanallarını saxlayanlardır.

“The New York Times” ın yazdığına görə, AEBA-nın hazırladğı siyahıda ABŞ və Böyük Britaniya təmsilçiləri yer almayıb.

Zaporojye AES Avropanın ən böyük atom elektrik stansiyalarından biridir. Rusiya qoşunları stansiyanı 2022-ci ilin martında Ukraynanın işğalı başlayandan qısa müddət sonra ələ keçirib. O vaxtdan bəri Kiyev və Moskva bir-birini Zaporojye AES yaxınlığındakı ərazini atəşə tutmaqda ittiham edir.

BMT Rusiya və Ukraynanı stansiyanın ətrafında silahsızlaşdırılmış zona yaratmağa çağırır. Ukrayna da analoji müraciət edib, bir neçə ölkə, o cümlədən ABŞ və Aİ dövlətləri bu müraciəti dəstəkləyiblər.

Moskva isə iddia edir ki, Rusiya hərbçiləri AES-də yalnız müharibə zamanı onu qorumaq üçün yerləşdirilib.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik həftələrdir ki, Zaporojye AES-ə missiya göndərməkdə israr edir və qeyd edir ki, müharibə stansiyanı “tamamilə nəzarətdən çıxarıb”.

Rusiya fevralın 24-də Ukraynaya hücum edib. Bu müddət ərzində ölkənin bir sıra şəhər və qəsəbələri dağıdılıb, minlərə adam həlak olub, milyonlarla insan ölkədən qaçqın düşüb

Beynəlxalq aləm Rusiyanın bu addımını pisləyir və qoşunlarını Ukraynadan çıxarmağa çağırır.

Rəsmi Moskva isə qonşu Ukraynaya qarşı apardığı müharibəni “xüsusi hərbi əməliyyat” adlandırır. Bundan başqa “müharibə” sözündən istifadə edənlər, “müharibəyə yox” deyənlər, o cümlədən Rusiya müdafiə nazirliyinin rəsmi məlumatlarından fərqli xəbərlər verən fərdlər və KİV-lər cəzalandırılır.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Serbiya ilə Kosovo qarşılıqlı girişə maneə olan sənədlərin ləğvi barədə razılığa gəliblər

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button