SEÇMƏ

Vəkil: “Polis şöbəsində işgəncə veriblər, narkotiki boynuna qoyublar”

Yayımlandı: 20 Yanvar 2023 16:36

Həbsdə olan Şirvan sakini öz vəkilinə işgəncələrdən danışıb

Şirvan sakini Elgün Quliyev Şirvan şəhər Polis Şöbəsinin əməşdaşları tərəfindən narkotik iddiasıyla saxlanılıb. Onun vəkili Ramil Rüstəmov yanvarın 20-də bu barədə sosial şəbəkə hesabında yazıb. Vəkil iddia edib ki, polis şöbəsində saxlanılan müvəkkiliylə ona görüş verilmir. Meydan TV vəkillə əlaqə saxlayıb. O bildirib ki, müxtəlif qurumlara müraciət edəndən sonra nəhayət, ona müvəkkiliylə görüşmək imkanı yaradılıb. Müvəkkili ona işgəncələrə məruz qaldığını deyib:

“Əvvəla, polislər imkan vermədi ki, mən müvəkkilimlə 3 dəqiqə də olsa konfedensial danışıqlar aparım, yanımızdan çəkilmədilər. Bir tərəfdən müstəntiq, bir tərəfdən də otağa doluşan polislər bizə mane olmağa çalışırdılar. Buna baxmayaraq Elgün Quliyev onların gözünün içinə dedi ki, narkotiki boynuma qoymaq üçün, istədiyiniz izahata qol çəkdirmək üçün dünəndən məni burda sürüyürsünüz. İşgəncə izləri açıq-aşkar görünürdü. Ayaqlarına o qədər vurublar ki, şiş izləri var, yeriyə bilmir, qabırğalarının sızıltısından dayan bilmirdi, üzündə, boğazında ləkələr vardı, ağzının içərisi cırıq-cırıq idi, danışa bilmirdi. Öz xəttiylə şikayət ərizəsi yazdı, mən Baş Prokurorluğa təqdim edəcəm”.

Vəkil müvəkkilinin saxlanmasından da danışıb:

“Elgün Şirvan Rayon İcra Hakimiyyətində fəhlə işləyir. Dedi ki, dünən onu iş başında olanda – qaldırıcı krandan zorla düşürərək polis şöbəsinə gətiriblər. Şöbənin 2-ci mərtəbəsində döyüblər, əvvəldən hazırladıqları heroin bükümünü qarşısına qoyub deyiblər yaz ki, sənindir. Bir “paykovoy” vəkil də çağırıblar, o da gəlib, deyib, nə deyirlər, qol çək də… Ailəsi mənimlə müqavilə bağlayandan sonra bu gün səhər gəldim, məni saatlarla şöbənin qarşısında saxladılar, müstəntiqə order təqdim etsəm də, içəri buraxmadılar. Həmin vaxt içəridə ona hədə-qorxu gəlib dilindən kağız alıblar ki, guya ayağındakı şiş əvvəldən varmış, iş vaxtı aldığı xəsaarətdən imiş”.

Ramil Rüstəmov. Foto: screenshot

Elgün Quliyev bir az əvvəl Şüvəlandakı İstintaq Təcridxanasına etap edilib. Vəkil Meydan TV-yə bildirib ki, o da hazırda həmin təcridxanaya gedir:

“Bu işin sonunadək gedəcəm. Elgün Quliyevin ekspertizadan keçirilməsi üçün istintaq təcridxanasının rəhbərliyinə müraciət edəcəm”.

Daxili İşlər Nazirliyi məlumat yayıb ki, Şirvan şəhər sakini Elgün Quliyev narkotik vasitələrin və onların perekusorlarının qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün yanvarın 18-də şəhər ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Həmin şəxsin üzərinə keçirilən baxış zamanı ondan 3 qramdan artıq narkotik maddə olan heroin götürülüb. Faktla bağlı E.Quliyev barəsində Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb. Nazirlik Elgün Quliyevə qarşı polis şöbəsində hər hansı bir işgəncə verilməsi, vəkil orderinin müstəntiq tərəfindən qəbul edilməməsi ilə bağlı iddiaların əsassız olduğunu bildirib.

Gözdən qaçırmayın:  Azərbaycanlı avtoritetin Çexiyada saxlanıldığı bildirilir

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button