2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Valyutadəyişmə məntəqələri yenidən açılır

Yevda Abramov: “Əslində bizi fırladırlar, xalqı fırladırlar”

Saytların yığılması Saytlarin yigilmasi

“Novxanı, Bilgəh və Sahil qəsəbələrində öz villalarında yaşayan şəxslər qəza xidməti maşınlarında çemodanlarla valyuta dəyişiblər. Olmazdımı ki, elə bunu valyutadəyişmə məntəqələri edərdi və bu da büdcəyə xeyir gətirərdi? Mən qeyd edim ki, babalarımızın, nənələrimizin “sandıq pulu” var. Xalq çaşıb qalıb. Bilmirlər ki, pulunu hansı valyutada saxlasınlar. Əslində bizi fırladırlar, xalqı fırladırlar. Qoyun, bir düzəngaha, azadlığa çıxaq. Cənab prezident gecə-gündüz işləyir. Düzdür, mən emosional danışıram. Amma danışmayanda da olmur”.

Meydan TV-nin məlumatına görə, bu fikirləri deputat Yevda Abramov Milli Məclisdə “Valyuta tənzimi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib. O bildirib ki, valyutadəyişmə məntəqələrini ləğv etmək yox, sayını azaltmaq lazım idi:

“Amma hamısını bağladılar. 6000 insan buradan çörək yeyirdi. Dünyanın heç bir ölkəsində belə rahat valyuta dəyişmirdilər. Qoyun dəyişsinlər, vergi ödəsinlər, büdcəyə xeyir gətirsinlər. Mən kimisə tənqid edəndə deyirlər ki, qərəzli danışıram”.

Valyuta dəyişmə məntəqələrinə MBNP nəzarət edəcək

Qanuna edilən dəyişikliklə Azərbaycanda valyutadəyişmə məntəqələrinin fəaliyyəti bərpa edilir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Buna qədər isə bu səlahiyyət Mərkəzi Bankda idi. Valyutadəyişmə məntəqəsi açmaq istəyən şəxslər 500 manat məbləğində rüsum ödəyəcək, həmçinin Palatanın müəyyən etdiyi məbləğdə girov qoyacaqlar.

Deputat Qüdrət Həsənquliyev bildirib ki, valyutadəyişmə məntəqələrinin ləğvi həm turistlər, həm də vətəndaşlar arasında narahatlıqlara səbəb olmuşdu, müəyyən çətinliklər yaratmışdı. O, qanunu müsbət addım adlandırsa da, iradlarını da bildirib. Qeyd edib ki, valyutadəyişmə məntəqəsi açmaq üşün tələb olunan sənələr və prosedur çox qəlizdir. Bu isə şəxslərin bu biznesə əlaçatımlığının olmayacağı ilə nəticələnəcək. Deputat həmçinin bu fəaliyyət növü üçün depozit məbləği olaraq girov tələb edilməsini absurd hesab etdiyini vurğulayıb.

Qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb

Deputat Elmira Axundova da deyib ki, valyutadəyişmə məntəqələrinin ləğvi barədə deputatlar dəfələrlə qeyd ediblər, belə bir addımın atılması bir sıra mənfi hallara səbəb olub:

“Belə ki, ilk əvvəl valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması ilə çoxlu sayda təcrübəli və ixtisaslı insan işsiz qalıb. Bunun əvəzinə Azərbaycanda qara bazar yaranıb və qanunsuz valyuta əməliyyatları kütləvi hal alıb. Yaxşı ki, hökumətimiz vaxtında bunun qarşısını alıb. İkincisi, bu məntəqələrin ləğvi ölkəmizə gələn xarici turistlər üçün böyük çətinliklər yaradır. Çünki istirahət günləri bir çox banklar işləmədiyi üçün xaricilər özləri ilə gətirdiyi valyutanı manata çevirə bilmirlər, əsasən dollar olan həmin vəsait istifadə olunmadan yenidən ölkəmizdən çıxır. Bu isə ölkəyə valyuta axınına çox mənfi təsir göstərir”.

Deputat lisenziya alınması prosedurunun sadələşdirilməsini, lisenziya ödənişinin isə iki dəfə artırılmasını təklif edib.

Vahid Əhmədov (Foto: Meydan TV)
Vahid Əhmədov (Foto: Meydan TV).

Mən, ümumiyyətlə, bu qanunlara edilən dəyişikliklərdən çox narahatam

Deputat Vahid Əhmədov isə qanuna edilən dəyişiklikdə əksini tapan girov qoyulması məsələsinə narazılığını bildirib. O qeyd edib ki, valyutadəyişmə məntəqəsi açan şəxs 500 manat rüsum verib lisenziya almalıdır:

“Belə olan halda bəs girov məsələsi niyə lazımdır? Yeri gəlmişkən, son zamanlar bizə verilən qanun dəyişiklikləri real həyatı əks etdirmir. Məsələn, biz “Nağd hesablaşmalar haqqında” qanunu dəyişdirdik. Amma bu, real iqtisadiyyatada çətinlik yaradır. Ola bilsin ki, cənab prezidentə məlumat vermirlər. İndi də belə bir qanunu gətiriblər. Girov məsələsini qoyublar. Ancaq bu qanun da işləməyəcək. Dünən biz komitədə daşınar əmlakla bağlı məsələni müzakirə etdik. Əgər həmin qanun qəbul edilsə, Vergilər Nazirliyi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası arasında ciddi toqquşma baş verəcək. Mən, ümumiyyətlə, bu qanunlara edilən dəyişikliklərdən çox narahatam. Təklif edirəm ki, bununla bağlı mütəxəssislərdən ibarət şura yaradılsın. Çünki qanunları tez-tez dəyişdirməklə heç nəyə nail ola bilməyəcəyik. Müzakirələrə ehtiyac var”.

Məntəqələri niyə bağlayırdıq, indi niyə açırıq?

Deputatı Siyavuş Novruzov isə bildirib ki, ötən il valyitadəyişmə məntəqlərini ləğv etməkdənsə, mövcud olan valyutadəyişmə məntəqələrinin təkmilləşdirilməsinə ehtiyac vardı. O qeyd edib ki, valyutadəyişmə məntəqələrinin ləğvi nəticəsində “qara bazar” formalaşdı: 

““Qara bazar”da isə vətəndaşların aldadılması, valyutaların yüksək qeyri-real məzənnə ilə dəyişdirilməsi məsələləri gündəmdə idi və vətəndaşlarımız da bundan əziyyət çəkirdi. Bu baxımdan hesab edirəm ki, məsələni qanun çərçivəsində həyata keçirməklə onun həllinə nail ola bilərik. Axı bizdə valyutadəyişmə məntəqələri var idi. Bunu niyə bağlayırdıq, indi niyə açırıq? Yeni kəşfə ehtiyac yoxdur. Mövcud olanı təkmilləşdirib, problem həll etmək olar. Məsələ ilə bağlı qanunda çatışmazlıq varsa, onu qəbul edək, əgər fərman və ya sərəncama ehtiyac varsa, o zaman bununla bağlı təqdimat verilsin”.

Göyərti satana da deyək ki, depozit qoy?

Deputat vurğulayıb ki, 1000-dən artıq valyutadəyişmə məntəqələrinin fəaliyyətinin dayandırılması minlərlə insanın işsiz qalması ilə nəticələnib:

“Pullar isə “qara bazar”da dövr etdi. Bundan əvvəl valyutadəyişmə məntəqələrinin yerləri vardı və bu yerlər hər bir vətəndaşa məlum idi. Vətəndaşlarımız istənilən vaxt gəlib həmin məntəqələrdə valyutasını dəyişirdi. Hesab edirəm ki, bu məntəqələr yenidən bərpa edildikdə bu sahədə çalışanlara üstünlük verilməlidir. Çünki onların kifayət qədər təcrübəsi var. Hazırda bazar günləri yalnız bir valyutadəyişmə məntəqəsi fəaliyyət göstərir ki, onun da qarşısında növbə olur. Bu məntəqələrin azaldılmasının mənası nədir? Ciddi nəzarət olunduqdan sonra qalan heç nəyə ehtiyac yoxdur”.

Siyavuş Novruzov
Siyavuş Novruzov.

S. Novruzov da valyutadəyişmə məntəqələri üçün depozit tələbinə qarşı çıxıb:

“Valyutadəyişmə məntəqələri bank deyil ki, nizamnamə kapitalı qoysun. Banklarda ona görə nizamnamə kapitalı qoyur ki, sabah depoziti qaytarıla bilməzsə, bu məsuliyyət dövlətin üzərinə düşməsin. Türkiyədə və digər ölkələrdə bütün kommersiya banklarına dövlət özü qarantiya verir. Çünki onları elə sistem əsasında qururlar ki, bank müflis olduğu zaman dövlət vətəndaşın hüquqlarını qoruyur, müdafiə edir. Valyuda dəyişmə məntəqələrindən deposiz istəməyə nə ehtiyac var? O zaman göyərti satana da deyək ki, depozit qoy?”

Bankların bu siyasəti davam etsə, 21 fevrala yenidən dönəcəyik

Deputat Əli Məsimli vurğulayıb ki, bu gün “qara bazar”da alış-satış banklardan daha yumşaqdır:

“Banklarda alış və satış məzənnələri arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır. Bankların bu siyasəti davam edəcəksə, 21 fevrala (21.02.2015-ci il – ilk devalvasiya) yenidən dönəcəyik. Valyutadəyişmə məntəqələri həmişəki davranışları ilə maliyyə sisteminə ciddi zərbə vurmasın deyə, iş aparılmalıdır. “Qara bazar” ölkənin imici ilə bağlı olan məsələdir. Elə mühit qurulmalıdır ki, “qara bazar” aradan qaldırılsın. Bunu tam aradan qaldırmaq mümkün deyil. Amma işlər xaotik “qara bazar”ın aradan qaldırılması istiqamətində aparılmalıdır. Məntəqələrdə işləyənlərin hamısı “qara bazar”a getdi. İndi onları geri qaytarmaq mümkün olacaqmı? “Qara bazar”da alış-satış daha yumşaqdır. Banklarda isə alış-satış arasında fərq daha kəskindir. Banklar əsas gəliri valyutadəyişmədən götürməyə çalışır”.

Deputat Zahid Oruc isə valyutadəyişmə məntəqələrinin gəlir və xərcləri ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına hesabat verilməsi ibarədə müddəanın əleyhinə çıxıb:

“Əgər valyutadəyişmə məntəqələri vergi orqanında qeydiyyata duracaqsa və Vergilər Nazirliyinə gəlir və xərclərlə bağlı məlumatlar veriləcəksə, Palataya bu məlumatlar niyə lazımdır? Təbii ki, statistikanın formalaşdırılması üçün Palataya valyuta alqı-satqısı ilə bağlı məlumatlar təqdim etmək olar. Amma gəlir və xərclərlə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasına niyə məlumat təqdim edilməlidir?”

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button