Dünya

Xersonda Rusiya işğalından qurtulmağın qiyməti – 54 dollar

Sakinlər üç həftə öncə azad edilən və indi cəbhə xəttinə yaxın Dudçanının tez-tez bombardman edildiyini, rusların bəzən kasset və fosfor bombaları atdığını deyirlər

Dnepr çayının qərb sahilində yerləşən Dudçanı yaşayış məntəqəsində hər bir neçə dəqiqədən bir artilleriya zərbələrinin səsləri eşidilir. Rusiya qoşunları irəliləyən Ukrayna ordusunun təzyiqi ilə oktyabrın əvvəllərində Xerson vilayətinin şimal hissəsindən, o cümlədən Dudçanının bir hissəsindən geri çəkilməli olub.

İndi isə Ukrayna qoşunları cənuba doğru irəliləməyə, strateji Xerson şəhərini işğaldan azad etməyə çalışırlar. Xerson şəhərinin azad edilməsi Rusiya Prezidenti Vladimir Putinin Ukrayna kampaniyasına ağır zərbə olacaq.

Bununla yanaşı, Rusiyanın işğalı altındakı kəndlərdə qalan mülki vətəndaşlar ağır reallıqla üz-üzədirlər. Sakinlər kəndlərinin anarxiyaya sürükləndiyini, rus əsgərlərinin evləri qarət etdiyini, insanları silahla hədələdiyini, daim araq içdiyini deyirlər. Onların sözlərinə görə, kəndin bir neçə sakini oğurlanıb və onların harada olduqları bilinmir. İki gənc “Yaşasın Ukrayna” dediyi üçün beş gün həbsdə saxlanılıb və Rusiya himnini oxumağa məcbur edilib.

Həmin sakinlər rus əsgərlərinin bu yaxınlarda kəndə gələrək özləri ilə tank və hərbi maşınlar gətirdiyini deyirlər.

Oleksandr adlı sakin rus əsgərlərinin son 10 gün ərzində Kaçkarivka kəndinin sakinlərini Krıma köçməyə məcbur etdiklərini deyir. Onun sözlərinə görə, bəzi sakinlər, o cümlədən işğalçıların təyin etdiyi kənd başçısı Krıma köçüblər. Kənd sakinləri həmin qadının onların pensiyalarını da özü ilə götürməsindən şübhələnirlər.

Oleksandr kəndi tərk edənlərin çoxunun rusların Xersonda keçirdiyi qondarma referendumda bölgənin Rusiyaya birləşməsinə səs verdiyini, Kaçkarivkada referendumun “silah lüləsi altında” keçdiyini deyir.

Rus işğalçı qüvvələri oktyabrın ortalarından bəri mülki vətəndaşları Dneprin qərb sahilindən köçürməyə çalışırlar. Rusiyanın təyin etdiyi ən yüksək rütbəli şəxs, Volodımır Saldo, oktyabrın sonlarında 70 min adamın şərq sahilinə köçürüldüyünü deyir.

Ruslar bu köçürmə kampaniyasını “humanitar” fəaliyyət kimi qələmə verməyə çalışırlar. Ancaq Ukrayna bunu zorakı deportasiya sayır, mülki vətəndaşlardan canlı qalxan kimi istifadə olduğunu deyir. Rusiya artıq heç bir əsas olmadan Ukraynanın “kirli bomba” ilə ətrafa radiasiya yayacağını və ya Dnepr çayı üzərindəki bəndi partladaraq yaxınlıqdakı kənd və şəhərləri suya qərq edəcəyini iddia edib.

Ancaq oktyabrın 30-da Kaçkarivkanı tərk edən 50-dən çox adam əks istiqamətdə hərəkət etmək qərarına gəlib. Onların mindiyi ağ minibus Ukraynanın nəzarətində olan Krıvoy Roq şəhərinə gəlib. Ukrayna əsgərləri onlara kömək edib.

“Ruslar bu qədər rüşvətxor olmasaydılar, bu mümkün olmayacaqdı”, – sakinlərin Dudçanıdan Krıvoy Roqa evakuasiyasını təşkil edən keçmiş əsgər və keçmiş qoruq direktoru Sergey Skorık deyir. Sakinlərdən bir neçəsi kəndi tərk edə bilmək üçün rus əsgərlərinə 2000 qrivna (54 dollar) ödədiyini söyləyir. Əvvəlcə maşını olan qonşular onları Dudçanının dağılmış körpüsünə gətirib, orada da onları ağ minibus gözləyirmiş.

Gözdən qaçırmayın:  Çində epidemiya səbəbiylə möhürlənmiş mənzildən düşdü! O, dəhşətli şəkildə öldü

Qaçanlardan biri Dudçanını başında açıq yara ilə tərk edib. Bir ukraynalı əsgər onun başına sarğı qoyub.

Skorık artıq apreldən bəri evakuasiyalar təşkil edir. O və Rusiyanın hücumundan öncə avtomexanik olan həmkəndlisi Eduard Laktyonov Xerson bölgəsinin sakinlərini dağılmış yollarla Rusiya işğalı altında olan ərazidən çıxarmağa, habelə humanitar yardım – ərzaq, dərman və təmizlik vasitələri paylamağa kömək ediblər.

Onların işinin təşkilatçılığını isə Xerson vilayət deputatı İhor Yosıpenkonun maliyyələşdirdiyi xeyriyyə qurumu edir. Yosıpenko rus hücumundan öncə Kaçkarivkada kənd təsərrüfatı şirkətinin sahibi idi. Yerli əhali ilə əlaqələri ona çox sayda mülki vətəndaşa kömək etmək imkanı verir.

Skorık və Laktyonov Dudçanıya gedərkən Ukrayna hərbi buraxılış postlarından keçiblər. Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) buradakı zabitləri onları salamlayıb. Onlar rəsmən hərbçi olmasalar da, kamuflyaj hərbi forma geyinirlər.

Sakinlər üç həftə öncə azad edilən və indi cəbhə xəttinə yaxın Dudçanının tez-tez bombardman edildiyini, rusların bəzən kasset və fosfor bombaları atdığını deyirlər.

Skorık və Laktyonov mülki şəxsləri evakuasiya etməkdən başqa Ukrayna qüvvələrinə rus hədəflərinin yeri haqda məlumat da ötürdüklərini deyirlər.

24 saat” “
Xersonda Rusiya işğalından qurtulmağın qiyməti – 54 dollar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button