2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Redaktorun seçimi

Yalanın qələbəsi [HEKAYƏ]

Uşaq vaxtı çox döyülmüşəm. Ya dərsə, ya da qardaşıma görə. Məktəbdə dörd alanda, yaxud da gündəliyimə beş yazılanda, amma müəllim atama yaxşı oxumadığımı, hörmətə “əla” qiymət verdiyini deyəndə yenə döyülürdüm.

Həftədə iki-üç dəfə döyülməliydim. Bu təkcə norma deyildi, artıq həyat tərzimə çevrilmişdi. Bəzən az döyüləndə allahın istirahətdə olduğunu düşünürdüm. Uşaq ağlımla hesab edirdim ki, bütün cəzalarda tanrının birbaşa rolu var.

Qardaşım məndə beş yaş kiçik idi. Ağlamağı yaxşı bacarırdı. Gözünün yaşı həmişə hazır idi. Bircə kipriklərini iki-üç dəfə qırpmaq yetərli idi ki, yaş yanaqlarından süzülüsün. Elə ürəklə ağlayırdı ki, adamı vahimə basırdı. Topladığım kibrit qutularının üz qabığını, ya da rəngli saqqız şəkillərini məndən istəyirdi. Günlərlə əzab-əziyyət içində yığıdığımı bircə dəqiqənin içində alırdı. Verməyəndə də ağlayırdı. Anam, atam günahı məndə görürdü. Deyirdilər ki, uşağı döymüsən. Canı ağrımasa elə ürəkdən ağlamaz. İnandıra bilmirdim ki, barmağımın ucuyla da ona toxunmamışam. Amma kimə deyirsən və kimə deyəsən?! Xeyri yox idi. Həyətin bir başında topladığı kağızları alınan, döyülən uşaq hıçqırtısı, o biri üzündə kipriklərini bir-birinə toqquşdurub ağlayan beş yaş kiçik uşağın səsi gəlirdi. Mən dayanırdım, o isə yox, hələ də davam edirdi. Evdəkiləri inandırmağa çalışırdı ki, ona dəyən “zərbələr” daha ağır olub.

Saytların yığılması Saytlarin yigilmasi

Mən sakit uşaq idim, qardaşım dəcəl. Mən söyüş söyməzdim, o isə ağzını açıb gözlərini yummağı kifayət edərdi ki, küçədən eşitdiklərini onu incidənlərin ünvanına söyləsin. Evdə bircə mənim söyüş söyməyimə inanmazdılar.

Yay idi, dəhşət isti idi. İt belə bayıra çıxmazdı, amma mənə oynamaq sevgisi o qədər güc gəlmişdi ki, istinin cırhacırında küçələrə düşüb kibrit qutuları toplayırdım. Zibilliklərdə eşələnib, bir axşamlıq bəs edəcək qədər yığıb evə qayıtdım. Qardaşım əlimdə kibrit qutularını görüb ona verməyimi istədi. İş-işdən keçmişdi, bildim ki, yox desəm ağlayacaq, səsə atam durub yenə məni döyəcək. Anidən ağzımdan söyüş çıxdı. Vəziyyətin qəlizləşdiyini görüb dayanmadım, hücuma keçdim, daha bir-iki söyüş söydüm. Kibrit qutularını da ona verməyib evdən qaçdım. Qardaşım həmin gün ağlamadı. Buna ehtiyac da yox idi. Əlinə daha yaxşı fakt düşmüşdü.

Məhəllə uşqlarıyla xeyli oynadım, şənləndim, uddum, uduzdum. Hava qaraldıqca, uşaqları valideynlər evə səslədikcə mənim də gözlərim tutqunlaşırdı. Evə getmək istəmirdim, amma qalmağa da yerim yoxuydu. Çarəsiz halda bir mərtəbəli, damında quşlar üçün yuva qurulan daxmamıza qayıtdım. Hamı süfrə başında idi. Bir az yubandım, onlar durandan sonra mən yeməyə başladım. Atamın üzündə hirs-hikkə yox idi. Anladım ki,qardaşım hələ heç nə deməyib. Gəlməyimi gözləyirmiş. Birdən mən gələnə qədər evdəkilərin yadından çıxar, döyməzlər.

Yeməyi təzəcə bitirmişdim, qardaşım ənənəvi işinə başladı. Onu söydüyümü dedi. Atam “nə söydü?” soruşdu. Qardaşım demədi, guya utanırdı. Sanki hər gün söyüş söyən adam bu deyilmiş. Atamın təkidindən sonra qardaşım dilimdən çıxan bütün söyüşləri bircə-bircə dedi. Mənim gücüm “yalan deyir, Allah haqqı, mən onu söyməmişəm” – kəlməsinə çatdı. Onsuz da tanrı məndən yana deyildi. Heç zaman tərəfimi tutmazdı. Ona görə də adına nə qədər olsa yalandan and içirdim. Atam mənə tərəf baxdı, sonra üzünü qardaşıma çevirib “bax, bunu yalan dedin” deyib anidən ona bir sillə vurdu. Qardaşım elə çığırdı ki, bizdə belə hallar tez-tez baş verməsəydi qonşular gələrdi. Kürəyimdən soyuq tər axır, üzüm isə gülürdü, bu mənim ilk qələbəm idi. Həmin gün döyülmədim.

Yəqin tanrı da başqa işlə məşğul idi, o da heç nəyə müdaxilə edə bilməmişdi.

Ramin DEKO

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Şərh

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button