2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Yavru vatan” hekayəsi: Uğursuz sui-qəsd, “qəssab”ın gəlişi, “Qaraoğlan”ın qərarı – III YAZI

Yadigar Sadıqlı

…1970-ci illərin əvvəllərindən Kiprdə vəziyyət yenidən pisləşməyə başladı. Amma bu dəfə gərginlik Kipr yunanları və türkləri arasında deyil, Afina ilə Nikosiya arasında artırdı. Kipr prezidenti Makariosun həyatı getdikcə daha çox təhlükə altına düşürdü.

Ölkənin Milli qvardiyası Makariosun nəzarətindən çıxmışdı, Sürix-London anlaşmasına görə, adada yerləşdirilən 950 nəfərlik Yunanıstan alayı (ELDYK) zatən Afinanın nəzarətində idi. Hələ 1960-cı illərin ortalarında Makarios özünə sadiq qüvvələr yaratmaq üçün cəhd göstərmiş, sosialist bloku ilə yaxınlaşaraq, Çexoslovakiyadan xeyli silah almışdı. Amma keçmiş EOKA şefi Georgias Qrivas bundan xəbər tutaraq, məsələni ictimailəşdirdi və Ankaranın tələbi ilə həmin silahlar adadakı BMT sülhməramlılarının anbarlarına yığıldı. 

1970-ci il martın 8-də Makariosa qarşı uğursuz qəsd oldu. Dörd il əvvəl baş verən böhrandan sonra Türkiyənin tələbi ilə adadan çıxarılan Qrivas 1971-ci ilin payızında qayıtdı və qarşısına Yunanıstanla birləşməyi (enozis) məqsəd qoymuş EOKA-B təşkilatını yaratdı.

Saytların yığılması Saytlarin yigilmasi

Kipr yunanlarının əksəriyyəti isə Makariosu dəstəkləyirdi. Hər halda, seçklərin rəsmi nəticələri belə göstərirdi. O, 1968-ci ildə keçirilən prezident seçkilərində  96,3% səs topladı. 1973-cü ildə seçkilər, ümumiyyətlə, keçirilmədi. Alternativ namizəd olmadığından Makarios növbəti 5 il müddətinə prezident elan olundu. Türk icması adanın idarəçiliyində iştirak etməsə də Konstitusiyaya uyğun olaraq, vitse-prezident seçdilər və 13 illik Fazıl Küçük dövründən sonra bu postu Rauf Denktaş tutdu.

Makariosu əvvəlcə dini yolla devirməyə çalışdılar və “kilsə çevrilişi” deyilən hadisələr baş verdi. Kipr pravoslav kilsəsinin üç mitropoliti Makariosa müraciət ünvanladılar. Onlar din xadiminin siyasi vəzifə tutmasını kilsə qaydalarına zidd olduğunu iddia edərək, prezidenti istefaya çağırdılar. Prezident bundan imtina etdikdə üçlük onu dini rütbədən məhrum etdi. Amma Makarios Böyük Sinodu topladı. Toplaşan patriarxlar Makariosun dini rütbəsini təsdiqlədilər və üç mitropolitin dini rütbəsini aldılar.

1967-ci ildən Yunanıstanda hakimiyyətdə olan hərbi xuntanın lideri Georgias Papadopulos 1973-cü ilin yayından etibarən tədricən demokratikləşmə kursunu elan etdi. Ölkədə monarxiya ləğv olundu, Papadopulos yeni respublikanın prezidenti oldu. 1974-cü ilin fevralına parlament seçkiləri təyin edildi. Amma seçkilərə 3 ay qalmış xunta daxilində çevriliş baş verdi və daha sərt xətt tərəfdarı olan Dimitrios İoannidis hakimiyyəti ələ keçirdi. Yanvarda isə Qrivas öldü və Afinadakı xunta EOKA-B üzərində bilavasitə nəzarətə yiyələndi. Bu hadisələr Kiprdə baş verənlər üçün prelüdiya oldu.

*** 

1974-cü il iyulun 15-də Afinadan gələn göstəriş əsasında Kipr Milli qvardiyası, ELDYK və EOKA-B üzvlərinin iştirakı ilə hərbi çevriliş baş verdi. Sui-qəsdçilər səhər tezdən prezident sarayını tutdular, amma Makarios üç mühafizəçisi ilə birlikdə arxa qapıdan çıxdı və Pafos şəhərinə qaçdı. Ertəsi günün ikinci yarısında onu buradan ingilislər götürdülər və özlərinin Akrotiri hərbi bazalarına, oradan da təyyarə ilə Maltaya apardılar. İyulun 17-ə keçən gecə devrilmiş prezident artıq Londonda idi.

Nikosiyada isə elə çevriliş günü Nikos Sampson prezident elan edildi və andiçməsi keçirildi. Bu ad Kipr türklərinə yaxşı bir şey vəd etmirdi. Sampson türklərə qarşı vəhşilikləri ilə tanınırdı. O, 1963-cü ilin Qanlı Milad günlərində Nikosiyanın Omorfita (Küçük Kaymaklı) məhəlləsində törətdiyi qətliama görə türklər tərəfindən “Küçük Kaymaklı qəssabı” kimi tanınırdı. Sampsonun prezident kimi ilk addımı Kipr Yunan Respublikasının yaranmasını elan etmək oldu.

Həmin dövrdə Kipr parlamentinin sədri olan Qlafkos Kleridis Sampsonun prezident elan olunmasına münasibətini sonralar Mehmet Ali Birandın “32. gün” verilişinə belə izah etdi: “İlk reaksiyam “daha pis birini tapa bilməzdilər” şəklində oldu. Bu, Türkiyəyə (müdaxilə üçün) dəvətnamə göndərmək kimi bir şey idi”. 

Çevrilişdən sonrakı günlərdə Kipr türkləri bir zərər görmədilər, çünki ada yunanları Makariosun və Sampsonun tərəfdarlarına bölünərək, bir-biriləri ilə vuruşurdular. Bununla belə, Rauf Denktaş türklərə yaşadıqları ərazilərdən çıxmamaq barədə göstəriş verdi. 

*** 

Həmin dövrdə Türkiyədə Cümhuriyyət Xalq Partiyası və Milli Selamet Partiyası koalisyon hökumətdə təmsil olunurdular, birincinin lideri Bülənd Ecevit baş nazir, ikincinin lideri Nəcməddin Ərbakan isə onun müavini idi. Kiprdə çevriliş xəbərini alan hökumət orduya dərhal desant əməliyyatına hazırlaşmağı tapşırdı və baş nazir iyulun 17-də İngiltərəyə uçdu.

Londonda baş nazir Harold Vilson və xarici işlər naziri Ceyms Kallahenlə görüşən Ecevit Kiprin Sürix-London razılaşması əsasında formalaşan konstitusion quruluşunun təminatçısı kimi adaya birlikdə müdaxilə etməyi təklif etdi. Onun fikrincə, britaniyalıların türklərlə birlikdə hərəkət etməsi ada yunanlarında öz təhlükəsizliklərinə arxayınlıq yaradardı. Ecevit birgə əməliyyat planını hazırlamaq üçün özü ilə xeyli hərbçi də gətirmişdi. Amma ingilislər müəyyən səbəblərdən bunu qəbul etmədilər.

Vaşinqton isə Türkiyəyə dərhal vasitəçi göndərdi. Bu dəfə müdaxiləni durdurmaq öhdəliyi dövlət katibi Henri Kissincerin müavini Cozef Siskonun üzərinə qoyulmuşdu. Amerikalı diplomat Ecevitlə ilk görüşünü hələ Londonda keçirdi, böhranı diplomatik yolla həll etmək üçün 2 gün vaxt istədi və Yunanıstana uçdu. İngilislərdən istədiyi cavabı ala bilməyən Ecevit də iyulun 18-də gecə Ankaraya qayıtdı və dərhal Baş qərargaha gedərək, müdaxilə hazırlığının hansı mərhələdə olması ilə maraqlandı.

Baş qərargahın hazırladığı “Atilla hərəkatı” adlı plana əsasən Türkiyə ordusu iyulun 20-də səhər tezdən üç yöndən adaya müdaxilə edəcəkdi. Desant gəmiləri ilə Kipr sahilinə piyada qüvvələr, artilleriya və tanklar çıxarılacaqdı. Adanın nisbətən daha içərilərinə helikopterlərlə xüsusi təyinatlılar çıxarılacaq, paytaxt Nikosiya ətrafına da təyyarələrlə paraşütçülər atılacaqdı. Yunan hərbçilərinin mövqeləri gəmilərdən və təyyarələrdən atəşə tutulacaqdı.

Yunanıstanın mümkün cavabının qarşısını almaq üçün Türkiyənin Avropa hissəsində yerləşən 2-ci və 5-ci kolordular Yunanıstan sərhədinə doğru hərəkət edəcək, Qərbi Anadoluda yerləşən Ege ordusu da döyüşə hazır vəziyyətə gətiriləcəkdi. 

*** 

Cozef Sisko isə Afinada hərbi xuntanın lideri Dimitrios İoannidislə görüşərək, Türkiyənin müdaxilədə qərarlı olduğunu və bunun üçün xeyli hüquqi əsasların mövcudluğunu söyləyərək, Makariosun geri qaytarılmasını tələb edir. Amma İoannidis çevrilişin Kiprin daxili işi olması, ada türklərini heç nəyin təhdid etməməsi kimi ümumi ifadələr səsləndirirdi. Yunanlar, çox güman ki, müdaxiləyə inanmırdılar. Afinada bir şey əldə edə bilməyən Sisko Türkiyə hökumətini dilə tutmaq üçün Ankaraya gəldi.

Ecevit və Sisko arasında ikinci görüş iyulun 20-ə keçən gecə baş tutdu. Baş nazir amerikalı diplomatın arqumentlərinə 10 il əvvəlki dövrü, Türkiyənin Amerikanın israrı (hətta hədəsi) nəticəsində müdaxilə etmədiyini xatırlatdı və “ortaya çıxan nəticələr nə Kipr türkləri və yunanları, nə də Türkiyə və Yunanıstan üçün hüzur verən nəticələr deyil, buna görə də daha sizi dinləməyəcəyik” söylədi. Siskonun “nə zaman başlamaq niyyətindəsiniz?” sualına Ecevit saatına baxaraq “artıq başlamış olmalıdır” cavabını verdi. 

Həmin anlarda Türkiyə donanmasının bir hissəsi Kiprə doğru irəliləyirdi. Qrup 31 desant gəmisi, 5 destroyer, 5 kater və 4 sualtı qayıqdan ibarət idi. Gəmilərdə 3500 hərbçi, 12 haubitsa, 15 tank və 20 zirehli transportyor vardı… 

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button