Loading...
Loading...
Xəbərlər

Yerevanda yenidən Qarabağ müzakirəsi

Ermənistan xarici işlər nazirliyinin yaydığı məlumatda bildirilir ki, Mirzoyanla Rikerin görüşündə “Dağlıq Qarabağ problemi ilə bağlı geniş spektrli məsələlər” müzakirə edilib

Sentyabrın 9-da ATƏT-in Minsk qrupuna yeni təyin olunmuş həmsədri və Qafqazda danışıqlar üzrə baş məsləhətçi Filip Riker Ermənistanda olub.

AzadlıqRadiosunun erməni xidməti -Azatutyun xarici işlər nazirliyinə istinadla yazır ki, Amerikalı diplomatla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın görüşündə “Dağlıq Qarabağ problemi ilə bağlı geniş spektrli məsələlər” müzakirə edilib.

“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın rolu vurğulanıb. Mirzoyan Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli və davamlı həlli kontekstində ATƏT-in Minsk Qrupu İnstitutunun potensialından və təcrübəsindən istifadənin vacibliyini də vurğulayıb.”

Azatutyun-nun xəbərinə görə, Ermənistan xarici işlər nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, görüşdə nazir “44 günlük müharibə nəticəsində yaranmış humanitar problemlər mövzusuna, erməni hərbi əsirlərin və digər məhbusların dərhal öz vətənlərinə qaytarılmasına və həmçinin “müharibədən sonra Azərbaycanın nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini irsinin qorunması” ilə bağlı məsələlərə toxunub”.

Məlumatda həmçinin vurğulanır ki, Riker və Mirzoyan regional təhlükəsizlik və sabitliklə bağlı bir sıra məsələləri müzakirə ediblər, həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsinə dair fikir mübadiləsi aparıblar.

Filip Riker sentyabrın 8-də İrəvana gəlib. Regional səfər çərçivəsində o, Gürcüstan və Azərbaycana da səfər edəcək.

ABŞ Dövlət katibi Entoni Blinken iki həftə öncə Filip Rikeri ATƏT-in Minsk qrupuna həmsədr və Qafqazda danışıqlar üzrə baş məsləhətçi təyin edib.

2020-ci ildə 44 günlük müharibəylə Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixdə qaldığını bildirir. Rəsmi Bakı Rikerin Minsk qrupu həmsədri kimi təyinatına sərt reaksiya verib.

ATƏT-in Minsk qrupu 30 ilə yaxın sülh danışıqlarına vasitəçilik edib. Ancaq müharibə bitəndən sonra Prezident İlham Əliyev bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin artıq mövcud olmadığını, ATƏT-in Minsk qrupu həmsədrlərinin işinin bitdiyini bildirib.

ABŞ-ın yüksək rütbəli rəsmiləri isə Minsk qrupunun həmsədrliyinə dəstək bildiriblər.

AzadliqRadiosu

Gözdən qaçırmayın:  Nazir Rusiyadan gələn xüsusi nümayəndəni qəbul edib

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button