Yevlaxda məcburi köçkünləri kim dondurur?
Yevlaxda məcburi köçkünlər üçün inşa edilən qəsəbənin sakinləri az24saat.org-a müraciət edib. Onların şikayəti istilik sisteminin işləməməsi ilə bağlıdır. Məcburi köçkünlər deyir ki, 615 ailənin yaşadığı qəsəbə üçün ayrıca qazanxana tikilib. İlk illərdə qazanxana normal fəaiyyət göstərib. Lakin qazanxana “Azərictiliktəchizat”ın Yevlaxdakı idarəsinin tabeliyinə veriləndən sonra mənzillər soyumağa başlayıb.
Məcburi köçkünlər deyir ki, hazırda mənzillərdə yaşamaq sadəcə mümkün deyil. “İstiliyin verilməməsini boruların deşilməsi ilə izah edirlər. Başa düşmürük, məgər boruları biz təmir etməliyik? Biz məcburi köçkünük. Torpaqlarımızı, evlərimizi itirmişik. Min bir əzab-əziyyət görmüşük. İndi dövlət bizi mənzillə təmin edib. Mənzillərin isidilməsi üçün qazanxana da tikib. İndi hansısa problem yaranıbsa, bunu müvafiq qurumlar aradan qaldırmalıdır”,- deyə köçkünlər bildirib.
Onların sözlərinə görə, Qaçqınlar və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsi hər ay Yevlaxdakı “istilik idarəsi”nə 18 min manat vəsait ödəyir. “Bu vəsait ödənirsə, biz niyə soyuqdan donmalıyıq?”,- deyə köçkünlər sual edir.
Köçkünlər bildirir ki, əvvəllər hər ailəyə 40 litr ağ neft veriblər. Amma yeni mənzillərə köçəndən sonra neft verilməsini dayandırıblar. Bildiriblər ki, qazanxana olduğuna görə neftə ehtiyac yoxdur: “İndi neft də yoxdur, istilik də. Qazanxanın da qapısını da bağlayıblar. Sanki kimlərsə məcburi köşkünləri ayağa qaldırıb ara qarışdırmaq istəyirlər. Sizin vasitənizlə Prezident İlham Əliyevə müraciət edirik ki, bu məsələni diqqətdə saxlasın”.