SEÇMƏ

Zahid Oruc: “İran ordusu Ermənistanın paytaxtını tutmağa çalışır”

Yayımlandı: 21 Oktyabr 2022 14:06

Deputatlar İranı, ATƏT-i tənqid atəşinə tutdu

“Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır, Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb, NATO qüvvələrini sərhəddə yerləşdirməkdir. Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb”.

Bu açıqlamanı Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin 20 oktyabr iclasında səsləndirib.

Zahid Oruc hesab edir ki, Avropa Birliyinin mülki missiyası İranın yanlış siyasətinə görə regiona gəlib:

“Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın ərazi bütövlüyünü qoruyanda bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək”.

Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub. Belə bir vaxtda Ərdoğanın birbaşa Zəngilana, Cəbrayıla gəlməsi, ən yüksək protokolla Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu”,-Zahid Oruc belə deyib.

Zahid Oruc, Foto: Modern.az

Deputat iddia edir ki, İran ordusu “Zəngəzur dəhlizi”nin deyil, “Araz dəhlizi”nin açılması təhlükəsini qabaqlamaq üçün Ermənistanın paytaxtını tutmağa çalışır:

“Bizim İranla dövlətlərarası sərhədlər müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhədə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər. Beləliklə, hadisələr düz yüz il əvvəlki ssenari üzrə gedir, tarix təkrarlanır. Bir əsr qabaq da Osmanlıdan üz döndərən erməni liderləri əvvəlcə rus çarına sığındılar. Daha sonra I Dünya savaşında məğlub olan Rusiya imperiyasının xeyirxahlığını və yardımını unudub Vudro Vilsondan himayə, arbitraj qərarı və ordu istədilər. O vaxt da indiki kimi amerikalı general Harbord köməyə gəldi, lakin Ermənistana ərazini və dövləti bolşeviklər verdi. Ona görə də Paşinyan 1-ci Erməni Respublikasının baş naziri Amazasp Ohancanyanın yolunu gedir. Rusiyanın indiki müharibədə aqibətini gözləmədən, Lenin-Atatürk razılaşmasını qınayan xalqı ilə birlikdə 30 ildir onu qoruyan hərbi bloku tərk edir, “5000 rus əsgərini çıxar, biz ordu göndərək” deyən dövlətlərə sığınır. Halbuki Ermənistana ən yaxşı təhlükəsizlik təminatını AzərbaycanTürkiyə verə bilər”.

Zahid Orucun sözlərinə görə, əgər Ermənistan avantüraya gedib sülh müqaviləsini imzalamasa, özü boyda dəhlizə çevriləcək.

Siyavuş Novruzov: “İranın artistliyinin heç bir yeri yoxdur!”

YAP-çı deputat Siyavuş Novruzov İranın hərbi təlimlərinə etiraz edib.

“İrana yer qəhətdir ki, gəlib 5 metrlik Araz sahilində təlimlər keçirir? İranın o boyda ərazisi var. Get Kiş adasında keçir, Hind okeanının sahillərində keçir! Arazın kənarında belə təlimlərin keçirilməsinə nə ehtiyac var?!”,-deyə Novruzov ittihamdolu suallar səsləndirib.

Gözdən qaçırmayın:  “Siyasi partiyalar haqqında” Qanun layihəsindəki buxovlar
Siyavuş Novruzov
Foto: arxiv

Hakim partiya üzvü hesab edir ki, Araz çayını velosipedlə də keçmək olar:

“Orada körpü salıb tank keçirməyin nümayiş etdirilməsinin heç bir əsası yoxdur. Bu artistliyin heç bir yeri yoxdur! Bununla da heç kimə hədə-qorxu gəlmək mümkün deyil. Adlarını İslam ordusu, Mehdi ordusu qoyublarsa, Azərbaycan torpaqlarında işğal zamanı qəbirlər, məscidlər təhqir olunanda bu İslam ordusu niyə hərəkət keçmirdi? Əgər Mehdinin adından istifadə edirsə, o zaman Mehdi gələrsə, gərək birinci İrandan başlasın. Biz həm İslama sadiqik, həm dünyanın ən yaxşı dini forması Azərbaycandadır və biz bu yola davam edirik”.

Azay Quliyev ATƏT-i partizanlıqda qınadı

Deputat Azay Quliyev isə ATƏT-in hazırkı sədrliyinin və Beynəlxalq Katibliyinin “ATƏT-in ehtiyacların qiymətləndirilməsi missiyası” adlandırılan qrupun Ermənistana göndərilməsi haqqında qərarını ciddi səhv və qanunsuzluq adlandırıb.

Azay Quliyev deyir ki, ATƏT-də bütün qərarlar konsensusla qəbul olunur:

Azay Quliyev
Foto: Meydan TV

“Belə bir missiyanı müzakirə və kollektiv qərar qəbul etmədən göndərmək, ATƏT-in təməl prinsiplərinin kobud şəkildə pozulması deməkdir. Belə çıxır ki, ATƏT mövcud qaydalara zidd olaraq və gizli şəkildə qərar qəbul edib, üzv ölkələrin ödədiyi büdcə hesabına bu “missiyanı” maliyyələşdirməyi planlaşdırır. Minsk Qrupunun iflasa uğramasından sonra ATƏT-in belə bir “partizanlığa” əl atması acı təəssüf hissi doğurur və təşkilatın bir neçə dövlətin maraqları naminə istismar edildiyini göstərir”.

Deputat əmindir ki, bu “qanunsuz missiyanın” hər hansı bir nəticəsi və ya hesabatı təkcə Azərbaycan tərəfindən deyil, bir çox ölkə tərəfindən də ATƏT sənədi kimi qəbul edilməyəcək.

Meydan TV

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button