2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Əli Kərimli: “İqtidar siyasi rəqiblərinə qarşı qaydasız döyüş üsullarından istifadə edir”

ali kerimli3

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli müsahibəsində iqtidarın müxalifətə qarşı münasibətindən, internet və telefon əlaqələrinin kəsilməsinin səbəblərindən danışıb.

–  Sosial şəbəkələrdə sizin internet şəbəkənizin və telefonlarınızın kəsilməsi ilə bağlı məlumatlar yayılıb. Bu nə qədər həqiqətə uyğundur?

Saytların yığılması Saytlarin yigilmasi

– Doğrudur. Dünən axşam Sevinc Osmanqızı ilə, onun yotube-dəki internet televiziya kanalında canlı yayımda müsahibəm olmalı idi. Sevinc xanın bunu öz televiziya kanalında anons etmişdi. Müsahibə saat 22.30-da nəzərdə tutulurdu. Haradasa, saat 23-ə 10-15 dəqiqə işləmiş eyni vaxtda mənzilimdə olan telefonlar, internet keçdi. Hətta telefon əlaqələri də kəsildi. Mənim bütün gecə xaric ilə heç bir əlaqəm olmadı. Nə telefon üzərindən, nə də internet üzərində əlaqə saxlaya bilmədim. Yalnız səhər tezdən (aprelin 14-də) haradasa saat 10-da həm internet, həm də telefon əlaqəsi bərpa olunub.

Necə qiymətləndirirsiniz? Bununla bağlı şikayət vermək fikrindəsinizmi?

Əvvəla, bu barədə ətraflı yazı yazacam. Bu birinci dəfə deyil. Mənə yaxın çevrələr, dostlar bilir ki, birinci dəfə deyil, həlledici, müəyyən ekstremal vəziyyətlərdə bir neçə dəfə mənim bütün rabitə əlaqələrimi kəsiblər. Həm telefon, həm interent əlaqələrimi əvvəllər də kəsiblər. İndi də, növbəti dəfə yəqin ki, mənim canlı yayımda müsahibəmə mane olmaq üçün bunu etdilər. Çünki, yalnız aprelin 14-də səhər tezdən telefon və internetin açılması bunu göstərir. Hər halda, bunu daimi etmək fikirləri yoxdur. Axşamkı müsahibəyə mane olmaq üçün bunu ediblər. Hökumət rəqabətə hazır deyil. İctimai rəydə uduzduğunu bilir. Xalq çox narazıdır. Xalq müxalifəti eşitməkdə maraqlıdır. Hökumətin intellektual rəqabət imkanı olmadığına görə mənim xalqla əlaqələrimi bu şəkildə qırmaq istəyir. Mən artıq 15 ildir ki, pasportsuzam, ölkəni tərk edə bilmirəm. Artıq 7 ildir ki, ofisimiz yoxdur. Rayonlarda tədbirlər, mitinqlər keçirmək imkanları da əlimizdən alınıb. İndi, karantin dövründə ümumiyyətlə evdən kənara çıxmıram. Amma, indi artıq telefon və internet üzərindən əlaqəmi də təhlükəli hesab edib, axşam onu da kəsdilər. Əlbəttə, bu, siyasi rəqabət deyil. Bu, həddindən artıq yaramaz üsullardır. İlk növbədə Azərbaycan hakimiyyəti özünü gözdən salır ki, heç cür siyasi rəqabətə hazır deyil. İctimai rəy uğrunda mübarizəni uduzublar və ona görə də siyasi rəqiblərinə qarşı (hərçənd ki, onlar düşmən hesab edir) qaydasız döyüş üsullarından istifadə edirlər. Yəni, siyasətin bir qaydası olmalıdır. Amma, bunlar bütün qaydaları pozurlar.

Mən, düzü heç bilmirəm kimə şikayət edim. Kimdən kimə şikayət edim. 15 ildir ki, mənə pasport verməyən, bütün müavinlərimi, müşavirlərimi, sürücümü, mühafizəçimi, köməkçimi, qaynımı, əmim oğlunu həbs eləmiş hakimiyyətdən internetdən azad istifadə etmək imkanımı təmin edəcəyini necə gözləyim. Hər halda hüquqşünas dostlarla məsləhətləşəcəm, Avropa İnsan Hüquqları Məhkəməsi perspektivi varsa Azərbaycan hökumətinin daha bir rüsvayçı hərəkətini ifşa etmək məqsədi ilə şikayət verə bilərəm. Bunu hüquqşünaslarla məsləhətləşəcəm, hüquqi perspektivi varsa edəcəm.

Azərbaycan Xalq Cəbhəsi Partiyası karantin dövründə kütləvi tədbirlər keçirməyəcəyi ilə bağlı bəyanat yayıb. Belə olan bir təqdirdə AXCP-nin bir sıra üzvlərinin, fəallarının həbsi ilə bağlı məlumatlar yayılmaqdadır. Münasibətiniz necədir?

Həqiqətən də biz karantin dövründə nəinki hər hansı tədbir və aksiya keçirməyi, ümumiyyətlə bütün toplantıları dayandırmışıq. Bunu hökumətdən xeyli əvvəl etmişik. Biz o zaman hökumətə müraciət etmişdik ki, insanların toplantılarını dayandırmaq və özünütəcrid kampaniyasına başlamaq lazımdır. Yəni, biz, hökumətdən əvvəl elan etmişik və bütün partiya tədbirlərini dayandırmışıq. Sonra da açıqlamamız olub ki, karantin dövründə heç bir tədbirdən, o cümlədən etiraz aksiyasından söhbət gedə bilməz. Amma, heç bir əsas olmadan, xüsusilə mənə yaxın olan Xalq Cəbhəsi Partiyası funksionerlərini şərləyib həbs ediblər. Köməkçim, Azadlıq qəzetinin maliyyə direktoru Faiq Əmirli həyət evində yaşayır. O zibil atarkən mülki geyimli şəxslər tərəfindən həbs edilib. Deməli, orada keşik çəkirlərmiş ki, bu nəyə görəsə evindən çıxsın, həbs etsinlər. Mühafizəçim Ruslan Əmirov azyaşlı övladını həkimə apararkən övladı ilə bir yerdə həbs olunub. Onun azyaşlı uşağını da bölməyə aparıblar. Uşaq orada qorxub, ağlayıb, bax bu dərəcədə… Xalq Cəbhəsi Ali Məclisinin üzvü Nicat Abdullazadə İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə, karantin qaydalarını pozmaq adı ilə məhkəməyə aparılıb. Məhkəmədə məlum olub ki, o sms vasitəsi icazə alıb mağazaya gedibmiş və telefonunda da bu razılıq var. Ona görə, ittihamı dəyişib polisə müqavimət ediblər və tutulan AXCP-cilərin hər birinə 30 sutka həbs veriblər. Ona görə ətraflı danışdım ki, heç bir səbəb olmayıb, sadəcə fürsətdən istifadə edib maksimum çox sayda Xalq Cəbhəsi funksionerlərini həbs etmək istəyirlər. Ondan əvvəl Tofiq Yaqublu tam bir uydurma işlə həbs olunub. Aqil Hümbətova qarşı ümumiyyətlə çox yaramaz bir işdir, o ruhi dispanserə yerləşdirilib. Bir çox vətəndaş cəmiyyəti fəalları, jurnalistlər, Müsəlman Birliyi Hərəkatının və ADR Hərəkatının hər birinin iki üzvü də saxlanılıb. Bunun hamısı İlham Əliyevin 19 martda anons etdiyi müxalifəti təcrid etmə əməliyyatının tərkib hissəsidir. Yəni, bu siyasət birbaşa İlham Əliyevin göstərişi ilə həyata keçirilir. Dünya mətbuatının da yazdığı kimi Azərbaycan hakimiyyəti koronavirusla mübarizə adı altında, əslində vəziyyətdən sui-istifadə edib real müxalifəti zəiflətmək, təcrid etmək, sarsıtmaq siyasəti aparır. Bu məqsədyönlü repressiyadır.

Beynəlxalq ictimaiyyətə, Azərbaycan hökumətinə sözünüz varmı?

Beynəlxalq ictimaiyyətə demək istəyirəm ki, baş verənlərə adekvat münasibət olmalıdır. Dünya KİV-lərindən şikayət edə bilmərik. Xeyli dərəcədə obyektiv yazılar yazılır. Bəlkə də, indiyədək onadək yazılar yazılıb. Amma, beynəlxalq təşkilatlar da Azərbaycan hakimiyyətindən üzərinə könüllü götürdüyü insan haqlarına hörmət etməli öhdəliynin yerinə yetirilməsini tələb etməlidir. Bunu çox da birmənalı şəkildə müşahidə edə bilmirik. Azərbaycan hakimiyyətinə demək istəyirəm ki, indi etdikləri siyasi cəhətdən zərərli və heç bir perspektivi olmayan çabalamalardır. Əslində, bu şəkildə, məntiqdən kənar, qeyri-adekvat üsullarla müxalifətə vurulan zərbələr bataqlıqda çırpınan adamın özünü batırması kimidir. Azərbaycan iqtidarını Azərbaycan xalqının gözündən daha da salır. Azərbaycan xalqı ilə onsuz da zəif olan kommunikasiyasını daha da qırır. Azərbaycan xalqında ölkədə demokatik və köklü dəyişikliklərin zərurəti qənatəini daha da möhkəmlədirir. Azərbaycan hakimiyyəti bilməlidir ki, ölkənin də taleyi, ölkədə demokratiyanın da taleyi ayrı-ayrı fərdlərdən, o cümlədən konkret indiki halda vaxtaşırı internetini, telefon əlaqələrini kəsdikləri Əli Kərimlidən və yaxud da başqa bir fərddən asılı deyil. Ölkədə o qədər böyük bir narazılıq toplanıb ki, idarəetmə o qədər səriştəsiz və anti-insanidir ki, Azərbaycan hakimiyyətinin bu siyasətini davam etdirəcəyi təqdirdə hansısa liderin olub-olmamasından asılı olmayaraq Azərbaycan xalqı bu siyasətə etiraz etməyin yolunu tapar. Ona görə də ayrı-ayrı adamları hədəf götürüb sıradan çıxarmaq, şərləyib həbs etmək, internet, telefon əlaqələrini kəsmək çarə deyil. Çarə Azərbaycanın problemlərini ört-basdır etmədən görmək və onların həllinə nail olmaq, ölkədəki siyasi münasibətləri sivil, qanuni, hüquqi müstəviyə qaytarmaqdan keçir. Əks təqdirdə bu siyasət, – çox təəssüf, heç istəmirəm mən bunu, – Azərbaycanı sosial partlayışa doğru aparır.

Amerikanın səsi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button